Azərbaycan Yurd Bilgisi (jurnal) — Vikipediya

Azərbaycan Yurd Bilgisi
Təsisçi Əhməd Cəfəroğlu
Təsis tarixi yanvar 1932
Qərargah İstanbul Burhaneddin Matbaası
Dil türk
Səhifə I cild 456 səhifə, II cild 472 səhifə, III cild 416 səhifə
Qiymət 20 quruş


Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən[1] "Azərbaycan Yurd Bilgisi"nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir.

"Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. [3] Son çıxan nömrələr 35–36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi. İllik qiyməti 240 quruş, satışı 20 quruş olan bu aylıq, elmi jurnal azərbaycanlı mühacirlərin maddi və mənəvi yardımı ilə Bəyazid Universitetinin Türkiyət İnstitutunda nəşr edilirdi.[4]

Jurnalın redaktoru Əhməd Cəfəroğlunun II. Türk Dili Qurultayında etdiyi çıxış Mustafa Kamal Paşanın zalı tərk etməsinə səbəb olmuş və Cəfəroğlu tezliklə universitetdəki vəzifəsindən uzaqlaşdırılmışdı. Bu hadisədən sonra jurnalın 31–32-ci nömrələrinin üz qabığında "Müdir Dr Cəfəroğlu Əhməd" adının altında yerləşən "Universitet Türk Dili Tarixi Dosenti" ifadəsi götürülmüşdü.[5] Jurnal rəhbərliyi ehtimal ki, Mustafa Kamal Paşa ilə münasibətlərini düzəltmək məqsədilə jurnalın 31–32-ci nömrələrinin üz qabığında "II Türk Dili Qurultayına təqdim olunmuşdur" ifadəsinə yer vermiş, daha sonradan 33–34-cü nömrələrin ilk səhifəsində isə Mustafa Kamalın portretini yayımlamışdılar. Şəklin altında yazılırdı:" Əsir bir torpaqda əsir bir millətdən hür vətən və məsud millət çıxaran böyük Qazi! Keçmişə enən qara pərdələr heç bir şəraitdə qarşımızda olmayacaq, heç bir maneə yolumuzu kəsməyəcək, heç bir səbəb bizi geri çevirə bilməyəcək, biz hər zaman və hər zaman gələcəyə doğru sənin ardınca gedəcəyik."[6]

Lakin bu səylər tərəflər arasında baş verən gərginliyi mülayimləşdirməmişdi. Nəticədə bağlanılacağına dair heç bir açıqlama vermədən jurnal 1934-cü ildə 36-cı nömrə ilə son nəşrini yayımladı.[7]

Jurnalın məqsədi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Yurd Bilgisi" jurnalının hansı şərtlər daxilində hansı səbəb və məqsədlə nəşr edildiyi, jurnal proqramının tərkibi kimi mövzular jurnalın ilk nömrəsinin ilk səhifəsində "Bir neçə söz" başlığı altında aşağıdakılar yazılmışdır:[8]

" Bir neçə imperatorluğun tarixə qarışmasına səbəb olan cahan müharibəsi nəticəsində həyat səhnəsinə yeni hökumətlərin çıxması tarixin yaxın səhifələrində həkk olunmuşdur. Bu minvalla bugünkü Cənub Qafqazın şərqini təşkil edən Azərbaycanda Demokratik bir Cumhuriyyət meydana atılmış və əvvəlkinə nisbətən daha çox kültür tədqiqatına önəm vermişdir ki, bu da çox təbiidir.

Elmi münasibətin millətlər arasında gündən günə daha da sıxlaşması və bu vəsilə ilə bir-birini daha yaxından tanımaq zərurət olaraq əvvəllər böyük xalqların mövzusu olan ölkəmizin fərdi şəkildə araşdırılmasını tələb edir. Özünü öyrənməyən xalqlar başqa xalqların etnoqrafik tədqiqatının predmetindən başqa bir şeyə çevrilmirlər. Lakin Azərbaycan artıq bu ibtidai dövrü dəf edib və öz qapılarını elmi kapitulyasiyalara qapatmışdır.

