Botlixlər — Vikipediya

Botlixlər
Özünüadlandırma
Buyxadi
Yaşadığı ərazilər
Rusiya Rusiya 3508
Dağıstan 3503
Dili

Botlix dili

Dini

müsəlman, sünni

Botlixlər (özlərini buyxadi, andilər bolyidiral, avarlar isə balyaxyal adlandırırlar) – Dağıstan Respublikasının (RF) Botlix rayonnunda yaşayan andi xalqlarından biri[1][2][3]. Əsasən, Andi Koysu çayı dərəsində yerləşən Botlix və Miarso kəndlərində yaşayırlar[4]. Sayları 4 min nəfərdən çoxdur (2002). Botlix dilində danışırlar, rusavar dillərini də bilirlər. Dindarları müsəlmandır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Botlixlər ehtimal ki, sez xalqlarının Didoy ittifaqına, onun dağılmasından sonra camaatlıqların Texnusal ittifaqına daxil idilər. XV–XVI əsrlərdə Xunzaxdan islam dini yayılmağa başladı. 1861-ci ildə Botlix kəndi Dağıstan vilayətinin Andi dairəsinin mərkəzi oldu, 1891-ci ildə burada Dağlıq Dağıstanda ilk dünyəvi məktəb açıldı. Ənənəvi mədəniyyətləri Qafqaz xalqları üçün səciyyəvidir. Məşğuliyyətləri: terras suvarma, xış əkinçiliyi, bağçılıq, üzümçülük; maldarlıq zəif inkişaf etmişdir. Yunun sıxılıb basılması (keçə, mahud), dəri emalı, ağac və daş üzərində oyma, ticarət (o cümlədən, Cənubi Qafqaz və İranla) yayılmışdı; peşəkar tacir-bazərganlar mövcud olmuşlar. 1930-cu illərədək, əsasən, endoqam qohum birliklər – tuxumlar qalmaqda idi. Keçmişdə Botlix kəndi 7–8 özünüidarəedən tuxumlara bölünürdü; hər birində öz döyüş qülləsi (şeba), meydanı (qodekan) və məzarlığı yerləşirdi. Qadın geyimində hündür baş geyimi – "buynuzlu" çuxta səciyyəvidir. İlk şırım bayramı Unsa Eti, bahar bayramı Çaqva, həmçinin günəşi və yağışı çağıran ayinlər yayılmışdır. Botlixlər arasında ziyalılar, hərbçilər, dövlət xadimləri var.

Şifahi yaradıcılıq avar folkloruna yaxındır. Vokal ənənə üstünlük təşkil edir, musiqi yalnız birsəslidir. Yerli kultlarla bağlı arxaik mahnılar, təqvim-ayin, ailə-ayin (ağılar, laylalar, təriflər)

mahnıları saxlanılmışdır; daha çox lirik, qəhrəmani mahnılar yayılmışdır. Ənənəvi musiqi alətləri: barmaqla çalınan 2 simli pandura (müşayiətçi alət, kişilər çalırdılar, eyni zamanda qızların oxumasını müşayiət edirdilər) və yayla çalınan çağanə. İqtibas edilmiş alətlər də işlənilir: təbillə zurna, balalayka, qarmonika; XX əsrdə bu alətlərdə çalanlar populyar idilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. М. М. Ихилов. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine / Дагестанский филиал АН СССР, Институт истории, языка и литературы им Г. Цадасы. — Мх., 1967. — С. 330.
  2. Северный Кавказ. Академия Наук СССР. Институт географии. 1957, — С. 507.
  3. "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". «Демоскоп». 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  4. "Arxivlənmiş surət" (PDF). 2013-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-17.