Azərbaycanda təbabət — Vikipediya

Azərbaycanda geniş yayılmış və soyuqdəymədə istifadə edilən İtburnu meyvəsi.

Azərbaycanda təbabətAzərbaycanda xalq və elmi təbabətinin inkişafıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur.

E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan MannaMidiya dövlətlərində tibb AssuriyaBabilistan tibbinin təsiri altında inkişaf edirdi. AtropatenaQafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.

Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər. Yaşıllıq ilahəsi Öləng həkimlərin himayəçisi sayılırdı.

Ərəb istilasından sonra (VII-VIII əsrlər) Azərbaycanda İslam tibbi, yaxud yunan-ərəb təbabəti deyilən yeni tibb konsepsiyası yayılmağa başladı. Bu konsepsiya, əsasən, HippokratınGalenin nəzəriyyələrinə əsaslanırdı. Əbu Əli ibn Sina (980-1037) bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda, tibb sahəsində ən tanınmış alim sayılırdı. "Tibb qanunları" (Əl-qanun fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüşdür) Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.[1]

Orta əsrlər zamanı Azərbaycan alimləri tibb və əczaçılıq üzrə əsərlərini fars, ərəb və türk dillərində yaradırdılar. Əlyazma kitabları xəttatlar tərəfindən yaradılır, təbii dəri ilə cildlənir, dərman bitkilərinin, heyvanların, mineralların rəngarəng şəkilləri ilə bəzədilirdi.

XI əsrdə Şamaxının Məlhəm qəsəbəsində, müasir dillə desək, Akademiya yaxud Universitet yaradılmışdı. Məlhəm Mədrəsəsi kimi tanınan bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrənirdilər.

XIV əsrin əvvəllərində Təbriz şəhərində "Darüş-Şəfa" (Şəfa Evi) adında bir mərkəz yaradılmışdı. Mərkəzin nəzdində mədrəsə, iri xəstəxana və əttar dükanı (aptek) vardı. O dövrdə Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi kimi alimlər və həkimlər fəaliyyət göstərirdi.

1311-ci ildə Azərbaycan alimi Yusif İsmail oğlu Xoyi "Bağdad Toplusu" adında kitab yazmışdı. Bağdad hökmdarının sifarişi ilə yazılmış bu kitabda bir neçə min təbii dərman vasitələri, dərman bitkiləri, minerallar, heyvan mənşəli dərmanlar, çoxmponentli dərmanlar haqqında bəhs olunur. Alim İbn Kəbir təxəllüsü ilə də tanınırdı.

XV əsrdə təkcə Cənubi Azərbaycanda 60-dan çox iri xəstəxana vardı. Onların ən möhtəşəmi Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki "Yeddi Cənnət" sarayında yerləşirdi. Bu xəstəxanada eyni vaxtda minə yaxın adam müalicə oluna bilərdi. Həkimlər 900-ə yaxın dərman bitkisindən istifadə edirdi. Xəstəxananın nəzdində olan əttar dükanında (aptekdə) dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Hindistan və Çindən gətirilmiş dərman bitkiləri satılırdı.

XVII-XVIII əsrlərdə Murtuzaqulu Şamlu (cinsi xəstəliklər), Əbülqasım Marağayi (ümumi tibb), Həsən Rza oğlu Şirvani (əczaçılıq), Hacı Süleyman İrəvani (əczaçılıq) tibb və əczaçılıq üzrə bir sıra qiymətli əsərlər yaratdı. Onlar öz kutablarında 724 dörd növ dərman bitkisindən xəbər verirlər.

XVIII əsrdə, xanlıqların bir-biri ilə apardığı arasıkəsilməz müharibələr nəticəsində, bir çox xəstəxanalar, apteklər və tibb məktəbləri dağıdıldı. Elm, o cümlədən tibb elmi, dərin böhran keçirirdi.

XIX əsrin əvvəllərində Azərbaycanın şimal xanlıqları (Şivan, Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Quba, Taliş, Qarabağ, Şəki, Dərbənd və s.) Rusiya tərəfindən işğal olundu, cənubda olan xanlıqlar isə (Təbriz, Ərdəbil, Xoy və s.) İranın tam nəzarəti altına keçdi. O dövrdən bəri Şimali və Cənubi Azərbaycanda tibbin inkişafı müxtəlif istiqamətlərdə davam etdi. Rus hakimiyyəti dövründə bütün Cənubi Qafqazda rus əczaxanaları və xəctəxanaları açıldı. Buna baxmayaraq, 1920-ci ildə Sovet hakimiyyətinin qurulmasına qədər Şimali Azərbaycanda əttar dükanları deyilən ənənəvi Şərq aptekləri də mövcud idi. Cənubi Azərbaycanda isə, keçmişdə olduğu kimi, Şərq əczaxanaları və xəctəxanaları əksəriyyət təşkil edirdi.

