Atropatena — Vikipediya

Satraplıq
Atropatena
 
 
 

Paytaxt Qazaka, Ərdəbil[1]
Ən böyük şəhər

Aqnazana, Fraaspa, Tavreş,

Ordvil, Fanaaspa
Rəsmi dilləri Atropaten dili
Dövlət dini Zərdüştilik
İdarəetmə forması monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان‎, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان‎) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi cənub ərazilərini və İranın bir hissəsini əhatə edirdi.

Keçmiş Əhəməni satrapı,[3] əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra) Atropatena dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yenidən ilk olaraq Azərbaycanın cənub ərazisində,sonra isə cənubun təsiri ilə Azərbaycanın şimalında müstəqil dövlət meydana gəlir.[4]

Adlandırılması[redaktə | mənbəni redaktə et]

Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.[5]

Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır[6]. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.

Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" ("آذربایجان") kimi işlənməyə başlamışdır.[6] Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.

Paytaxtı[redaktə | mənbəni redaktə et]

Mənbələr Atropatenanın iki — yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera — indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır.[7] 1958-ci ildə İranAlmaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır. Əsas olaraq, buradan Şiz məbədinin qalıqları tapılıb. Şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır. Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərdə əhali sənətkarlıq və ticarətlə,şəhərətrafı ərazilərdə isə əkinçilik və maldarlıqla məşğul olmuşdur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarınınxalqlarınınkuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.

Bu ərazidə qədimdən yaranan Manna dövlətinin sonralar Midiya tərəfindən işğal olunması, daha sonra həmin ərazinin Əhəmənilər imperiyasına qatılması, şübhəsiz, yerli əhalinin etnik tərkibinə təsir göstərmişdir.Atropatena əhalisi o zaman başqa qonşu ölkələrdə olduğu kimi, yeknəsəq olmamışdır. Antik dövr müəlliflərinin məlumatlarına görə bu ərazidə matienlər, saqartilər, kadusilər, gellər, utilər, anariaklar, pavsiklər, mardlar, maqlar, azərilər və başqaları yaşamışlar.Matienlərin qədim huri tayfası mitannilərə, saqartilərin burada qədimdə yaşamış zikertularla bağlı olduqları söylənilir. Atropatena ərazisində yaşayan tayfalardan biri də kadusilər idi. Qaynaqlarda onlar midiyalıların, kaspilərin, albanların, matienlərin qonşuları kimi göstərilirlər. Onlar 20 min peltast və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Kadusilər yaxşı mizraq atır, dağlıq yerlərdə çox yaxşı döyüşərək süvariləri əvəz edirlər. Onlar Xəzərin cənub-qərb sahillərində yaşayan gellər və kaspilərə yaxın idilər.[8]

Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdular. Onlar Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər. Maq dedikcə təkcə bu adı daşıyan tayfa deyil, eyni zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri sayılırdı. Lakin maqların təlimində hakim Zərdüşt inamından fərqli cəhətlər də var idi. Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən ibarət olduğu göstərilir.[8]

Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları (qədim mənbələrlə təsdiq olunmur)[7][9] əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] Azərbaycan türklərinin ulu əcdadları[7][10] olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.[mənbə göstərin]

Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan[11][12] biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kadusilər, utilər və mardların qonşuluğunda yaşayırlar[13]. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasuçay arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.[14].

Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır[14]. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.

AlbaniyadaErmənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır[15]. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır[14].

Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır[14]

Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax[14] kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.[7]

Atropatenada yaşayan İrandilli etnoslardan[16][17][18][19] ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir[20]. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarında[21] yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir[22].

Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır.[15].

Tarixi coğrafiyası[redaktə | mənbəni redaktə et]

Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.

Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş) şatristanları daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.

Midiyadan dağlar vasitəsiylə ayrılan bu ölkə, Fasiddən Hirkan dənizinə (Xəzər) kimi geniş bir ərazini əhatə edirdi[23]. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idi[24].

Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə Ermənistan və Matianadan Şərqdə, Böyük Midiyadan Qərbdə və Şimalda yerləşir. Cənubdan o, Hirkan dənizilə sərhəddir.’’

Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan (Adurbadaqan-Atropatena) Guhistan (Gilan) və Xəzər dənizi, Qərbdən Ermənistan (Şərqi Anadolu), Şimaldan Allan (Qafqaz Albaniyası), Qabk dağları (Qafqaz dağları), İraq Cəzirəsi ilə həmsərhəddir. Buradan məlum olur ki, müəyyən dövrlərdə Atropatenanın sərhəddi Qafqaz dağlarına qədər uzanmışdır.

Orta əsr ərəb coğrafiyaşünası İbn Haqvəlin yazdığına görə: "...bu ölkəni Şərqdən CibalDeyləm, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin (Mesopotomiyanın) bir hissəsi, Şimaldan allanlar (Qafqaz albanları) və Qafqaz dağları, Cənubdan İraq hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edirdi[25]. Bundan başqa İbn Haqvəl Ərməniyyə, Qafqaz Albaniyası və Atropatenanı bir iqlim hesab edir.

Atropatenanın parflar, ermənilərsuriyalılar kimi qonşuları olmuşdur. Atropatena hökmdarları yeri gəldikdə onlarla qohumluq əlaqələri də yaradırdılar[26]

Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela vuruşmasında bütün Əhəməni dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").

Albanlarsakesinlər də Əhəməni imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri idilər. Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.

Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti dövründə madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi Gürcüstanın vilayətlərinə də yayılırdı. Maraqlıdır ki, Herodota görə, "Kolxidadan Madaya girmək çətin deyil". Yenə də həmin müəllif məlumat verir ki, skiflər "Fasis (görünür, Rioni və ya Çorox çayının – İqrar Əliyev) yaxınlığında Madaya soxulmaq" niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır".

Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər də salırdılar.

Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının vilayətlərində bir neçə müstəqil dövlət – Elimaida, Xarakena, Persida, I Artaşesin Ermənistan çarlığı, Sofenada, Zariadrinin Ermənistan çarlığı meydana gəlir. Özünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və hətta öz sikkəsini buraxmağa başladı. Parfiya da asılılığın daşını atdı. Beləliklə, e.ə. 160-cı ilə yaxın Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş oldular.

Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü... Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan – İqrar Əliyev) Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və Qoqarenanı... xaliblərdən və mossiniklərdən Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı... tutub aldılar".

Dövlətin əsasının qoyulması[redaktə | mənbəni redaktə et]

Makedoniyalı İskəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.

Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti dövründə Atropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. Makedoniyalı İskəndər İss vuruşmasından (e.ə.332) sonra Kiçik Asiya, Suriya, Finikiya, Fələstin və digər əraziləri işğal etdi. Bu məğlubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər DəcləFərat çaylarını keçərək e.ə. 331-ci il 1 oktyabrda qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İss savaşı zamanı Atropatın Midiya ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər satraplıqların satrapları kimi Atropat da İskəndərlə olan hər üç savaşda iştirak etmişdir. Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.

Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə,Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində yarımmüstəqil kadusilər, qafqaz albanlarısisaklar da iştirak edirdi.

Arrian maraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarışıqlıqdan istifadə edən Bariaks adlı bir nəfər hakimiyyəti ələ keçirir. Arrianın göstərdiyinə görə e.ə. 324-cü ildə özünü Parsua və Midiya hökmdarı elan etmişdi. Atropat isə onu tutub İskəndərə vermişdi. Bu fakt Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq Əhəmənilər imperiyasını dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə dayandı. Atropatın loyal münasibətini görüb ona müsbət münasibət bəsləyən İskəndər bir müddət onu öz yanından buraxmadı. Məşhur Suz təntənəsində iştirak edən Atropat öz qızını makedoniyalıların süvari dəstələrinin başçısı Perdikkiyə ərə verərək onunla qohum oldu. Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğuna görə qarşıya çıxmış ağır şəraitdən bacarıqla istifadə etdi və tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi.

İskəndər Midiyaya gədikdə Atropat onun yaxın adamlar ilə birlikdə qalibin şərəfinə verilən ziyafətdə iştirak edirdi. İskəndər Midiyada olarkən orada bəslənən məşhur Nisa atlarına baxır. O ,50000 atı hökmdar ordusuna götürür. İskəndərin bir sıra siyasi tədbirlərində Atropat şəxsən iştirak edirdi. Arrianın yazdığına görə Atropat İskəndərə 100 nəfərdən ibarət atlı cəsur döyüşçü qadın dəstəsi bağışlamışdı. O, yazır: "Midiya satrapı Atropat İskəndərə 100 nəfər amazonkalardan ibarət dəstə bağışlamışdı. Onlar kişi geyimi geymiş, yüngül silahlarla yaraqlanmışdılar." Qeyd edək ki, Strabon da amazonkaların Qafqaz dağlarında qarqarların qonşuluğunda (müasir Qarabağ-Zəngəzur zonasında) yaşadığını qeyd edir.

Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İskəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət yürüdən bir dövlətə çevrildi.

Yeni yaranmış dövlət antik müəlliflərin qeyd etdiyinə görə banisinin adı ilə adlandırılmağa başladı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır. Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropatidlər sülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.

Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxtı Süleyman) və Vera (Marağa) adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada yay, Verada isə Qış sarayları yerləşirdi (Bu fakt Atropatidlərin də digər türk tayfaları kimi müəyyən qədər də olsa köçəri həyat sürdüklərini göstərir). Qazakada bu sülalənin yay, Verada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Süleyman) hələ Midiya dövləti dövründən müqəddəs sayılan Azərgüşnasp məbədi mövcud idi.

Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.

Atropatidlər[redaktə | mənbəni redaktə et]

Atropatın varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək, yunan-makedoniyalıların ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində olmasının əsas səbəblərindəndir.

Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz edirdi. Burada Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da, Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də ola bilərdi. Aşkara çıxarılmış məşhur avroman perqamentləri yunan dilinin, yazısının və hüquq normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz etdiyini göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun sərhədlərinin genişlənməsi ilə səciyyələnir. Qonşu vilayətlərdəki yunan-makedoniyalılar kimi, Atropatidlər də geniş şəhərsalma işlərinə başlamışdılar. Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatımız vardır. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə başqa abidə də məlumdur.

Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək Suriya, erməni və Parfiya padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və dostluq əlaqələri, çox güman ki, uzaq şimala – albanlara, sakesinlərə və müasir Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı.

Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət Polibinin əsərinin bir parçasından gedir.

E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən – İqrar Əliyev) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır". Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin (bu adın altında Atropatena midiyalılarını düşünmək lazımdır – İqrar Əliyev) üstünlüyü dövrü olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-aşkar "madalı" adlandırır.

Atropatena-Selevki münasibətləri[redaktə | mənbəni redaktə et]

Atropat Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər vilayətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdi. Polibinin göstərdiyinə görə Selevki hökmdarı III Antiox (e.ə. 223-222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropat Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan düşmənə müqavimət göstərərək onu geri çəkilməyə məcbur etmiş, hətta paytaxtları Selevkiyə qədər qovmuşdur.

E.ə. 20-ci ildə Atropatena çarı Artabazan Selevkilərlə müharibəni bitirərək onlarla sülh müqaviləsi bağlayır. Bu müqaviləyə görə Atropatena ərazisi xeyli genişlənmiş olur. Belə ki, Ayrarat vilayətinin baş şəhəri olan Armavirlə birlikdə Araz vadisi Atropatenann tərkibinə daxil edildi. Atropatena ərazisi Kolxidaya qədər gedib çatdı (Polibi,V,55).

Yustinin göstərdiyinə görə Selevki hökmdarı VII Antioxun dövründə Selevkilərlə Arşakilər arasında gedən müharibədə Böyük Midiya mühüm rol oynamışdır. Bu müharibədə Arşakilər bir neçə dəfə məğlub edilmişdilər. VII Antiox parfları yer üzündən silərək, məhv etməyi qarşısına məqsəd qoymuşdu.

VII Antiox öz hərbi regionlarını parfların geri çəkildiyi bölgələrdə yerləşdirirdi. Regionların yerləşdiyi yaşayış məntəqələrində baş verən üsyanlar Selevkilərin məğlub edilməsində mühüm rol oynamışdır.

312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni tarix hesabı – Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən Selevkin əlinə keçir.

Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən Atropat özü artıq IV əsrin lap sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (302-281) qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.

Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti fəlakət həddinə çatdı. Baktriya, SoqdianaParfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu. 223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli toqquşması III Antioxun adı ilə bağlıdır.

Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı: Mada satrapı Molon öz qardaşı Parsa satrapı Aleksandrla birlikdə Selevkilərin hakimiyyətinə qarşı üsyan qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar hamısını, o cümlədən Mesopotamiyanı tutdu. Yalnız çox böyük səylər bahasına Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan sonra sürətlə Atropatenaya soxulması Molonun tədbirində atropatenalıların fəal iştirakına dəlalət edir. Antioxun Artabazanla müharibəsi sülhlə qurtardı. Atropatena müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu.

190-cı ilə yaxın, Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı.Bu melumatlar guman edilir . Alimler bu haqda dusunurler

Atropatena-Parfiya münasibətləri[redaktə | mənbəni redaktə et]

Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.

Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.

Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq xalqlarını Selevkilərin, yunan-makedoniyalıların hədsiz zülmündən xilas etmək uğrunda mübarizə aparan "vətənpərvər" qüvvə kimi parfiyalıların Atropatenada mövqeyi, ola bilsin, artıq möhkəmlənmişdi. Bir mühüm cəhət də ondan ibarətdir ki, parfiyalılar etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq "öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə yaranırdı.

Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini saxlaya bilmişdilər. Atropatilər çarlığının parfiyalılar tərəfindən zəbt olunduğunu güman etməyə əlimizdə əsas yoxdur, çünki hələ öz "Coğrafiya" əsərini e.ə. lap son illərdə başa çatdırmış Strabon yazırdı: "Atropatenanın ailəsində varislik hələ indi də davam edir".

Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə. I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha əvvəllər başlanmışdı. Bunu e.ə. I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş yayılması da təsdiq edir və güman etməyə əsas var ki, Ekbatanada kəsilmiş Parfiya gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış.

Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir. Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün Atropatenanın özündə çox böyük bir zəmin vardı. Hellinləşməyə müqavimət burada kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları türk etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin, dininin, dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.

Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini genişləndirmək və strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək niyyətindən, ən əvvəl atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə qarşı mübarizədən ibarət idi. Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I minilliyin əvvəllərinə gedən "öz" mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq idilər. Hələ o zaman Qərbi İran vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta etiqadları mövcud idi. Mada hökmranlığı dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında mazdaizm – Avesta təlimlərinin mövqeləri daha da möhkəmlənməkdə idi. Atropatidlərin və Atropatena madalılarının rəsmi dini mazdaizm-zərdüştilik – Avesta dini idi.

Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn, "parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı.

Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropatenalılar Roma əleyhinə sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə özlərinin istiqlaliyyətini qoruyub saxladılar. Strabon yuxarıda nəzərdən keçirilmiş hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000 süvari və 40000 piyada çıxara bilər".

Atropatena-Ermənistan əlaqələri[redaktə | mənbəni redaktə et]

Ərəb Xilafəti tərkibində Atropatena – Azərbaycan ərazisini göstərən bir xəritə

Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz, ermənipərəst və antiroma siyasəti idi.

Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin əlaqələri çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında inkişaf edirdi.

Parfiya ilə Ermənistan arasında gedən müharibələr nəticəsində Ermənistan II Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran uzun müddət Arşakilər sarayında saxlanıldı.

E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir məlumata görə, Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70 vadini təşəkkür əlaməti olaraq Parfiyaya verir. Bu vadilər üstündə dövlətlər arasında mübahisə gedirdi. Hələ Strabon yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və bu qonşular – ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar".

Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində parfiyalılara verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ I Artaşes onları atropatenalılardan almışdı. Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ Ermənistan dövlətinin meydana gəlməsinin lap ilk dövründə iki çar arasında düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı. II Tiqran (95-55-ci illər) artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına – ilk növbədə Sofenadakı erməni çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun qızı Kleopatra ilə evlənir. Ermənistan çarı Atropatilərlə də qohum idi – Atropatena çarı Mitridat II Tiqranın qızını almışdı.

Pont-Ermənistan ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək idi. Lakin Roma ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı idi.

Parfiyalıların Fərat sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi.

II Tiqran Sofenanı tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə Roma ilə qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük tələfata uğradısa da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları parfiyalılarla təmasa girmək üçün yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.

Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş müharibəsi qızışır, bunlar II Tiqranın əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən 90-cı illə 88-ci il arasında parfiyalılara basqın edir və ilk növbədə, özünün azad edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır.

Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də işğal etmişdi ki, coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib "Albaka" yazılmalıdır (həmin yer indiki Beşqala ətrafında yerləşən müasir Böyük Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt Atropatena çarı ilə artıq qohum olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar Mitridatmı idarə edirdi?

Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa çevrilmişdimi, atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı" olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə zamanı ona köməkçi qoşunlar göndərməyi öhdəsinə almışdımı? Yalnız burası məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd edildiyi kimi, erməni padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində çox şey bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.

E.ə. 70-ci ildə II Tiqranın qayınatası Pontlu Mitridat Roma sərkərdəsi Lukull tərəfindən darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının" məşvərətçisi oldu. Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə Ermənistana soxuldu və həmin ilin yazında Tiqranakerti mühasirəyə aldı. O ərəfədə II Tiqran çox böyük bir ordu toplamışdı. Plutarxın verdiyi məlumata görə, "ermənilər və korduenlər yığma qoşun kimi hamılıqla tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar Əliyev) və adiabenliləri yığma qoşun kimi gətirdilər, Babildə olan dənizin sahillərindən çoxlu ərəb gəldi, Kaspi [sahillərindən] çoxlu alban gəldi, albanlarla qonşu olan çoxlu iber gəldi, çarları olmayan, Araz [sahillərində] sürülər otaran bir çox tayfalar gəldi, [bəziləri] yardım göstərmək, [başqaları] ənam almaq arzusu ilə gəldilər".

Plutarxın verdiyi məlumata görə, fəlakətli döyüşdən qabaq II Tiqran qoşunun orta hissəsinin komandanlığını öz öhdəsinə götürmüş, sol cinahı Adiabena padşahına, zirehli süvarilərin əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena – İqrar Əliyev) padşahına etibar etmişdi.

