Azərbaycanda basketbol — Vikipediya

Azərbaycanda basketbolAzərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlikin mərhələ[redaktə | mənbəni redaktə et]

Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır[1]. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərinin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbolvoleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu[1].

SSRİ dövrü[redaktə | mənbəni redaktə et]

Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir[2]. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur[1]. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır[2]. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar[2]. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı. 1930-cu illərdə artıq basketbol məktəblərinin spartakiadasının proqramına daxil olunur[1].

Tədricən basketbol Azərbaycanın digər şəhər və rayonlarında inkişaf etdirilməyə başlamış; komandaların sayının artması ilə yanaşı basketbolun texniki və taktiki keyfiyyətləri təkmilləşdirir, topun tora salınmasında yeni-yeni üsullar tədbiq edilməyə başlayır ki, bütün bunlar da basketbol oyunun improvizasiyaya daha böyük meyl etməsinə və nəticə etibari ilə bu idman növünün Azərbaycanda estetik baxımdan daha cazibədar formaya yiyəlməsinə səbəb olur[1]. Tədricən fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi başlamışdır[1].

1934-cü ildə ilk respublika çempionatı təşkil olunmuş, Bakının "Dinamo" komandası birinci yeri tutmuşdur[2].

1940–1950-ci illərdə Azərbaycan basketbolçularından Adil Gəraybəyli, Leonid Neruşenko, Arif Şahbazov, Nazim Hüseynov, Əliyar və Qəhrəman Məmmədyarov qardaşları, Aleksandr Petrov, Fərid Səmədov, Vladimir Rıbalko, Yuri Naumtsev, Samur Novruzov, Fuad Məmmədyarov, Sabir Zülfüqarov, Valeri Muxin, Mahir Ziyazadə və başqaları Ümumittifaq yarışlarda uğurla çıxış etmişlər[2].

Müstəqillik illəri[redaktə | mənbəni redaktə et]

2002-2006-cı illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş Rimas Kurtinaytis

XX əsrin sonlarında Azərbaycanda basketbol durğunluq dövrünü yaşayır[1].

12 mart 1993-cü ildə dövlət qeydiyyatına alınmış[3] Azərbaycan Basketbol Federasiyası (ABF) 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilmişdir[1]. Amma 1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir[1]. 2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçildikdən sonra, beynəlxalq əlaqələrin yeni səviyəyə qaldırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqresində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur[1].

Azərbaycan millisi 2011-ci ildə Qızğızıstanda keçirilən "Novruz Kuboku"nda

2005-ci ildə Azərbaycanın kişilərdən ibarət milli Basketbol komandası Səudiyyə Ərəbistanında keçirilmiş 1-ci İslam Oyunlarında qızıl medal qazanmış, 2006-cı ildə isə FİBA-nın Albaniyada keçirilən "İnkişaf kuboku" yarışlarında qalib olmuşdur[2]. 2008-ci ildə isə Azərbaycan millisi Avropa Çempionatının C Divizionunda 1-ci yeri tutmuşdur[3].

Hazırda Azərbaycan Respublikasını beynəlxalq basketbol turnirlərində təmsil edən Azərbaycan milli basketbol komandasının baş məşqçisi Samit Nuruzadədir[4].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Basketbolun Tarixi Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine. basketball.az  (az.)
  2. 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 245. ISBN 978-9952-441-07-9. / ensiklopediya.gov.az Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine
  3. 1 2 Azərbaycan Basketbol Federasiyası Arxivləşdirilib 2017-11-27 at the Wayback Machine. mys.gov.az  (az.)
  4. Rəyasət Heyətinin iclası Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine basketball.az, 12.03.2016

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • basketball.az — Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı  (az.)  (rus.)  (ing.)