Son on il ərzində müxtəlif yerlərdə Azərbaycanı öyrənmək üçün edilən ciddi cəhdlər müəyyən yaxşı nəticələr versə də, mədəniyyətimizin bir çox aspektləri hələ də əvvəlki məhculluğuna davam edir. Yəni ucaldılacaq böyük binanın bünövrəsi hələ də boşluqlarla doludur. Ona görə də o böyük binanın bünövrəsindəki böyük boşluqlar Azərbaycan Yurd Bilgisinin tez bir zamanda ortaya çıxmasına səbəb oldu. Azərbaycan Yurd Bilgisinin tədqiqat dairəsi artıq dar bir çevrədən çıxaraq beynəlxalq aləmi əhatə edir... Azərbaycan Yurd Bilgisinin məqsəd və qayəsi sadəcə Azərbaycanı çox yaxşı bilən və tanıyan insanlardan ibarət tədqiqat qrupu hazırlamaq və mədəni ekspertiza ilə məşğul olmaq deyil, həm də onu bu ölkə ilə maraqlanan irqdaş və dostlara tanıtmaqdır. Lakin jurnalımız bununla kifayətlənməyəcək və ortaq türk mədəniyyətinin hələ də işıqlandırılmamış məqamlarını işıqlandırmağa çalışacaqdır.

"

Daha çox filiologiya, ədəbiyyat, tarix, tarixi coğrafiya və xalq ədəbiyyatı sahələrində dəyərli tədqiqatların yayımlandığı jurnalda Azərbaycan sərhədlərini aşaraq Anadolu tarix və ədəbiyyatı ilə yanaşı musiqi, folklor, sənət tarixi kimi mövzularda məqalələrə də yer verilmişdir. Jurnal siyasətdən həmişə kənar qalmış və məqsədini nəşr həyatının sonuna qədər qoruyub saxlamışdır.[9]

Yazarları[redaktə | mənbəni redaktə et]

O dövrdə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində "Dr" rütbəsi ilə çalışan Əhməd Cəfəroğlu müdir olduğu jurnalın ilk sayısında redaksiya heyətinə "Prof. Dr. Köprülüzadə M. Fuad, Prof. A. Z. Validi, Dr. Hacızadə Mirzə, Dr. Ağaoğlu Mehmet, Asis. Əbdülqadir bəyin iştirakı" ilə sözləri ilə yer verilmişdir. Bu yazı heyətinə sonrakı saylarda prof. M. Şərəfəddin və Həsən Abdullahoğlu da qatıldı. Cəfəroğlunun direktorluğu son sayına qədər davam etdi.[3]