Süvari qoşunun bu zirehlənmiş və nizələrlə silahlanmış hissəsi on yeddi min süvaridən ibarət idi və Plutarxın dediyinə görə, II Tiqran ona "xüsusi ümidlər bəsləyirdi". Plutarx bu barədə məlumat verərkən ayrıca qeyd edir ki, "bu, Lukullun senata raportunda göstərilmişdir". Müttəfiq qoşunun məhz bu hissəsinə komandanlıq etmək II Tiqranın kürəkəni Atropatena çarı Mitridata tapşırılmışdı. Müttəfiq qoşunun madalılardan ibarət olması və Atropatenadan gətirilməsi demək olar heç bir şübhə doğurmur [atropatenalılarda 10.000 süvari olması haqqında Strabonun verdiyi məlumatı, yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlayaq: "padşahlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar Əliyev) və adiabenliləri yığma qoşun kimi gətirdilər" və i.a.

Müttəfiq qoşunun sayca böyük üstünlüklərinə baxmayaraq, çarın səhvləri nəticəsində e.ə. 69-cu ilin payızında Tiqranakert yaxınlığındakı döyüşdə Lukull düşmənlərini darmadağın edərək qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən var-dövlət keçdi – onlar II Tiqranın səkkiz min talantdan ibarət xəzinəsinə, otuz milyon medimn taxıla və çoxlu miqdarda başqa sərvətlərinə yiyələndilər. II Tiqran istila etdiyi torpaqların demək olar hamısını itirdi. Məğlubiyyət çox ağır nəticələr verdi. Bu, silah zoruna yaradılmış Böyük Ermənistan dövləti süqutunun başlanğıcı idi.

Lakin müttəfiqlər məğlubiyyətdən sonra da Roma əleyhinə cəbhəni gücləndirməyə çalışırdılar. Onlar erməniləri parfiyalılarla barışdırmaq və ümumi düşmən olan Romaya qarşı birgə mübarizəyə sövq etmək üçün çox böyük səylər göstərirdilər.

Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda, çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt tərpəndilər: Lukull parfiyalıların hüzuruna elçi göndərdi. Beləliklə, tərəflərin hər biri özünün xeyrinə olaraq Parfiya çarı III Fraatı münaqişəyə cəlb etməyə cəhd göstərdi. Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz, çox böyük səhv idi.

Atropatenalı Mitridatın fəal iştirakı ilə əsasən ermənilərdən, iberlərdən, mardlardanatropatenalılardan çox böyük bir ordu toplamış II Tiqran və Pontlu Mitridat e.ə. 68 və 67-ci illərdə Lukull üzərində bir neçə mühüm qələbə qazandılar. Birinci qələbə 68-ci ilin sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi.

Artaşata tərəf getmək niyyətində olan Lukull Mesopotamiyaya yollanmaq məcburiyyətində qaldı. Bu arada müttəfiq orduları öz müvəffəqiyyətlərini inkişaf etdirərək Kiçik Asiyaya soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə böyük cəsurluq göstərərək, romalılara qəfildən basqınlar edir, onların pərən-pərən düşmüş kiçik dəstələrini təqib edib qırırdı.

Müttəfiqlərlə müharibələrdə Romanın məğlubiyyəti heç də Şərq vilayətlərinə qarşı Roma qəsbkarlığının sonu deyildi. E.ə. 66-cı ildə Qney Pompey Şərq vilayətlərində səlahiyyətli canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu əvəz etdi və dərhal müharibəyə güclü hazırlıq görməyə başladı. Pompey ən əvvəl parfiyalılarla ittifaq bağladı, bu ittifaqın şərtlərinə görə parfiyalılar Ermənistanla müharibəyə başlamalı idilər; o, II Tiqranın oğlu Kiçik Tiqranı atasının üzərinə qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran atasına qarşı üsyan etdi. Tiqran III Fraatın qızı ilə evləndi, Parfiya qoşunlarını Ermənistana çağırdı və Parfiya qoşunları, bəzi məlumatlara görə, Atropatenanı tutmuş Ermənistana soxuldular və Artaşatı mühasirəyə aldılar. Pompey bu arada Pontlu Mitridatı tamamilə darmadağın edib Ermənistana soxuldu və Artaşata yaxınlaşdı.

Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə. 66-cı ildə romalılarla həqarətli bir sülh bağladı. Sülhün şərtlərini Pompey irəli sürmüşdü.

II Tiqran külli miqdarda təzminat verməyə məcbur oldu, istila etdiyi bütün torpaqları itirdi və "yalnız ata yurdunun" – Ermənistanın çarı olaraq qaldı. Bu andan II Tiqran "Roma xalqının dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur, Ermənistan isə böyük dövlətdən asılı çarlığa çevrilir.

Bəzi Roma qaynaqlarında Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın" (Atropatenanın) və onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq Daranın əlinə keçmişdi.

Mənbələr göstərir ki, Atropatenanın Ermənistanla əlaqələri dəyişkən xarakter daşımışdır. Ermənistan tarixində Atropatenanın və atropatenlilər in rolu,ümumiyyətlə çox böyükdür. Əsrlərlə qonşu yaşamış xalqlar arasında geniş mədəni və ticari əlaqələr mövcud idi. Yadelli işğalçılara qarşı aparılmış mübarizələrdə bəzən Atropatena Ermənistanla birgə hərəkət edərək, müttəfiqlik əlaqələri yaradırdı. Digər tərəfdən mənşə etibarilə atropatenlilərdən olan bir sıra şahzadələr müəyyən vaxtlarda Ermənistanın hakimi olmuşdular. Lakin bir sıra hallarda mədəni və iqtisadi əlaqələr pozulurdu. Atropatenlilərin Ermənistan taxt-tacına yiyələnmələri, qonşu ölkənin ərazisini tabe etmələri faktları ilə yanaşı, ermənilərin də Atropatena ərazinə yürüşləri məlumdur.

Strabonun göstərdiyinə görə, e.ə. I əsrdə Ermənistan çarı II Tiqran öz yeznəsi olan Mitridadın (Mehrdad) torpaqlarına hücum edib, Sumbaki adlı ərazini tutub öz ölkəsinə qatmışdı. Lakin bu hadisə uzun müddət davam etməyib, II Tiqran tərəfindən işğal edilmiş ərazi yenidən Atropatenaya birləşdirilmişdir.

