Dəniz cərəyanı — Vikipediya

Dünya okeanında dəniz cərəyanları
1943-cü il dəniz cərəyanları xəritəsi

Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur.

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər.

Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir. Dəniz cərəyanlarını əmələ gətirən ilkin qüvvələr, hərəkətə gəldikdən sonra təsirini göstərən qüvvələr isə ikinci dərəcəli qüvvələr adlanır. İkinci dərəcəli qüvvələrə Koriolis qüvvəsi, dib və sahilə sürtünmə qüvvəsi, daxili sürtünmə qüvvəsi və mərkəzdənqaçma qüvvəsi daxildir. Bu qüvvələr bilavasitə cərəyanlar yaratmır, ancaq istiqamətini və formasını dəyişir (deformasiyaya uğradır) və ilkin qüvvələrin təsirinə çatdırır. Cərəyanlar, onları yaradan qüvvələrin təsir dərəcəsinə görə dörd qrupa bölünürlər: fraksion (külək və dreyf), qradient-qravitasion; qabarma; ətalətli;

Müvəqqəti və qısamüddətli küləklərin yaratdığı axınlar, külək axınları, uzun müddətli və ya hakim küləklərin yaratdığı isə dreyf axınları adlanır. Okeanın müxtəlif sahələrində atmosfer təzyiqi ciddi fərqləndikdə yaranan axınlara qradiyent axınları adlanır. Qabarma əmələ gətirən qüvvənin üfüqi istiqamətində təsiri qabarma axınını yaradır. Ətalət axınları suyun sıxılmazlıq xassəsi nəticəsində küləyin və ya başqa axınların təsirindən okeanın bir hissəsində azalmış suyun yerinə dolmağa başlaması ilə yaranır.

Dayanıqlığına görə cərəyanlar daimi, dövri və müvəqqəyi cərəyanlara bölünür. Daimi cərəyanlar uzun müddət orta sürətini və istiqamətini saxlayan cərəyanlardır. Məsələn, Qolfstrim, Labrador, Passat, Kurosio və s.dövrü cərəyanlarnın ünsürləri müvafiq dövrlə dəyişir. Müvəqqəti axınlar isə şiddətli külək əsdikdə, atmosfer təzyiqi bəzən ciddi dəyişdikdə, güclü yağıntı düşdükdə əmələ gəlir və yerli xarakter daşıyır. Yerləşməsinə görə cərəyanlar səth, dərinlik, dibyanı, sahilyanı və açıq dəniz cərəyanlarına ayrılır. Cərəyanlar fiziki-kimyəvi xassələrinə görə isti, soyuq, şirintəhər, duzlutəhər, neytral olur. Okean cərəyanlarının sürəti və hərəkətdə olan suyun həcmi müxtəlifdir.

Qolfstrim cərəyanı ən böyük sürətlə hərəkət edir, onun maksimal sürəti 3 m/s, eni 125–175 km, dərinliyi isə 1500 m-dir. Bu maraqlı cərəyan haqqında məşhur Amerika okeanoqrafı Fonteyn Mori demişdir: "Okeanda çay axır. O, ən şiddətli quraqlıqda qurumur və ən güclü daşqınlar zamanı aşıb-daşmır. Onun sahilləri və dibi soyuq sudan ibarət olsada özü istidir". Aşağıdakı cədvəldə əsas okean cərəyanlarını sərfi, yəni bir saniyədə apardıqları suyun həcmi (m³/ s)verilmişdir.

Orta çoxillik məlumatlar əsasında tərtib edilmiş Dünya okeanın səth cərəyanlar xəritəsi göstərir ki, cərəyanların istiqamətləri müxtəlifdir. Dünya okeanında 60-dan çox cərəyan vardır. Onların ən çoxu Atlantik okeanında (22) və Sakit okeanındadırlar. Dünya okeanında cərəyanlar Yerin iqliminə böyük təsir göstərir. Qolfstrim isti cərəyanını isti suları şimalda Murmansk limanına çatdığına görə bu liman donmur.

Cərəyanlar atmosfer təzyiqinin paylanmasına və atmosfer dövranına təsir göstərir. Bir sıra siklonlar isti cərəyanların (Qolfistrım, Şimali-Atlantik, Kurosio, Şimali Sakit okean cərəyanları və s.) istiqamətinə uyğun hərəkət edərək materiklərin sahilyanı rayonlarının hava şəraitinə təsir edir. İsti və soyuq cərəyanların qovuşduğu yerdə tez-tez buludluluq və duman müşahidə edilir. Cərəyanlar 2 yerə: İsti və Soyuq cərəyanlara ayrılır.) Isti cərəyanlar — suyunun temperaturu ətraf sulardan isti olan cərəyanlara deyilir. Ekvatorial zonadan isti cərəyanlar okeanların qərb kənarı ilə qütblərə doğru hərəkət edir. Isti okean cərəyanları quru üzərində qalxan hərəkətli isti hava kütlələrini gətirir ki, nəticədə sahil zonasına bol yağıntı gətirir. Isti okean cərəyanlarının təsiri ilə qışda okean suları donmur (məs: Murmansk limanı). Mozambik, Braziliya, Norveç, Yaponiya kimi dövlətlərin sahillərini isti okean cərəyanları yuyur. Sakit okeanda — Passat, Kurosio, Şərqi Avstraliya, Şimali Sakit okean cərəyanı; Atlantik okeanda — Qolfstrim, Norveç, Şimali Atlantika, Antil, Braziliya. Qvineya; Qviana; Hind okeanında — Musson, Iynə, Mozambik, Cənubi Passat kimi isti cərəyanlar mövcuddur.

b) Soyuq cərəyanlar — suyunun temperaturu ətraf sulardan soyuq olan cərəyanlara deyilir. Qütb ərazilərindən soyuq sular okeanların şərq kənarı ilə ekvatora doğru aparılır. Soyuq okean cərəyanlarının təsiri altında sahildə enən hava kütlələri hakim olur. Nəticədə sahildə kəskin quraq səhra yaranır. Sakit okeanda — Peru, Kaliforniya; Atlantik okeanında — Bengel, Folklend, Labrador, Kanar; Hind okeanında — Somali: Şimal Buzlu okeanında — Buzaltı, Transarktika kimi soyuq cərəyanlar var.

Somali cərəyanından başqa bütün soyuq cərəyanlar tropik enliklərdə materikin qərbindən, isti cərəyanlar isə materikin şərqindən axır. Xəritədə isti cərəyanlar qırmızı, soyuq cərəyanlar isə göy rənglə verilir. Ən böyük cərəyan Qərb küləkləri (uzunluğu 30 min km) cərəyanıdır. Bu cərəyan Yerin öz oxu ətrafında fırlanması və daimi küləklərin təsiri ilə Antarktida ətrafında dövr edərək, 3 okean suyunu qarışdırır. Ən nəhəng isti cərəyan Qolfstrim cərəyanı isə Atlantik okeanı sularını Şimal Buzlu okeanına aparır və Avropada Ural dağlarına qədər iqlimi yumşaldır. Qərb küləkləri və Şimali Atlantika cərəyanları okeanlar arasında su mübadiləsində böyük rol oynayan cərəyanlardır. Cərəyanların əhəmiyyəti: 1. İstini, soyuğu. duzluluğu yayır; 2. İqlimə təsir edir; 3. Elektrik enerjisi mənbəyidir; 4. Gəmilərin hərəkəti üçün əhəmiyyətlidir; 5. Butulka poçtudur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Yerşünaslıq. 10-cu sinif üçün dərslik.