"Azərbaycan Yurt Bilgisi"ndə aşağıdakı müəlliflərin yazılarına rast gəlmək mümkündür: A. N. Həkimbəy, Abdullah oğlu Həsən, Abdullah Battal, Əbdülqadir, Abdullahoğlu Həsən, Əbdülqadir Süleyman, Adnan Cahit, Əhməd Tələt, Prof. Əhməd Zəki Vəlidi, Dos. Akdəs Nemət, Əli Dəhri, Əli Nəzərli, Əli oğlu, M. Əli, Əlizadə Məmməd, Aşiq Məmməd, Ayaz İshaki, Əziz Özər, Vahabzadə Sadıq, Bədriyə Sabit, Bəsim Atalay, Cifçi oğlu H. Nihal, G. Yaesshke, Habib Sahir, Hacı Mahmud, Əfəndizadə İbrahim, Hacı Şeyxoğlu Həsən, Dr. Hakim bəy, A. N., Prof. Xəlil Nemətullah, Xəlil Xasməmmədli, Xeyrəddin İlhami, Fəvziyə Abdullah, Dr. Yanos Esktann, Kırımlı Cəfər Seyid Əhməd, Qivaməddin, Prof. Körpülüzadə M. Fuad, Qazimilhal Mahmud Rəqib, Dr. M. Əhməd, M. Həqqi Türkəqul, M. B. Məmmədzadə, M. Şakir, Prof. M. Şərafəddin, Maraşlı Əsat, Mak Meipeske, Məbrurə Rahim, Məmməd Xalid, Maral Okay, Mirzadə M., Fəxrəddin, Dr. Məhərrəm Ergin, Mustafa Vəkilli, Mükrimin Xəlil, Nağı Şeyxzamanlı, Rəsulzadə Məmməd Əmin, Rəsulğoğlu Məmməd Əli, Sadıx Sənan, Sadəddin Nüzhəm, Seyidli Mir Əziz, Səlim Rəfiq, Süleyman Təkinər, Şəfi Rüstəmbəyli, Şərafəddin Ərəl, Rien Charles, Talıbxanbəyli Sürəyya, Təkin, Zahir Sidqi, Zeynal Ağqoç, Zeynal A. Saray, Ziyaəddin Fəxri.[10]

Jurnalın əhatə etdiyi mövzular[redaktə | mənbəni redaktə et]

Azərbaycan Yurd Bilgisi jurnalı başlıq etibarilə Azərbaycana yönəlmiş bir münasibəti ağıla gətirsə də jurnal başqa coğrafiyalardakı türklərə- Türkiyə, Krım, İdil-Ural və Türkistan türklərinə də maraq duymuş hətta onlarla yanaşı Gürcüstan, Polşa, Ukrayna məsələlərinə də biganə qalmamışdır. Jurnalın ilk nömrəsində o zamanlar Darülfünun Türkiyət İnstitutunun tələbəsi olan Əbdülqədir İnan Rusiya hakimiyyəti altında olan türklər tərəfindən necə qəbul edildiyinə dair məqalə dərc etmişdi.[11]

Jurnalın məqsədinə uyğun olaraq, təbii ki, jurnalda Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı çoxsaylı məqalələr yer alır. Bu məqalələr aşağıdakılardır: "Azərbaycan tarixinə ümumi baxış", "Böyük azəri alimi Mirzə Kazım bəy", "XVI əsr Azəri saz şairlərindən Tufarqanlı Abbas", "XIX əsrin azəri şairi Siraci", "Azərbaycan ləhcəsində bəzi monqol elementləri", "Azərbaycan ədəbiyyatında istiqlal mübarizəsi", "XVII əsr Azərbaycan şairi Məlik Bəy Ovçu", "Azərbaycan xalq ədəbiyyatında sayaçı sözləri" (Ə. Cəfəroğlu); "Son dövr Azərbaycan ədəbiyyatı", "Azərbaycan xalq ədəbiyyatında Dəli Alı dastanı" (Səlim Rəfiq), "Azərbaycan saz şairləri", "İran Azərbaycanında türk şairləri"(M. Sadiq Sənan), "Azərbaycan tarixi coğrafiyası", "Azərbaycan etnoqrafiyasına dair" (Zəki Vəlidi Toqan), "Azərbaycanın son musiqi hərakatları", "Azərbaycan musiqisi" (M. Rəqib Qazimihal), "Azərbaycanın istisadi vəziyyətinə baxış, Azərbaycanda ipək sənayesi" (M. Əli Əlizadə), "Qarabağlı iki alim", "Azəri böyükləri" (M. Şərəfəddin), "Azərbaycan sənət məktəbləri" (Sadiq Babazadə), "Azərbaycan şairi Füzuli haqqında bəzi yeni məlumatlar", "Azəri şairi "Nəsimi" adına çap olunmamış parçalar", "Azərbaycan şairlərinə aid Anadoluda bir neçə qeyd" (M. Şakir), "Azərbaycanın coğrafi mədən sahəsi" (A. Xəzərli); "Övliya Çələbiyə görə Azərbaycan şəhərləri" (M. Halit); "Azəri türklərinin həyat və ədəbiyyatında sevinc" (M. Ə. Rəsulzadə), "Azərbaycan şairlərindən Rəncur Xanım", "Azərbaycanın ürəfa və üdəbası haqqında qeydlər" (M. F. Mirzadə), "Azərbaycan haqqında Alman dilli nəşriyyatdan" (G. Yaeschke); "Azəri şairi Həbibinin bir qəzəli","XIX əsrin azəri şairlərindən Sədi haqqında bir neçə qeyd" (Fəvziye Abdullah), "İran Azərbaycanının təbii coğrafiyası" (H. Sair), "Dövlətlər arasında münasibətlərə dair: Azərbaycan sənədlərdə" (M. Məmmədzadə), "Azərbaycan təsviri sənəti haqqında".[12]