Bundan başqa e.ə. I əsrin axırlarında Atropatena hakimləri yenidən Ermənistan taxtında möhkəmlənmək üçün səy göstərirdilər. E.ə. I əsrin sonu, b.e. I əsrinin əvvəllərində Atropatenanı Roma ilə dostluq əlqələri saxlayan Artabarzan idarə edirdi. O, bir müddət Ermənistan taxtını da ələ keçirmiş, lakin bu uzun çəkməmişdi.

Eramızın 2-11-ci illərində Ariobarzanın oğlu V Artavazd Atropatena ilə yanaşı Ermənistanın da şahı olmuş, doqquz il müddətinə Ermənistanı özünə tabe etmişdir. Ermənistan parf mənşəli hökmdar II Tiqranın hakimiyyəti dövründə güclənməyə başlayır. Bu zaman II Tiqran Parfiya dövlətinin zəifləməsindən istifadə edib Parfiya torpaqlarına, eləcə də Atropatena ərazisinə sozxulur və Atropatena torpaqlarının bir hissəsini (Şimal Qərb vilayətlərini – müsir Naxçıvan, Xoy, MakuSalmas ərazilərini) özünə tabe edir. Lakin bu hal uzun çəkmir. Tezliklər II Tiqran romalılar tərəfindən məğlub edilir və öz ordusunu Azərbaycandan çıxarmalı olur.

Atropatena – Qafqaz Albaniyası əlaqələri[redaktə | mənbəni redaktə et]

Albaniya və Atropatenanın siyasi əlaqələri ilə bağlı mənbələrdə hansısa diqqət çəkən məlumatlar qorunub saxlanmamışdır. Görünür bu Azərbaycan ərazisində yerləşən hər iki dövlətin sakit qonşuluq münasibətlərinin olması ilə əlaqədardır. Albaniya və Atropatenanın sərhəddləri Araz çayı boyunca keçmişdir. Lakin heç də bu sərhəddlərin sabit olduğunu demək olmaz. Belə ki, müasir NaxçıvanZəngəzur ərazisini əhatə edən Sünik vilayəti və Balasakan vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur.[27] Bu vəziyyət təxminən bizim eranın III əsrinin əvvəllərinə qədər davam etmiş III əsrdən isə hər iki vilayət qəti şəkildə Qafqaz Albaniyasının tərkibinə qatılmışdır.

Bu iki vlayətin gah bir dövlətin gah da digər dövlətin tərkibinə qatılmasını etnoloq alim prof. Q. Qeybullayev etnik səbələrlə izah edir. Belə ki, mənbələrdə Qafqaz Albaniyası ərazisində yaşayan bəzi tayfaların Atropatena ərazisində də yaşaması qeyd edilmişdir. Balasakan vilayətində məskunlaşmış kaspilər həm də Atropatena ərazisinə yayılmışdı.[28]

Həmçinin Qafqaz Albaniyasının aparıcı tayfalarından olan albanların da Atropatena ərazisində yaşaması haqqında da mənbələrdə məlumatlar vardır. Görünür bu iki dövlət arasında dinc münasibətlərin olmasını da məhz hər iki dövlətin əsasən eyni etnik ünsürlərdən təşkil edilməsi ilə izah etmək mümkündür.[29]

Atropatena-Roma əlaqələri[redaktə | mənbəni redaktə et]

Selevkilərin parflar tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar Parfiyanın ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə Ermənistanın müttəfiqi kimi çıxış etdi və Tiqranakert döyüşlərində birləşmiş Atropatena-Ermənistan orduları Romaya güclü zərbə endirdi.[30] Həmçinin Atropatena Romaya qarşı Parfiya ilə də müttəfiqlik edirdi.

Strabonun göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-cı ildə böyük bir qüvvə ilə Şərqə hücum edən görkəmli sərkərdə Antoni Ermənistanı işğal etdi. Ermənistan çarı Artavazd 16.000-lik silahlı qüvvəsini məcburiyyət qarşısında onun ixtiyarına verdi. Antoni isə Atropatenanı tutmağa tələsirdi. Ermənistan çarı Artavazd Antoniyə yaz başlıdıqda hücum etməyi məsləhət gördü. Lakin Antoni onun məsləhəti ilə razılaşmayıb e.ə. 36-cı ilin payızında 100.000-lik ordu ilə Araz çayını keçərək Atropatena ərazisinə girdi. O, Atropatna hökmdarlarının qış iqamətgahı yerləşən Vera şəhərini tutdu və Fraaspa şəhərinə tərəf hərəkət etdi. Lakin Fraaspa atropatenlilər tərəfindən müdrikliklə müdafiə edilirdi. Atropatena hökmdarı, ləyaqətli sərkərdə olan II Artavazd şəxsən şəhərin müdafiəsinə rəhbərlik edirdi. Antoni tələsdiyindən ağır silahlar və qalauçuran alətlərlə silahlanmış Tatyanusun dəstəsindən ayrılmışdı. Bunu görən parflar arxada qalan Tatyanusun dəstəsinə hücum edərək, ordunun 10.000 lik həmin hissəsini məğlub etdilər və Tatyanusun özünü də öldürdülər. Bu hadisəni eşidən Antoni əsəbləşmiş və tez bir zamanda Fraaspanın tutulması əmrini vermişdi. Vəziyyətin ağırlaşdığını görən Ermənistan çarı Artavazd Antonini döyüş meydanında tək qoyaraq öz ordusu ilə birgə Ermənistana qaçmışdı.

Fraaspanın qəhrəmancasına müdafiəsi, atropatenlilərin güclü müqaviməti, işğalçılara qarşı partizan müharibəsinin aparılması, parflar tərəfindən Tatyanusun öldürülüb, ordusunun darmadağın edilməsi romalıların əzmini qırıb, onları geri çəkilməyə məcbur etdi. Antoninin Atropatenanı işğal etmək niyyəti baş tutmadı.

