Beyt — Vikipediya
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır".[1]
Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də, formanın daxili qafiyələnmə qanunlarına tabe olur.[2]
Hər iki misranı yan-yana qoymaqla beyt düzəltmək olmaz. Beytdə birləşən misralar bir-birini tamamlamalı və bitkin fikir ifadə etməlidir.
Beytə daxil olan misralar bir-birilə qafiyələnə də bilər, qafiyələnməyə də. "Beyt" istilahı ən çox klassik şeirlə əlaqədar işlədilir. Ədəbiyyatşünaslıqda "şah beyt", "mətlə beyt", "məqtə beyt" kimi ifadələr işlədilir.
Şah beyt[redaktə | mənbəni redaktə et]
Şah beyt seçmə, fərqlənən beyt mənasında işlənir. Fikircə, ahəngcə daha qüvvətli beytlər şah beyt adlanır. Məsələn, Abbas Səhhətin "Vətən" şeirində:
Vətəni sevməyən insan olmaz;
Olsa, ol şəxsdə vicdan olmaz.
beyti öz məzmunu, daşıdığı, ifadə etdiyi məna etibarilə qalan beytlərdən fərqlənir. Ona görə də buna şah beyt demək olar.
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür.
misraları qüvvətli fikir ifadə etdiyi üçün dillər əzbəridir. Bu cür misralar şeirin şah misraları adlanır.
Mətlə beyt[redaktə | mənbəni redaktə et]
Mətlə sözü ərəbcə "tülu" sözündəndir, günəşin doğduğu yer deməkdir ki, bu da başlanğıc beyt mənasında işlədilir. Hər bir şerin ilk beyti mətlə beyt adlanır.
Məqtə beyt[redaktə | mənbəni redaktə et]
Məqtə qurtarmaq, sona çatmaq mənalarını bildirir. Şeirdə son beyt məqtə beyt adlanır. Bir çox hallarda bu beytdə müəllif adını çəkir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: 1988, s.257–258
- ↑ "Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, 178 səh" (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Şəmistan Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. IX–XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı: Maarif, 2002. səh. 45.