Belarus coğrafiyası — Vikipediya

Belarus coğrafiyası
Qitə Avropa
Region Şərqi Avropa
Koordinatlar 50°00'ş.e, 28°00'ş.u.
Sahə
Sahil xəttinin uzunluğu 0 km
Sərhədlər

2 969 km
Rusiya: 990 km
Ukrayna: 975 km
Latviya: 143 km
Litva: 462 km

Polşa: 399 km
Ən yüksək nöqtə 346 m (Dzerjinski dağı)
Ən alçaq nöqtə 80 m (Neman çayı)
Ən böyük çay Dnepr (700 km)
Ən böyük göl Naroç gölü (79,6 km²)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BelarusŞərqi Avropada dövlət. Şimalda Latviya, şm.-qərbdə Litva, qərbdə Polşa, cənubda Ukrayna, şərqdə və şm.-şərqdə Rusiya ilə həmsərhəddir. Sahəsi 207,6 min km². Əhalisi 9800 min (2009). Paytaxtı Minsk şəhəridir. Rəsmi dillər belarusrus dilləri, pul vahidi Belarus rubludur. İnzibati cəhətdən 6 vilayətə bölünür; Minsk şəhəri də vilayət statusuna malikdir.

Geoloji quruluşu və faydalı qazıntıları[redaktə | mənbəni redaktə et]

Belarusun ərazisi qədim Şərqi Avropa platformasının qərb hissəsində yerləşir. Ölkənin mərkəzi hissəsini geniş Belarus anteklizi tutur. Antekliz hüdudlarında bünövrənin dərinliyi 20–100 metrdir; yamaclar Paleozoyun karbonatlı çöküntülərindən təşkil olunmuşdur. Belarus anteklizi şimalda Perm-Mezozoyun Polşa-Litva sineklizi ilə birləşir. Cənubda enlik istiqamətində uzanan, Orta Devonda təməli qoyulmuş və Üst Devonun, əsasən, duz çöküntüləri ilə dolmuş qrabenvarı Pripyat çökəyi, şimal-şərqdə Üst Proterozoyun buzlaqvulkan çöküntü komplekslərindən təşkil olunmuş Orşa çökəkliyi, ucqar qərbdə Üst Paleozoy və Mezozoy çöküntülərindən ibarət Brest çökəyi yerləşir. Çökək və çökəkliklərdə çökmə örtüyünün qalınlığı 1000–5000 m-ə çatır. Belarusun bütün ərazisində Dördüncü dövrün buzlaq və çay-göl çöküntüləri yayılmışdır.[1]

Faydalı qazıntıları[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisində kalium duzudaşduz, neft, torf, təbii tikinti materialları (tikinti və üzlük daşları, mergel, təbaşir, oda davamlı gillər və s.), dəmir filizi, fosforit, qonur kömür, yanar şist, mineral sular və s. geniş yayılmışdır.

Relyefi[redaktə | mənbəni redaktə et]

Minsk yüksəkliyi

Belarusun relyefi, əsasən, düzənlikdir; qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbindən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlüyü (346 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqi dalğalı-uvallı relyefə malikdir.[2]

İqlimi[redaktə | mənbəni redaktə et]

İqlimi mülayim kontinental və rütubətlidir. Qışı yumşaq keçir, uzunmüddətli (şimal -şərqdə 25 gündən cənub -qərbdə 50 günədək) istiləşmələrlə müşayiət olunur. Yayı yağışlıdır, yazdapayızda havalar dəyişkən olur. Orta temperatur yanvarda – 4,5 °C-dən (cənub -qərbdə) –8,4 °C-yə -dək (şimal -şərqdə), iyulda 17,2 °C-dən (şimalda) 19,7 °C-yədək (cənubda) olur. Mütləq maksimum temperatur 37 °C (Brest, Qomel), mütləq minimum – 41 °C-dir (Vitebsk). İllik yağıntı şimal -şərqdə 650 mm, mərkəzi hissənin yüksəkliklərində 700–750 mm, cənub -qərb və cənub -şərqdə 500–550 mm-dir. 

Yanvar ayının orta temperaturu[3] İyul ayının orta temperaturu[3] Yanvar ayı üçün orta aylıq yağıntı[4] İyul ayı üçün orta aylıq yağıntı[4]

Daxili suları[redaktə | mənbəni redaktə et]

Belarusda ümumi uzunluğu 90,6 min km-dən çox təqribən 30 min iri və xırda çay var. Çaylar Qara dəniz (57%) və Baltika dənizi (43%) hövzələrinə aiddir. Əksər çayların uzunluğu 100 km-dən azdır. Əsas çayları Dnepr (qolları Pripyat, Berezina, Soj ilə), Neman, Qərbi Dvinadır. Çaylar, əsasən, qar suları ilə qidalanır; yazda daşqınlar olur. Polesyedə çayların çoxunu kanallar birləşdirir. Çaylardan ağac axıdılmasında, əsas çaylardan isə gəmiçilikdə və energetikada istifadə edilir.