Bunlardan başqa bütün türk dünyası, o cümlədən Türkiyə ilə bağlı yazılan məqalələr də var idi: "Kazan və Türkistanda son musiqi hərəkatları" (M. Rəqib Qazimihal), "Krım tarixinə dair qeydlər", "Qaqauzlar" (Abdullahoğlu Həsən), Türküstanın Milli Qəhrəmanları", "Cənubi Türküstanın işğalı ərəfəsində", "Başqırd türkləri ilə rus mübarizəsi tarixindən", "Qırğız dilinin yadigarlarından Manas dastanı" (Əbdülqədir İnan), "Qarabağ-İstanbul ləhcələrinin müqayisəsi" (Talıbxanbəyli Sürəyya), "Pir Sultanın nəşr olunmamış üç nəfəsi" (M. Şakir Ülkütaşır), "İstanbul kitabxanaları" (Adnan Cahid Ötüken), "Peçeneqlər və İzmir türkləri" (Akdes Neməti), "Sinopda Candar Oğulları Dövründən Tarixi Əsərlər (M. Şakir Ülkütaşır), "Krımın Osmanlı İmperatorluğuna qatılması" (Bədriye Sabit).

Bu kimi məqalələrdən başqa 6-cı nömrədən etibarən jurnalda "Təhlil və tənqid" başlığı ilə "cənubda Türkmən oymaqları" (Əli Rza Yalman), "Kazak yaylaqlarında yarım köçəri türklərin çadırları" (M. V. Quliyev), "Fərqanə, BuxaraXivə türküləri" (N. Mironov), "Türk dünyası" (Hüseyn Namiq Orxun) kimi əsərlərin qiymətləndirilmələrinə də yer verilmişdir.[12]

13-cü nömrədən etibarən "Təhlillər və tənqidlər" bölməsində bundan sonra Avropa və Rusiya mətbuatının xülasələrinin də tənqid və təhlililinə çalışacağıq sözləri ilə "Journal de Geneve", "Pravd, Le Temps", "Berliner Tageblatt"," Posledniya Novosti"," İstiklâl" (Berlin), "Emel" (Ruminya) kimi nəşrlərdə yayımlanan türk dünyası ilə bağlı yazılara və onların təhlilinə yer verilməyə başlanmışdı.

14-cü nömrə ilə jurnalda "Xəbərlər" bölməsi fəaliyyət başlayır. Bu bölmədə İstanbul "Azərbaycan Tələbə Birliyi"nin Tokatlıyan hotelində verdiyi çay dəvətindən tutmuş Mehmed Fuad Körpülünün türk xalq ədəbiyyatı və etnoqrafiyasına dair ensiklopediyanın hazırlanmasına qədər daha çox hadisə və türk dünyası üçün yeni əsərlərdən bəhs edilir.[13]

