Azərbaycan–Latviya münasibətləri — Vikipediya

Azərbaycan–Latviya münasibətləri
Azərbaycan və Latviya
 Azərbaycan  Latviya
Latviyadaki Azərbaycanin səfirliyi
Səfir Elnur Sultanov
Ünvan Riqa, Rainas bulvari, 2-5, LV-1050
Azərbaycandaki Latviyanin səfirliyi
Səfir Edqars Skuya[1]
Ünvan Bakı, Nizami küç., 69 ISR Plaza, 11-ci mərt. AZ 1005
Digər
Quruluş tarixi 11 yanvar 1994
Dövriyyə 0,046 mlrd doll. (2022)

Azərbaycan–Latviya münasibətləriAzərbaycan Respublikası ilə Latviya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hər iki respublika SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır[2].

Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır[2].

Diplomatik əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvar ayının 11-də qurulmuşdur[3].

Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir[2]. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlamışdır[2].

İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur[2]. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir[2].

Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir[2]. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır[2].

İkitərəfli görüşlər[redaktə | mənbəni redaktə et]

Dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olmuşdur. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti Guntis Ulmanis arasında görüş keçirilmiş; iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur[2].

Parlamentlərarası əlaqələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşü

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur[5]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[6]. 4 mart 2016-cı il tarixindən Kamran Bayramov işçi qrupunun rəhbəridir[4].

Diaspor[redaktə | mənbəni redaktə et]

Latviya azərbaycanlıları[redaktə | mənbəni redaktə et]

Latviyada təxminən 1200[2] nəfərdən 2000[7] nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər[7]. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir[7].

30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır[2].

"Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir[8]. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir[8].

Daha bir təşkilat isə Latviya “AZERİ” Gənclər Birliyidir[9].

İqtisadi əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər o qədər də yüksək olmasa da, bu sahədə tədricən müəyyən irəliləyiş əldə olunur[2].

Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir[2].

Biznes forumlar[redaktə | mənbəni redaktə et]

2006-cı ilin oktyabr ayında Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib[2]. Biznes forumda hər iki tərəfdən 100-ə qədər iş adamı, həmçinin hər iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Vayra Vike-Freyberqa iştirak etmişlər.

2009-cu ilin avqust ayında Bakıda növbəti Azərbaycan-Latviya biznes forumu keçirilib[2]. Bu dəfə də hər iki ölkənin prezidentləri forumun işində iştirak ediblər[2]. Bu biznes forumda həmçinin Azərbaycandan 120-dək şirkətin nümayəndəsi və Latviyadan 75 iş adamı iştirak etmişdir[2].

Əmtəə dövriyyəsi (min doll.)[redaktə | mənbəni redaktə et]

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[10] 873,78 11 799,51 12 673,29
2021[11] 9 878,76 17 308,92 27 187,68
2022[12] 27 602,26 18 740,17 46 342,43

Mədəni əlaqələr[redaktə | mənbəni redaktə et]

31 yanvar 2007-ci ildə Riqada "M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Milli kitabxanası arasında əməkdaşlıq haqqında Saziş""M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Akademik kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında Saziş" imzalanmışdır[2].

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9 may 2007-ci ildə Riqada Azərbaycanın məşhur muğam ustası Alim Qasımovun konsert proqramı təşkil olunmuşdur[2].

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış "Teleqraf" qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib[2].

Müqavilə-hüquq bazası[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 41 sənəd imzalanmışdır[13].

İdman sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2023-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Azərbaycan - Latviya münasibətləri Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine. lib.aliyevheritage.org  (az.)
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  4. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  7. 1 2 3 Azərbaycan diasporunun məskunlaşma coğrafiyası Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine. diaspor.gov.az  (az.)
  8. 1 2 Diaspor Arxivləşdirilib 2017-02-26 at the Wayback Machine. riga.mfa.gov.az  (az.)
  9. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələrindən Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine. president.az, 04.04.2016  (az.)
  10. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  11. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  12. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  13. Müqavilə-hüquq bazasi Arxivləşdirilib 2017-02-26 at the Wayback Machine. riga.mfa.gov.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]