Atropatena hökmdarı II Artavazd romalılardan külli miqdarda qənimət və hərbi əsir ələ keçirdi. Antoni Atropatena ərazini tərk etdikdən sonra əldə edilmiş qəniməti bölmək üstündə Parfiya hökmdarı IV Fraat ilə Atropatena hökmdarı II Artavazd arasında ziddiyyət yarandı. E.ə. I əsrin son illərində bu ziddiyyətlərdən istifadə edən II Artavazd roalılarla dostluq əlaqələri yaratmağa başladı. Atropatena hökmdarı II Artavazd Antoni ilə qohum oldu. Üzərində Avqustun təsviri və "Böyük hökmdar Artavazda" sözləri yazılmış gümüş sikkə bu dostluq əlaqələrini sübut edir. Yeni müttəfiqlərinə arxalanan II Atravazd Atropatenadan Qərbdəki vilayətlərdə (Ermənistan ərazisində) fəal siyasət yürütməyə başladı.

Romalıılar e.ə. 69-cu ildə Lukullun komandanlığı altında Pont çarı Mitrdat Evpatorun qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, Qafqaz Albaniyası və Atropatenanın da zəbt edilməsi qorxusu yarandı. Lukull Ermənistanın paytaxtı Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı mənşəcə parf olan II Tiqranın müttəfiqləri olan atropatenlilər, qafqaz albanlarıiberlər öz orduları ilə onun köməyinə gəldilər. Plutarx qeyd edr ki, hökmdarlar əli silah tuta bilən bütün madaylarqafqaz albanları ilə birgə bura gəlmişdilər. Babil yaxnlığında olan dənizdən çoxlu ərəb, Kaspi dənizindən isə külli miqdarda alban və onların qoşunları gəldilər. Həmçinin Araz boyunda yaşayan müstəqil tayfalardan da az adam gəlməmişdi (Plutarx,Antoni,XXX,VIII).

Tiqranakert yaxınlığındakı döyüşdə ermənilərin, atropatenliləriniberlərin birləşmiş qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Onlar romalıların üstünə ox yağdırır, yanar neft tökürdülər. Plutarxın göstərdiyinə görə atropatenlilərin və albanların ordusu müttəfiqlər ordusunun çox böyük bir hissəsini təşkil edirdi. Belə ki, Tiqranakert yaxınlığında döyüşdə müttəfiqlər ordusunun sağ cinahı Midiya qoşunları adlanan qoşunlardan ibarət idi. Buna baxmayaraq Lukull Tiqranakerti ala bildi. Lakin e.ə. 67-ci ildə Roma qoşunları böyük itki verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldu. Roma senatı Lukullu komandanlıqdan kənar edərək buraya məşhur sərkərdə Qney Pompeyi göndərdi.

Atropatena Arşakiləri[redaktə | mənbəni redaktə et]

Atropatenanın Atropatidlər sülaləsindən olan sonuncu hökmdarı V Artavazd idi. Onun dövründə Atropatenada Kiçik Arşakilər sülaləsinin və ya Atropatena Arşakiləri sülaləsinin əsasını qoyulmuş, III Artaban hakimiyyət başına keçdi. Arşakilərin Atropatenadakı kiçik qolu Sasanilərin hakimyyət başına gəlməsinə kimi hakimiyyət başında olmuşdur. Arşakilərin hakimiyyət başına gəlməsi ilə Atropatenada baş verən bütün siyasi cərəyanlar birmənalı şəkildə Romanın əlehinə çevrilmişdir.

Arşakilər hakimiyyətini ələ keçirən II Artaban öz qardaşı Vanonu Atropat Midiyasının təyin etdi. Eramızın 10-40-cı illərində hakimiyyət başında olmuş Atropatena hökmdarı III Artaban ana tərəfindən Parfiyanın Şimal – Şərq zonasında yaşayan zadəgan köçəri tayfaya mənsub olmuş, atası sə Atropatena hökmdarı olmuşdur. Məhz bu səbəbdən də III Artaban Atropatenada Arşakilərin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni olmuşdur. Beləliklə Atropatın nəsli Artavazddan sonra Atropatena ilə yanaşı bütün İrana və ona tabe olan əyalətlərə də hökmdarlıq etmişdir.

Arşakilərin Atropatenada hakimiyəət dövrünün ən yadda qalan hadisələrindən biri də alan tayflarının ölkə ərazisinə yürüşü olmuşdur. Antik müəlliflərin əsərlərində allanların Atropatenaya iki yürüşündən bəhs olunur. Allanlar eramızın 72-74-cü illəri arasında Xəzər sahili əyalətlərə o cümlədən Atropatenaya da basqınlar etmişlər. Alanlar bu zaman çox geniş bir ərazidə – Azov və Xəzər dənizləri arasındakı böyük torpaqlarda yaşayırdılar. Arşakilər sülaləsindən olan Atropatena hökmdarı Pakor da allanların hücumlarının qarşısını ala bilməmişdi. Parfiya hökmdarı Valagez (Balaş) əlacsız qalaraq bu böyük təhlükənin qarşısını almaq üçün parflara düşmən olan Roma imperatoru Vespasiana üraciət edib kömək istədi. Romalılar isə bu zaman parfların təklifini rədd edərək allanlara qarşı vuruşmaqda onlara kömək etmədilər.

Arşakilərin kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanı hərbi-siyasi cəhətdən gücləndirməyə səy göstərirdilər. Bu hökmdarlar qüvvətli ölkələrlə ictimai-iqtisadi bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar.

Atropatena hökmdarları (e.ə. 250-ci ildən b.e. 224-cü ilinə kimi ) Arşakilər hakimiyyət başına gələn dövrdən ta onların hakimiyyətinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişdilər. Lakin müxtəlif mənbələrdən Atropatena hökmdarlarının tarixin fərqli dövrlərində az miqdarda da olsa Parfiya şahlarına xərac vermələri faktları da məlumdur. Müharibə zamanı isə öz orduları ilə düşmənlə vuruşmalı olurdular. Bunun müqabilində parflar Atropatenanın daxili işlərinə qarışmır və qayda – qanunlarına toxunmurdular.

Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və güclənməsi dövrü idi.

Atropatena Sasanilərin tərkibində[redaktə | mənbəni redaktə et]

226-cı ildə baş verən tacqoyma mərasimində Sasanilər sülaləsi başçısı Ərdəşir Şahənşah (şahlar şahı) titulunu qəbul etməklə, 651-ci ilə qədər mövcud olan Sasanilər dövlətinin əsasını qoydu. Gənc dövlətin fəal xarici siyasəti tezliklə qonşu Bizansla toqquşmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi Qafqaz Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü, Ermənistanın böyük hissəsi, Albaniyaİberiya Sasanilər dövlətinə birləşdirildi. Bu imperiyanın dastakertinə – vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə (başlıca olaraq neft, duz) görə dövlətin iqtisadiyyatında birinci dərəcəli rol oynadı; zərdüştiliyin mühüm mərkəzi də Adurbadaqan oldu. 

