Cəmo bəy Cəbrayılbəyli — Vikipediya

Cəmo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyov
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
İş yeri

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı30 iyul 1965, Bakı) — pedaqoq, ictimai xadim.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu.

O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi.

1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayırdı.

Musiqişünas kimi[redaktə | mənbəni redaktə et]

Yavər Kələntərlini ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edərdi. O, indi də Yavərin işarəsini gözləyirdi. Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşdi. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq oldu. Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüdü. Onun ünvanına təriflər yağmağa başladı. Sonra Cəmo yenidən tarını sinəsinə basdı. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxdı. Araya sükut çökdü. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilirdi. O gecə, həmin məclisdə qərara gəldilər ki, tezliklə Maarif evində keçiriləcək tədbirdə Yavər Kələntərli də çıxış etməlidir. Gənc sovet dövlətinin məktəb-maarif məsələlərində, az qala, inqilab elan etdiyi günlər idi. Müəllimlərin sözü hər yerdə keçirdi. Başının ağrımasını istəməyən Xudaverdinin də razılıq verməkdən başqa çarəsi qalmadı. Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdirildilər. 1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilirdi. O gecə Yavər "Mahur-hindi" muğamını ifa etdi. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət etdilər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət gördü.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Heyvanat dərsləri (birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır). — B.: Azərnəşr, 1924.- 102, [4] s.
  • Heyvanat dərsləri (əmək məktəbləri üçün tədris və pedaqoji kitabları). Red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91,[1] s.
  • Heyvanat dərsləri (birinci dərəcəli məktəblər üçün). — B.: Azərnəşr, 1928.- 100 s.
  • Müxtəsər nəbatat (əmək məktəbləri üçün tədris və pedaqoji kitablar); red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.
  • Təbiətə ilk addım (birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır).- B.: Azərnəşr, 1924.- 126, [4] s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]