1892-ci ildə Azərbaycan alimi Əbdülxaliq Axundov Azərbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən Alman dilinə tərcümə etdi.

1895-ci ildə Bakı Tibb Cəmiyyəti təsis edildi. Dr. Məmməd-Rza Vəkilov və Dr. Kərim bəy Mehmandarov cəmiyyətin təsisçilərindən idi.

1918-ci ildə Rus İmperiyasının süqütündan sonra Azərbaycanın müstəgilliyi bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Həmin dövrdə Dr. Rəfiyevin rəhbərlik etdiyi ilk Səhiyyə Nazirliyi təsis olundu, Bakıda, Gəncədə və başqa şəhərlərdə onlarca yeni klinika və xəstəxanalar açıldı.

1919-cu ildə tərkibində tibb fakültəsi də olan Bakı Dövlət Universiteti təsis edildi.

1920-ci ildə Azərbaycan Xalq Cuhuriyyəti XI Qızıl Ordunun zərbələrı altında süquta uğradı, ixtisasca həkim olan Dr. Nəriman Nərimanovun rəhbərliyi altında Sovet hakimiyyəti quruldu. Azərbaycan SSR-nin ilk səhiyyə komissarları (nazirləri) Dr. Ağahüseyn Kazımov (1920-1921) və Dr. Mir-Mövsüm Qədirli idi (1921-1935).

1930-cu ildə Azərbaycan Tibb İnstitutu təsis edilmişdir. Rektoru prof. Əziz Əliyev idi.

1920-1940-cı illərdə Azərbaycanda yüzlərlə yeni poliklinika, aptek və xəctəxana təsis edilmişdi. Akad. Mirəsədulla Mirqasımov, akad. Mustafa Topçubaşov, prof. Əlibəy Əlibəyov, prof. Kamil Balakişiyev və başqa həkim və alimlər dünya şöhrəti qazandı.

1918-2005-ci illərdə Azərbaycanda A.Rüstəmovun, M.Əfəndiyevin, F.Ələkbərlinin (F.Ələkbərovun), M.Abdullayevin, C. Təqdisinin, N.Göyüşovun və başqalarının tibb elminin tarixi üzrə bir sıra kitab və məqalə nəşr edilmişdi.

2004-cü ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) təsis edildi və Dr. Fərid Ələkbərli onun ilk prezidenti seçildi.

2005-ci ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) iqamətgahı Parisdə yerləşən Beynəlxalq Tibb Tarixi Cəmiyyətinə (BTTC) üzv-təşkilat qəbul olundu. Dr. Fərid Ələkbərli bu beynəlxalq qurumda Azərbaycanın təmsilçisi və BTTC-nin idarə heyətinin üzvü seçildi.

2005-ci ildə YUNESKO Bakının Əlyazmalar İnstitutunda mühafizə olunan üç orta əsr tibb əlyazmasını Dünya Yaddaşı Proqramının siyahısına daxil etdi. Bu siyahıda dünyanın ən qiymətli və əvəzolunmaz yazılı abidələri toplanmışdır. Layihənin təşəbbüskarı YUNESKO-nun Azərbaycandakı sabiq təmsilçisi Ramiz Abutalıbov, onun bilavasitə həyata keçirəni isə Dr. Fərid Ələkbərli idi.

1-2 fevral 2005-ci ildə Bakıda ATTB-nin "Azərbaycanda Tibb Elminin Tarixi Problemlərı" I Respublika Konfransı keçirildi.

12-14 iyun 2006 ildə Bakıda "Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq" Birinci Beynəlxalq Konfrans keçirildi.

Azərbaycanda dərman vəsaitərindən istifadə olunma tarixi çox qədimdən başlanır. Dərman bitkilərindən istifadə etmək, onların yenilərini aşkar etmək uzun müddət fırıldaq əqidəlilərin təsiri altında idi. Buna baxmayaraq, yeni dərman vəsaitləri axtarılırdı. Ərəblərin hökm sürdüyü vaxtlar bütün ərəb xəlifətinin ərazisində, o cümlədən də Azərbaycanda mədəniyyət, elm, təbabət qəbul olunmuşdu.

Bu dövrdə Azərbaycanda xəstəxanaların, əczaxanaların, tibb mədrəsəsinin açilmiş əlamətdar hadisə oldu. O vaxtlar tapılmış əlyazmalardan mə’lum olur ki, Azərbaycanda dərman hazırlanmaqla məşğul olanlar çoxdan mövcüddür və bu adamlar attar adlanır. Attarlar dərman bitkilərin yığıb, qurudub saxlanması və müəyyən vaxtdan sonra onun satışı ilə məşğul olan insanlardır.