Jurnalın 15-ci sayında "Dil guşəsi" açılır. "Hörmətli "Türk Dili Araşdırma Cəmiyyəti" türk dilinin saflaşması və bütünləşməsi üçün hər yerdə nəşr olunan bütün türk qəzet və jurnallarında türkcə rubrika açmaq qərarına gəldikdən sonra dərgimiz də eyni şəkildə kömək etməyi şərəfli bir vəzifə hesab edir" müqəddiməsi ilə başlayan ilk məqalədə Türk dünyasının dil və mədəniyyət birliyinin qarşısını almaq üçün Çar RusiyasıBolşevik Rusiyasında görülən işlərdən bəhs edilir. Bu birinci sütun imzasız dərc olunur. Bu guşə sonrakı saylarda yer almayıb. Bununla belə, Türk Dil Qurumu və türkcənin sıxlaşması ilə bağlı yazılar çıxmağa davam etmişdir. Bu yazılardan diqqət çəkənlərdən biri Qazanlı Abdullah Battal (Taymas) 21–22-ci nömrələrdə yayımlanan "Türk Dəngbəyliliyinin 10. İli" başlıqlı məqaləsidir. "Saf türkcə cəhdi" xəbərdarlığı ilə başlayan yazıda demək olar ki, heç bir xarici sözdən istifadə olunmadığı görünür. Mətnin sonunda məqalədə istifadə olunan xalis türkcə sözlər mənaları ilə birlikdə lüğət şəklində verilmişdir. Bunlar arasında türk ləhcələrindəki acun (dünya), alpaqut (qəhrəman), enyen (idarə, rejim), tokuş (müharibə), yazı (meydan), budun (millət) kimi tarixi mətnlərdə və ləhcələrdə istifadə edilən sözlərlə yanaşı, özditrəmə (Həyəcan), benbeylik (səltənət), elyurd (dövlət), bitrim (qərar), carlamaq (elan etmək), onarım (islahat), işıqlılar (ziyalılar), yazqıç (qələm) kimi törəmə qarşılıqları da varidi. Əhməd Cəfəroğlu həmin nömrənin başqa bir məqaləsində "Türk Dili Araşdırmalar Cəmiyyəti"nin "Osmanlıcadan Türkcəyə Yazışmalar Kılavuzu"nun hazırlanmasına töhfə vermək məqsədilə Azərbaycanın Gəncə ləhcəsində olan türkcə sözləri bəzi osmanlı sözlərə qarşılığını lüğət şəklində dərc edir.[14]

Türkiyə Cumhurəytinin qurulmasının 10-cu ili münasibətilə buraxılan bu nömrə "Atatürkün Gəncliyə Xitabəsi" ilə başlayır. Sonra isə Əhməd Cəfəroğlunun dəyərləndirmə yazısına yer verilmişdir.

30-cu nömrədə sonrakı 31–32-ci nömrələrin "Türk Dili Qurultayına" həsr olunacağının xəbəri verilmişdi. 31–32-ci nömrələr birlikdə nəşr olunmuş və ilk səhifədə qurultayın Türk dünyası üçün əhəmiyyətindən bəhs edilmişdi.

1934-cü ildə buraxılan 36-cı nömrədən sonra jurnal 1954-cü ildə bir nömrə yayımlayaraq yayım həyatını sonlandırmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Abid Tahirli. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: Qapp poliqraf. 2002. səh. 106. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
  2. Ələkbərli, 2021. səh. 58
  3. 1 2 Yaqublu, 2014. səh. 20
  4. Yaqublu, 2014. səh. 19
  5. Önən, 2005. səh. 264
  6. Gönlübol, 1996. səh. 18
  7. Gönlübol, 1996. səh. 20
  8. AYB, 1932. səh. 3-4
  9. Terzi, 2008. səh. 115
  10. "Arxivlənmiş surət". 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
  11. Yaqublu, 2014. səh. 21
  12. 1 2 Terzi, 2008. səh. 116
  13. Terzi, 2008. səh. 117
  14. Terzi, 2008. səh. 118

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]