Ölkə ərazisinin 12%-ini bataqlıqlar təşkil edir. Belarusda ümumi sahəsi 1,6 min km² olan 10 mindən çox göl var. Əksər göllər Dnepr və Pripyat çaylarının subasarlarındadır. İri gölləri Naroç (79,6 km²) və Osveya (52,8 km²) buzlaq mənşəlidir. 150-dən çox su anbarı var.

Torpaqları, bitki örtüyü və heyvanat aləmi[redaktə | mənbəni redaktə et]

Zubr. Belovejskaya Puşça Milli Parkı

Ölkə ərazisinin təqribən 1/2-ini tutan təbii landşaftlar kənd təsərrüfatı yerləridir. Belarus ərazisinin 35%-indən çoxunu meşələr tutur. Şimali və Mərkəzi Belarus ərazisinin çox hissəsində çimli-podzol torpaqlarda bitən küknar, palıd-küknar və vələs-palıd-küknar meşələrindən ibarət qarışıq meşə landşaftı yayılmışdır. Müxtəlif dərəcədə qleyləşmiş çimli-podzol torpaqlarda bitən ziyilli tozağacı, titrək qovaq və boz qızılağacdan ibarət şamlıqlar və xırda yarpaqlı ikincili meşələr çoxdur. Cənubda, enliyarpaqlı meşələr zonasında çimli-podzol və çimli-açıq sarı-podzol torpaqlarda boyaq nazı, rus sarıkolu və s. növlərdən ibarət meşəaltısı olan palıd, bəzən vələs-palıd, palıd-şam meşələri bitir.

Geniş ovalıqlarda bataqlaşmış çimli podzol torpaqlarda bitən şam, palıd-şam meşələri, tüklü tozağacından və qara qızılağacdan ibarət yerli və xırdayarpaqlı ikincili meşələr yayılmışdır. Subasar palıdlıqları səciyyəvidir. Müxtəlif tipli bataqlıqlar (yuxarıda kolcuqlu-tüklücəli-sfaqnumlu, seyrək şamlıqlı keçiddə kolcuqlu-otlu-cilli, düzənlikdə müxtəlifotlu dənli, hipnolu-cilli və qara qızılağaclı-otlu-cilli) geniş yayılmışdır. Belarus meşələrində nadir və relikt flora növləri – ağ şamağacı, sarı rododendron, Dortman firəngotu, orxidkimilər (üçkəsikli mərcangülü və s.), su hövzələrində su fındığına rast gəlinir.

Tülkü, dovşan, qaban, qonur ayı, sığır, cüyür, nəcib maral, meşə dələsi, norka, sincab, qara safsar və s. yaşayır. Avropa zubrunun əvvəlki sayı bərpa edilmişdir. Su və bataqlıq quşları çoxdur: boz durna, böyük dan quşu, fısıldayan qu quşu və s. Çaylarda durnabalığı, külmə, çil qızılbalıq, xarius, çökə balığı və s. yaşayır. Poozeryenin, Berezina, Soj, Dnepr və b. çay dərələrinin mənzərəli landşaftı rekreasiya üçün istifadə edilir. Mineral sular bazasında balneoloji kurortlar (Bobruysk, Jdanoviçi) təşkil edilmişdir. Belarusda ümumi sahəsi 864,2 min ha olan 57 mühafizə edilən təbii ərazi, o cümlədən Berezina biosfer qoruğu, Çernobıl təsir zonasındakı Polesye radiasiya-ekoloji qoruğu, Braslav Gölləri və Belovejskaya Puşça (Ümum dünya irsi siyahısına daxil edilmişdir) milli parkları vardır. 

Mənbə [redaktə | mənbəni redaktə et]

Belarus // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 350–351. ISBN 978-9952-441-07-9.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Геология Беларуси / А. С. Махнач, Р. Г. Гарецкий, А. В. Матвеев и др. — Мн.: Институт геологических наук НАН Беларуси, 2001. — 815 с. ISBN 986-6117-56-9
  2. Геоморфология Беларуси: учеб. пособие для студ. геогр. фак. /О. Ф. Якушко, Л. В. Марьина, Ю. Н. Емельянов; под ред. О. Ф Якушко. Мн., 2000. 172 с.
  3. 1 2 Клімат // Беларуская энцыклапедыя. — Т. 18, ч. 2: Беларусь. — Мн.: Беларуская энцыклапедыя, 2004. — С. 41.
  4. 1 2 Клімат // Беларуская энцыклапедыя. — Т. 18, ч. 2: Беларусь. — Мн.: Беларуская энцыклапедыя, 2004. — С. 43.