Attarların və həkimlərin saxlanılmış əlyazmalarından mə’lum olur ki, Azərbaycanda xalq təbabətində müxtəlif dərman bitkilərindən, çiçəklərndən, müxtəlif bitkilərin kökündən, toxumundan geniş istifadə olunurdu.

Azərbaycan həkimi Ömər Osmanın (X əsrin axrı) ürəyi xəstə olan insanlar üçün pəhriz rejimi çox diqqətəlayiqdir. O, öz xəstələrinə şirin pəhriz: bal, şərbət, bəkməz, şirin çaxır tə’yin edərdi. Böyrək xəstəliyində isə balqabaqdan, balla yerkökündən istifadə edərdi.

XI və XII əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin inkişafında böyük əməkləri olan bir sıra alimlər, şairlər, filosoflar və həkimlər zahir oldular. Bunların içində görkəmli xəxsiyyət azərbaycan şairi Nizami Gəncəvi də var idi. Hərtərəfli biliyə malik olan Nizaminin "Xəmsə"-sində dərmanlar barəsində yazılar görürük. "İskəndərnamə"də isə Nizami yazır: "Baş ağrısı üçün mütlək ğızılgül suyu (gülab) vacibdir."

Gülab ilk dəfə Şiraz şəhərində müalicə usulu kimi şərğ xalqları tərəfindən istifadə olunmuşdur.

Azərbaycanda xalq təbabətinin istiqamətləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanda və həmsərhəd şərq ölkələrində təbabətin özünəməxsusluğu var idi. Azərbaycanda xalq təbabətinin inkişafı iki istiqamətdə gedirdi. Şəhərlərdə və sərhədyanı rayonlarda özlərinkindən əlavə qonşu ölkələrin dərmanlarından da istifadə olunurdu. Bu şəhərlərdə və rayonlarda tibb mütəxəssisləri yaşayırdılar. Onlar ərəb resept kitabı "Karabaddini"dən istifadə edirdilər. Attarlar isə dərman bitkilərin və həkimlərin reseptinə əsasən hazırladıqları dərmanları satmaqla məşğul olurdular. El arasında Attarlara nüsxəbənd (nüsxə – resept) də deyirdilər. O vaxtlar ən çox istifadə olunan dərman bitkilərindən: zəfaranı, anis almasını, xardalı, narı, badamı, qara bibəri, darçını, zənçəfili, kafuru, hili, narıncı və başqalarını misal gətirmək olar.

Hətta lalədən opium hazırlamaq da məlum idi.

Ancaq bununla şəhərlərdən uzaq, dağ yerlərindən məşğul olurdular. Bu yerlərdə həkimlərin olmadığına görə, yalnız ətraf ərazilərdə bitən dərman bitkilərindən istifadə olunurdu. Ancaq ərəb elminin VIII əsrdə XII əsrə qədər çiçəklənməsi, tərəqqisi və xəlifətin ayrı-ayrı ölkələrə parçalanması vəziyyəti dəyişdi. Sonrakı əsrlər (XIII – XVIII) Azərbaycan və bütün Zaqafqaziya Çinqizxanın, Cələləddinin, Tamerlanın, Osmanlı Türklərinin, Farsların və başqalarının basqınları nəticəsində qanlı meydana çövrüldü.

Azərbaycanda həmin vaxt dərman ləvazimatları yenə də həkimlərin və attarların əlində idi və çətinlikləs inkişaf edirdi. Tarixçi Rəşidəddin qeyd edərdi ki, həmin dövrdə həkimlər və attarlar əvvəlki qədar bilikli və savadlı deyildilər.

Buna baxmayaraq, Azərbaycan xalq təbabəti inkişaf edirdi və bunun sayəsində millətçə azərbaycanlı olan bir sıra görkəmli həkimlər ön plana çıxdılar. Ərəb, fars və azərbaycan dillərində təbabət haqqında kitablar yazıldı. Bu baxımdan Məhəmməd Bərgüşadın yazdığı "Tibbi Nambevi" kitabı azərbaycan dilində yazılmış ilk kitab idi. Dahi, mütəfəkkir Füzulinin XVI-cı əsrdə azərbaycan xalqının fəlsəfi, elmi və təbabətdən yazdığı kitablar böyük bir hadisə idi.

Füzulinin yazıları böyük elmi sualları əhatə edirdi. Təbiiyyat və tibb elmləri Füzulini dərindən maraqlandırırdılar. Onun "Təbiətlə söhbət", "Sağlamlıq və xəstəlik" yazılarını qeyd etmək olar. Füzuli "Təbiətlə söhbət" kitabında öz doğma yurdunun təbiətinin gözəlliyindən yazır.

Həkim Məhəmməd Yusif Şirvanin XVIII–ci əsrdə yazdığı "Tibbinamə" kitabı çox böyük maraqa səbəb olmuşdur. O, həmçinin "Şərq dərmanlarının lüğəti" kitabını azərbaycan dilində yazmışdır. "Əhatə mühitin müalicənin gedişində rolu" və "Zəhərləri kənar etmə üsulları və zəhərlənmədən müalicə məlumatları" kitabları da ona məxsusdur.

