Banu Musa — Vikipediya

Şəkil 1.Dənizin dibindən əşya çıxaran qurğunun cizgisi

Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim.

Həyatı[redaktə | mənbəni redaktə et]

Banu Musa kimi tanınan Məhəmməd, ƏhmədƏl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır.

Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur.

Qardaşlardan böyüyü Məhəmməd həndəsəastronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur. Öz kitabında o, 100-ə yaxın qurğunun izahını verir.

Bu qurğulardan böyük əksəriyyəti HeronunFilonun işlərindən götürülüb. Buraya quyulardan suyun çıxarılması, müxtəlif növlü su qabları, bulaq lampaları və çirkli quyularda istifadə olunan qaz maskaları aiddirlər. O, bu qurğuların işləmə prinsipini izah etmək üçün hidrostatika və aerostatikanın elmi əsaslarından istifadə etmişdir.

Banu Musa avtomatik ventili, tənzimləmə qurğusu və onun tətbiqi haqqında yazmışdır. O ilk dəfə olaraq dirsəkli vallardan istifadə etmişdir. Halbuki bu valların Avropada tətbiqi 500 il sonraya təsadüf edir.

Düzəltdiyi tənzimləmə sistemlərində Banu Musa ilk dəfə olaraq drossellərdən istifadə edir. Tənzimlənən parametrin yuxarı və aşağı həddini nəzərə almaqla işləyən nəzarət sistemi böyük maraq kəsb edir. Bu sistemlərdən hal-hazırda maşınqayırmada geniş istifadə edilir.

Şəkil 2.Lampa

Vaydeman Banu Musa qardaşlarının işlərini öyrənən zaman dənizin dibindən mirvari yığmaq üçün düzəldilmiş bir maşının təsvirinə rast gəlir [1]. Şəkil 1-də bu qurğunun cizgisi və modeli təsvir olunmuşdur. Buradan göründüyü kimi, qurğu əsasən bir-birinə hərəkətli bağlanmış iki yarımsilindrdən ibarətdir. Bu yarımsilindrlər yuxarıdan, dörd iplə kənarlarından asılıdır. Qurğu suya salındıqdan sonra onun ortasındakı ipi dartmaqla silindrlər suyun dibində qapanır və orada olan əşya götürülərək suyun üzərinə çıxarılır.

Banu Musa qardaşlarının "Kitab Əl-Hiyal" kitabında xüsusi lampalar haqqında da məlumat verilir. Bundan ən maraqlısı küləkli havada belə sönməyən dönən lampadır (şəkil 2). Buradan göründüyü kimi şam yarımsilindrin içərisində oturdulmuş lövhənin üzərində yerləşdirilir. Metaldan hazırlanmış bayraq silindrə bərkidilir. Onun məqsədi küləkli havada şamın arxa tərəfini külək əsən tərəfə döndərməkdir. Beləliklə, şam həmişə yarımsilindr tərəfindən küləkdən qorunur [2].

Bu kitabda təsvir olunmuş başqa bir lampanın Heronun işində verilmiş, özü tənzim olunan lampa ilə oxşarlığı vardır. Burada da neftin qabdakı səviyyəsindən asılı olaraq fitilin xaricə verilməsi dişli çarxların köməyi ilə tənzimlənir. Banu Musanın kitabındakı su avtomatı da maraqlı texniki quruluşa malik olub, o dövrün inkişaf etmiş texniki incilərindən sayılır. Bu avtomatın işləmə prinsipi suyun tənzimlənməsinə əsaslanır [3].

Burada iki borudan verilən su elə tənzim olunur ki, bir tərəfdə soyuq su axanda digər tərəfdə isti su axır (şəkil 3). Bundan əlavə suyun bir borudan verilməsi aramla baş verir, yəni gah isti, gah da soyug gəlir. Bu zaman digər tərəfdəki borudan axan suyun hərarəti həmişə birincinin əksinə olur. Qurğunun işləmə prinsipi belədir. Sağ tərəfdəki qabdan isti su, sol tərəfdəki qabdan isə soyuq su aşağıdakı su çarxının üzərinə tökülür və onu fırladır.

Şəkil 3.Su avtomatı

Çarxın altında fırlana bilən çən yerləşdirilir. Çən iki kameradan ibarətdir. Əvvəlcə isti su sağ tərəfdəki kameraya axır. Çarx yarım dövr etdikdən sonra soyuq su sol tərəfdəki kameraya dolur. Çarx bərkidilmiş çəndəki kameralardan su, iki deşik vasitəsilə onun altında yerləşdirilmiş başqa bir çənə boşalır. Bu çən də iki kameradan ibarətdir. Yuxarıdakı çənin cəmi ¼ dövr etməsi nəticəsində artıq suyun altdakı çənə verilməsi dəyişir. Su avtomatın altındakı qaba yığılır.

Buraya çatan suyun axması yuxarıdakı su çarxının bir dəfə dönməsi nəticəsində dörd dəfə dəyişərək gah soyuq, gah da isti gəlir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Wiedeman, E. Apparate aus dem Werk fi’l-Hiyal der Banu Musa. In. Aufsätze zur arabischen Wissenschaftsgeschichte Bd.1, S. 306-313.
  2. Banu Musa. Kitab al-Hiyal. Ed. By Ahmad Y. al-Hasan, Allepo 1981
  3. Sezgin, F. u.a. Wissenschaft und Technik im Islam.Band V, Verlag: Johann Wolfgang Goethe-Universität Frankfurt a.M. Jahr: 2003

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]