Füzuli Fərəcov — Vikipediya

Füzuli Fərəcov
Füzuli Ataş oğlu Fərəcov
Doğum tarixi 15 avqust 1958(1958-08-15) (65 yaş)
Doğum yeri
Fəaliyyəti "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru

Füzuli Fərəcov (azərb. Fərəcov Füzuli Ataş oğlu; rus. Фараджев Физули Аташ оглы; 15 avqust 1958, Ağsu rayonu) — Texnika elmləri namizədi. "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru. Buranın füzelyajının yığımının iştirakçısı. İctimai Elmlər Akademiyasının həqiqi üzvü.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub. Məktəbi bitirəndən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verən F. Fərəcovu rus dilini bilmədiyinə görə universitetə qəbul etməyiblər. Buna baxmayaraq, o, ruhdan düşməyib, Bakıya qayıdaraq peşə məktəbinə daxil olub, üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisasına yiyələnib. 1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə digər istedadlı azərbaycanlılar sırasında F. Fərəcov Moskvaya oxumağa göndərilib və imtahanlardan uğurla çıxaraq Moskva Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinə daxil olub. Müsabiqə böyük olub – 3 yerə 65 namizəd. Amma F. Fərəcov bütün sınaqlardan uğurla keçib və müasir qırıcı təyyarələrin layihələndirilməsinin və istehsalının sirlərini öyrənməyə başlayıb. Paralel olaraq o, Moskva İdarəetmə İnstitutunu da bitirib. İki diploma yiyələnən F. Fərəcov Bakıya gəlib, amma burada öz ixtisası üzrə iş tapa bilmədiyindən 1982-ci ildə Moskvaya qayıdıb və Tuşino Maşınqayırma Zavodunda (TMZ) sahə ustası kimi işə düzəlib. Tezliklə F. Fərəcov yığma sexi rəisinin müavini, sonra isə rəisi təyin edilib. Onun işi ciddi surətdə məxfiləşdirilmişdi, heç kim, hətta ailə üzvlərinin də bundan xəbəri olmamışdı, adı-soyadı gizli saxlanılırdı, çünki "Buran" çoxistifadəli kosmik gəmisinin füzelyajının yığımı məhz F. Fərəcovun sahəsində həyata keçirilirdi. Bir müddət sonra F. Fərəcov yığma-qaynaq sexinə keçirilir. Burada ona "Buran"ın hermokabinəsinin – tam hermetikliyi təmin edərək, bütün idarəetmə sistemlərini qoruyan və aparatla insanın əlaqəsini yaradan kosmik gəminin əsas hissəsinin istehsalı etibar edilib. "Buran"ın üzərinə şəxsən istiliyə davamlı plitələri F. Fərəcov quraşdırıb. Bu, ən yüksək keyfiyyətli iş idi. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməsi F. Fərəcova aerokosmik sənayenin bir çox mütəxəssisləri ilə birlikdə qısa müddət ərzində çoxistifadəli kosmik gəmi yaratmağa imkan verib və bu gəmi Amerikanın "Speys Şattl" layihəsindən geri qalmayıb. Əksinə, bir çox aerokosmik xarakteristikalarda "Buran" "Şattl"dan üstün olub. "Buran" üzərində işləyərkən termomüdafiə plitələrindən tutmuş, plastmasa qədər 180 yeni material yaradılıb. 1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxarılıb. "Buran"ın Yer kürəsi ətrafında dövrə vurması və "Baykonur" kosmodromunda enməsi təxminən saat yarımdan çox vaxt aparıb. Güclü raket daşıyıcısı "Energiya" ilə o, məhz "Baykonur"dan start götürüb. Həm də "Şattl"dan fərqli olaraq, "Buran" uçuşu pilotsuz, göyərtə avtomatikasının kompyuterinə quraşdırılan proqrama uyğun olaraq avtomatik rejimdə həyata keçirib. "Buran" heç bir ciddi zədə almadan yerə enib. Yalnız atmosferin qalın qatlarına daxil olduqda korpusun qoruyucu örtüyünü təşkil edən istiliyə davamlı on minlərlə plitənin cəmi bir neçəsi qopub. Plitələrin unikal texnologiyası ondan ibarət idi ki, onlar +1000 °C temperatura davam gətirirdi, eyni zamanda onlara hətta əllə toxunmaq olardı. Bu texnologiya sayəsində "Buran"ın korpusu atmosferin sıx qatlarına girərkən yanmırdı. Pilotlu Kosmik Raketlərin Uçuşu üzrə Dövlət Komissiyasının sədri K. Kərimov F. Fərəcovun sovet kosmonavtikasının inkişafına töhfəsini belə qiymətləndirib: "Füzuli Fərəcov özünü XXI əsrin uçuş aparatlarının hazırlanması və istehsalına həsr edib. O, qarşısına məqsəd qoyub: təyyarələri təkcə atmosferdə yox, həm də kosmik məkanda uçmağa məcbur etmək".

O, Moskva "Azərbaycan" Cəmiyyətinin idarə heyətinin üzvüdür, eləcə də Məhəmməd Əmin Rəsulzadə adına Məclisə rəhbərlik edir. 1992-ci ildə Tallinndə Azərbaycanlılar Assosiasiyasının birinci iclasında, 1998-ci ildə Vaşinqtonda Dünya Azərbaycanlılarının II konqresində iştirak edib və orada DAK-ın Rusiyadakı Azərbaycan diasporunu təmsil edib. 2004-cü ildə DAK-ın Kölndə, 2005-ci ildə Stokholmda keçirilən forumlarına qatılıb.

Mükafat və təltifləri[redaktə | mənbəni redaktə et]

  • "Texno-Svar TMZ"nin baş direktoru Moskva Sahibkarlar Assosiasiyasının təşkil etdiyi "Yaxşıların yaxşısı" müsabiqəsi çərçivəsində "2003-cü ilin ən yaxşı sahibkarı" nominasiyasına layiq görülüb.
  • 2003-cü ildə Rusiya Federasiyasının Kosmonavtika Federasiyası F. Fərəcovu "K. E. Tsiolkovski" fəxri medalı ilə təltif edib.
  • 2010-cu il iyunun 11-də İctimai Mükafatlar Milli Komissiyanın qərarı ilə İctimai Elmlər Akademiyasının həqiqi üzvü F. Fərəcova Moskvada, Şöhrət meydanında sağ ikən büst ucaltmaq qərara alınıb. Onun "Buran" kosmik gəmisinin yaradılmasına töhfəsi belə yüksək qiymətləndirilib. Bu mükafata – sağ ikən büstünün ucaldılmasına yalnız bir neçə nəfər layiq görülüb.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fərəcov, Füzuli. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]