1829-cu ildə Məhəmməd Əli Pişəvarinın fars dilində yazdığı "Məcmaül-Cəvəmi" kitabda da tibbadən və dərmanlardan bəhs edən vacib kitablardandır.

Səid Məhəmməd Hüseyn xanın 1830-cu ildə yazdığı "Böyük Karabəddin" kitabı bütün İslam Şərqində məşhurdur. Bir çox xəstəliklərin müalicəsi üçün cürbəcür dərmanlar göstərilir. Ancaq o dövrdə kimya, biokimya, biologiya elmlərinin aşağı səviyyədə olduğuna görə bir çox xəstəliklərlə mübarizədə çətinlik çəkilirdi.

Bu baxımdan Azərbaycanda dərmanların, ümumiyyətlə tibb elminin inkişafında Rusiyanın böyük təsiri olmüşdur.

Azərbaycan təbabətinə Rusiya təsiri[redaktə | mənbəni redaktə et]

XIX–cu əsrin əvvələrində Zağafqaziya xalqlarının Rusiya ilə yaxınlaşması tibb elminin inkişafına böyük təkan verdi.

Azərbaycan xalq təbabətində dərman maddələrinin mükəmməl öyrənilməsilə Tartu universitetinin professoru Q.Dragendorfun rəhbərliyilə azərbaycanlı, Bakı şəhər sakini Əbdul Axundov məşqul olamağa başladı. 1892-ci ildə Əbdul Axundov öz dissertasiyasında (alimlik dərəcəsi olan vaxt) Abu-Mansur Muvaffaka-ben-Əli-em-Xirovun kitablarını azərbaycan dilinə tərcümə etmişdir. Bu kitablar IX-cu əsrdə fars dilində yazılmış ilk kitablar idi. Əbdul Axundov dərman bitkilərinin botaniki adlarını təyin etdi və bunları izahlaşdırdı. Bu izahlar, araşmalar tibb elminin inkişafına böyük təsirini göstərdi.

Bu önəmdə rus alimi E.Şteberin əməyi Qafqazda böyük olmuşdur [2]

Respublikada dərman bitkilərindən səmərəli istifadəsi yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra mümkün olmuşdur.

Azərbaycanda əczaçılıq elminin inkişafı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dərman bitkiləri ehtiyatlarının xüsusiyyətlərinin öyrənilməsinə Azərbaycanda B.L.Komarov adına botanika institutu təşkil olandan sonra başlanmışdır. Azərbaycanda bitki aləminin tərkib hissəsinin, onların yayılmasının xalq təsərrüfatı üçün yararlı növlərin dəqiqləşdirilməsində, bunlara aid çox müxüm əsərlərin yaranmasında azərbaycan botanikləri tərəfindən böyük işlər görülmüşdür.

Azərbaycanda əczaçılıq elminin hərtərəfli inkişafında 1937-ci ildə Bakıda yaranmış əczaçılıq institutunun əməyi böyük olmuşdur. Həmin institut 1941-ci ildə Bakıda yaranmış N.Nərimanov adına tibb institutunun tərkibinə əczaçılıq fakultəsi kimi daxil olmuşdur. Azərbaycanda təbiətin dərman ehtiyatlarının öyrənməsində böyük tədqiqat işləri görmüşdür. Mədəni və vəhşi dərman bitkilərinin kimyəvi tərkibinin, əczaçılıq xüsusiyyətlərinin öyrənilməsində böyük işlər görülmüşdür. Bütün respublika ərazisinin landşaftında aparılmış müayinələr nəticəsində Azərbaycanda çoxlu miqdarda xalq və elmi təbabətda istifadə olunan dərman bitkiləri aşkar edilmişdir.

Azərbaycanda mövcüd olan dərman bitkilərinin 76 növünün yabanı halda bitməsi aid edilmişdir. Azərbaycanda müxtəlif rayonlarda aparılmış sorğu-sual nəticəsində İ.A.Dəmirov xalq təbabətində istifadə olunan 800 növ dərman bitkiləri qeyd almışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.alakbarli.aamh.az/index.files/5.htm Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine Əsas tarixi hadisələr
  2. "Qafqazın və Orta Asiyanın əczaçılıq haqqında lüğət materialları", Yekaterinoslav, 1902-ci il.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Пирогов Н.И. Отчет о путешествии по Кавказу. М., 1952. (fransız və rus dillərində)
  • Н. И. Пирогов в Дагестане и народная медицина кавказских горцев: сборник материалов : к 200-летию со дня рождения Н. И. Пирогова. Дагестанский центр гуманитарных исследований, 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]