603-cü ildə başlanan növbəti Sasani-Bizans müharibəsi 628-ci ilə kimi davam etdi. Tərkibində Azərbaycan türklərinin də olduğu sasani qoşunları 622-ci ilə kimi uğurla vuruşurdular; hələ 614-cü ildə Yerusəlim ələ keçirildi, Konstantinopol mühasirəyə alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyişdi, belə ki, məhz bu vaxtdan II Xosrovun qüvvələrinin bir hissəsi şərq sərhədinin köçərilərdən qorunmasına cəlb olundu. 623-cü ilin aprelində Ermənistana basqın edən Bizans imperatoru İrakli Dvini ələ keçirib, Adurbadaqan ərazisinə daxil oldu; Qazaka işğal edildi, buradakı Azərgüşnasp məbədi isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya şəhərləri, o cümlədən Həmədan tutulub darmadağın edildi.

Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təşkil edən şəhrlərdən (şəhr – ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları hələ ilk Sasani hökmdarı I Ərdəşirin (224-241) Albaniya, Balasakan və Sisakan hakimlərinin şahlıq hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu I Şapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir.

Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən Azərbaycanda aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də müxtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan – Cənubi Azərbaycan ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.

Bu vilayətlərin hakimləri şəhriyar – "şəhr sahibləri", əyalətlərininki isə payqospan – "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar. I Şapurun kitabəsi bu sözlərlə tamamlanır: "...Və bütün bu çoxsaylı şəhrləri [və onların] şəhriyar və payqospanlarını mən bizə bac verənə və rəiyyətimizə çevirdim".

VI əsrdə I Xosrov Ənuşirəvanın inzibati islahatları nəticəsində dörd iri canişinlik – "kusf (hərfən: "tərəf, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və ərəb) məlumatına görə Cənubi Azərbaycan "Azərbaycan kustu" adlanan Şimal canişinliyinin tərkibində idi. Buraya həmçinin Albaniya, İberiya, Ermənistan, Balasakan, Sisakan, Rey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Ruyan (Rovan), Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün tarixi Midiya torpaqları canişinliyin tərkibində idi. Bəzi ərəb müəllifləri (ət-Təbəri) xəbər verirlər ki, dövlətin dörd canişinliyə bölünməsi hələ I Xosrova qədərki dövrdə həyata keçirilmişdi; I Xosrov hakimiyyət başına keçən kimi Sasanilərin dörd əyalətini idarə edən dörd payqospana, o cümlədən Adurbadaqan, Ermənistan və qonşu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiş, dövlətin baş hərbi rəisi – spahbedin vəzifələrini dörd "kustun" spahbedləri arasında bölüşdürmüşdü. Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir ərazini – Sasani imperiyasının Ermənistandan Təbristanadək bütün Şimal əyalətlərini, eləcə də talışların, xəzərlərin, alanların və b.-nın torpaqlarını idarə edən Azərbaycan spahbedi haqqında məlumat vardır.

Cənubi Azərbaycanda Təxti-Süleymandakı Adurquşnasp od məbədində aparılan qazıntılar zamanı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir ki, kust termini həmçinin vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da işlənirdi. Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluşunu öyrənmək baxımından da maraq doğurur. Belə ki, Paris Milli kitabxanasında Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və Balasakan vilayətlərinin (kustlarının) böyük katolikosu".

Hələ Arşakilər dövründə çox vaxt özünü idarə edən şəhərlərin idarəsinə gəldikdə, Sasanilər dövründə bu şəhərlər şəhrablar tərəfindən idarə olunurdu. Adurbadaqan kustun tərkibinə daxil olan şəhərlərin də idarəçiləri bilavasitə şahənşaha tabe olan şəhrablar idilər. Təxti-Süleymanda aşkar edilən VI-VII əsrlərə aid bullalarda Azərbaycan şəhrabı (burada, görünür, ya Şimal kustunun bir parçası olan bütün Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi nəzərdə tutulur) haqqında məlumat vardır.

Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən olan Bet-Daraye mərzbanı Şahrənin, yenə həmin nəsildən olan Albaniya və İberiya mərzbanı Piran-Quşnaspın (onun xristian adı Qreqor olub; xristianların təqibi zamanı, 542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiş azərbaycanlılardan Rişəhr döyüşünün iştirakçısı, Pars mərzbanı Şəhrak haqqında məlumat verir.

Tədqiqatlardan aydın olur ki, bütün Şimal – Adurbadaqan kustunu idarə edən spahbed və payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət edirdilər. IX-X əsr ərəb coğrafiyaşünaslarının məlumatının təhlili "böyük mərzbanlar" adlanan Adurbadaqan mərzbanlarının iqamətgahının Ərdəbil, Bərdə, Dərbənd (Bab əl-Əbvab) və bəlkə də Qazaka və ya Şizdə yerləşdiyini göstərir.

İctimai münasibətlər[redaktə | mənbəni redaktə et]

Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.

Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.

Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara məxsus imiş. Quldarlıq da inkişaf edibmiş.

Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.

Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə davam etdirsə də və ətraf aləm tərəfindən Mada kimi qavranılsa da, Azərbaycan məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Atropatenanın maddi mədəniyyət abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə öyrənilmişdir. Bu, birincisi, yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Buna baxmayaraq, artıq indi Atropatenanın yaşayış məskənlərini və onların tiplərini, memarlıq prinsiplərini, tikinti texnikasının üsullarını, dəfn adətlərinin tipləri, bu dövlətin pul dövriyyəsinin səviyyəsini və maddi mədəniyyətin bəzi başqa cəhətlərini bu və ya digər dərəcədə səciyyələndirmək olar.

