Dövlət Vergi Xidməti (Azərbaycan) — Vikipediya

Dövlət Vergi Xidməti
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 23 oktyabr 2019
Əvvəlki qurum Azərbaycan Respublikası Vergilər Nazirliyi
Tabelik İqtisadiyyat Nazirliyi
Baş qərargah Bakı Bakı
Ünvan Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155, AZ1029
Rəhbərlik
Rəis Orxan Nəzərli
Rəis müavinləri İlkin Vəliyev
Samirə Musayeva

Rəsmi saytı taxes.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Tarix[redaktə | mənbəni redaktə et]

1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır.

1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir.

1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır.

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.

11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.[1]

23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.[2]

12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.[3]

3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.[4]

6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.[5]

Vəzifələri[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:[6]

  • vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
  • müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
  • ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək;
  • vergitutma ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflər hazırlanmasında iştirak etmək;
  • vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək;
  • 3.0.18–1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək;
  • vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək;
  • hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək;
  • dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək;
  • "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;
  • kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq;
  • vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq;
  • Vergi Məcəlləsinə uyğun olaraq aksiz markalarının hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
  • Vergi Məcəlləsinə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
  • "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;
  • siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;
  • vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək;
  • vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək;
  • vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;
  • öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
  • fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
  • Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
  • Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
  • müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
  • Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
  • fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
  • Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Hüquqları[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır.[3]

  • müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək;
  • müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək;
  • Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək;
  • Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
  • müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
  • fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
  • strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
  • strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;
  • müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
  • "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək;
  • vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək;
  • səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;
  • maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;
  • qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;
  • qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək;
  • aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək;
  • nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək;
  • lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq müvafiq tədbir görmək;
  • lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq;
  • nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək;
  • hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq;
  • qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq;
  • dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq;
  • "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq;
  • müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
  • vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;
  • Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Dövlət Vergi Xidmətinin strukturu[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan MR Dövlət Vergi Xidməti[7]
  • Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi
  • Milli Gəlirlər Baş İdarəsi
  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
  • Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi
  • İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi
  • Ərazi vergilər baş idarələri
  • Ərazi vergilər idarələri
  • Rayon vergilər şöbələri

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurum:

  • Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi[8]

Tədris Mərkəzi[redaktə | mənbəni redaktə et]

19 iyul 2001-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin imzaladığı "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır.[9]

Tədris Mərkəzinin yeni kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində inşa edilib. 2011-ci ilin sentyabr ayının 13-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olub.[10]

Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib. Tədris Mərkəzi Şamaxıda yerləşən yeni inzibati binada öz fəaliyyətini davam etdirir. Mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı proqramlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005–2007-ci illər)[11]

Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası (2011–2015-ci illər)[12]

Dövlət Vergi Xdimətinin informasiya resursları[redaktə | mənbəni redaktə et]

"Vergilər.az" onlayn qəzeti[13]

11 fevral 2000-ci ildən "Vergilər" qəzeti dərc edilməyə başlayıb. 1 yanvar 2019-cu ildən "Vergilər" qəzetinin çap versiyasını əvəz edən "Vergiler.az" onlayn qəzet fəaliyyətə başlayıb. "Vergilər.az" onlayn qəzeti iqtisadi proseslər, vergi sahəsində baş verən yeniliklər barədə xəbərlər, məqalələr və müsahibələrin yer aldığı onlayn xəbər resursudur.[14]

"Azərbaycanın vergi jurnalı"[15]

1 iyul 2003-cü ildə "Azərbaycanın vergi jurnalı" Vergilər Nazirliyi tərəfindən təsis edilib. Jurnal rübdə bir dəfə 158 səhifə həcmində 1000 nüsxə tirajla nəşr edilir "Azərbaycanın vergi jurnalı" Dövlət Vergi Xidmətinin resenziyalı elmi nəşridir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.

Beynəlxalq reytinqlər[redaktə | mənbəni redaktə et]

Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2019" hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib. "Doing Business 2019" hesabatında 2 indikator "Biznesə başlama" (Starting business)[16] (11) və "Vergilərin ödənişi" (Paying taxes)[17] birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, "Biznesə başlama" üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə[18], "Vergilərin ödənilməsi" indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib.[19]

"Doing Business" hesabatlarında "Biznesə başlama" indeksi üzrə göstərici

  • 2015 – 12-ci yer
  • 2016 – 7-ci yer
  • 2017 – 5-ci yer
  • 2018 – 18-ci yer
  • 2019 – 9-cu yer

"Vergilərin ödənilməsi" indeksi üzrə göstərici

  • 2015 – 33-cü yer
  • 2016 – 34-cü yer
  • 2017 – 40-cı yer
  • 2018 – 35-ci yer
  • 2019 – 28-ci yer Azərbaycanın "Doing Business 2019" hesabatında "Biznesə başlama" üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, "Vergilərin ödənilməsi" indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlməsi[18][19]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Vergilər Nazirliyinin tarixi". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  2. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  3. 1 2 "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
  4. "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"də və 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  5. "O.F.Nəzərlinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-07.
  7. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-07.
  8. "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  9. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2016-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  10. "Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak etmişdir". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  11. "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005–2007-ci illər) təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  12. "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası (2011–2015)" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-24.
  13. "Arxivlənmiş surət". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  14. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  15. "Arxivlənmiş surət". 2012-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  16. "Doing Business: Starting business indicator". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  17. "Doing Business: Paying taxes indicator". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  18. 1 2 "ВБ 2019 Показатель благоприятности условий ведения бизнеса". 2019-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  19. 1 2 "DB 2019 Ease of Doing Business Score". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]