Elşən Mansurov — Vikipediya

Elşən Mansurov
Elşən Məmməd oğlu Mansurov
Digər adı Elşən Mənsurov
Doğum tarixi (61 yaş)
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2020 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020).

Həyatı[redaktə | mənbəni redaktə et]

Elşən Mansurov 30 dekabr 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonundandır.Konservatoriyada təhsil alıb (1985–1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşayiət edib (1989–1997).

E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur.

1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur.

Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir. 2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində "Expo −2000"-də çıxış etmişdir.

2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004–2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.

2006-cı ildən "Əbədi muğam" layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülmüşdür. 30 dekabr 2020-ci ildə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]