Almaniya Arxeoloji İnstitutu nun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki kəşfiyyat işləri Mada-Atropatenada [Parfiya] dövründə tikilmiş qalalar haqqında təsəvvür yaradır. Bu işlərin gedişində uzun zaman ərzində, o cümlədən keramik materialın mühakimə yürütməyə imkan verdiyi kimi, Parfiya dövründə də fəaliyyət göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-Növduz, Ərdəbildən 30 kilometr şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca, çətinliklə fəth oluna bilən təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla, yarımdairəvi qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən çinlilər vardı.

Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının seçilməsi tamamilə ətraf landşaftın şəraitindən asılı olmuşdur. Müxtəlif vilayətlər arasındakı iqtisadi əlaqələrin nisbətən inkişaf etməməsi üzündən inşaat materiallarının daşınması çətin idi və buna görə də yerli materiallara üstünlük verilirdi. Atropatenanın coğrafi şəraiti inşaat materialı kimi daşın geniş surətdə tətbiq olunmasına yardım edirdi. Düzdür, emalı xeyli zəhmət tələb etdiyi üçün daş (əsasən yonulmamış) ilk növbədə müdafiə xarakterli qurğuların (şəhər və qala divarları, qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə möhkəmləndirilmiş kiçik daşlar və çaydaşıları adətən bişmiş kərpicdən ucaldılan binaların özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat materialı hesab etmək olar ([Zöhhak qalası|Qaleye-Zöhhak]dakı pavilyon). İctimai təyinatlı binaların memarlıq baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə tətbiq edilirdi. Məsələn, Qaleye-Zöhhakda olan sarayda xeyli sayda bəzək detalları qeydə alınmışdır. Burada qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın daş kvadratlardan tikilmiş otaqlarından biri qismən açılmışdır.

Tikintidə ağac çox məhdud surətdə tətbiq edilirdi (damın üstünü örtmək üçün tirlər, qapının yan taxtaları və üst tirləri və s.) və mahiyyətcə ikinci dərəcəli inşaat materialı idi.

Bişmiş kərpicdən tikilmiş qurğularda tez quruyan əhəng və ya gil məhlulu tətbiq edilirdi. Tağların və arkaların hörülməsi texnikası aşağıdakı kimi idi: kərpiclər ya tağın mərkəzinə radial münasibətdə yastısına yerləşdirilir, ya da dikinə qoyulmuş şəkildə hörülürdü. Qarışıq hörgü üsulu da tətbiq edilirdi (Qaleye-Zöhhakda olduğu kimi).

Saray, məbəd binalarının, ictimai qurğuların memarlıq tərtibatının detalları, onların inşası zamanı tətbiq olunmuş materiallar Atropatenanın kifayət dərəcədə çoxsaylı abidələrində aşkara çıxarılmışdır. Lakin onların əksəriyyəti ya başqa məqsədlərlə aparılmış işlər zamanı, ya da onların yeni və ən yeni dövrün qurğularında yenidən istifadə olunması gedişində qeydə alınmışdır. Bu hal isə onların dəyərini xeyli azaldır. Çox güman ki, yalnız iki abidə Mada-Atropatena ərazisində mövcud olmuş memarlıq prinsiplərinin az və ya çox dərəcədə tam mənzərəsini verir: mülki xarakterli yaşayış yerinin nümunəsi kimi Qaleye-Zöhhak və məbəd qurğusu olduğu güman edilən, Təkab yaxınlığında yerləşən Kerefto (Karafto, Karaftu) qaya kompleksi.

Tədqiqatçılar tərəfindən yaşayış məskənlərindən və qəbirlərdən əldə olunmuş zəngin və rəngarəng saxsı materialı Atropatenada keramika istehsalının geniş şəkildə inkişaf etdiyini və yerli sənətkarların-dulusçuların yüksək səviyyəli ustalığını təsdiq edir. Keramika həm formaların müxtəlifliyi (kuzələr [çox hallarda burunlu], güldanlar, nimçələr, bardaqlar, möhtərlər və b.), həm də məmulatın yüksək keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş gildən hazırlanmış, bərabər yandırılmışdır. Qablar qırmızı, sarıya çalan açıq-qəhvəyi və yaxud boz-qara rənglidir. Anqob və cilalama geniş surətdə tətbiq edilirdi. Qırmızı boya ilə zəncir, həndəsi fiqur, çiçək motivləri və s. şəklində naxışlanmış qabların (əsasən kuzələrin) çoxsaylı qrupu mövcuddur. Boyalı keramika ilə yanaşı, ştampla naxışlanmış keramik formalara da təsadüf olunur. Minalanmış qablar ayrıca qrupu təşkil edir.

Keramika materialının artımı ilə əlaqədar olaraq keramikanın bu və ya digər qrupunun mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu da, şübhəsiz, sonralar Atropatenanın keramika məktəbinin yaranmasına gətirib çıxarmalı idi.

Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən (e.ə. III – II əsrlər) və son (e.ə. I əsr – eramızın II əsri) inkişaf mərhələləri.

Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir. Lakin Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların naxışlanmasında, həm də onların profillərində müşahidə olunur.

Madanın və Mada-Atropatenanın keramika sənətləri arasındakı fərqləri qeyd edərkən Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəkliyin olmasını da göstərmək lazımdır.

Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə müşahidə edilir. Təxminən e.ə. II əsrin ikinci yarısından etibarən hazırda Parfiya dövrünün arxeoloji obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu, qırmızımtıl-qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda "clinkyware" adı almışdır. Keramikanın bu növü Parfiya dövrünün əvvəlində meydana gələrək təqribən həmin dövrün sonunadək mövcudluğunu davam etdirmiş, eramızın II əsrinin sonlarından tez olmayaraq aradan çıxmışdır. Bu tipli keramikanın xüsusilə çoxlu qalıqları Qaleye-Zöhhakda qeydə alınmşdır.

E.ə. I əsr – eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir. Üç-dörd kiçik ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib olunmuş heyvan başı şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.

Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə öyrənilməmişdir. Əslində iri gil qablardan ibarət olan, ədəbiyyatda "küp qəbirlər" adını almış qəbirlərdən başqa Atropatena ərazisindən qəbirlərin digər növləri hələlik məlum deyildir.

Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr, eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir məzarüstü qurğulara malik deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə tutulmuş küpün içərisində xırda avadanlıq və bəzək əşyaları (qolbağlar, boyunbağılar, üzüklər, muncuqlar və s.) yerləşdirilir, küpün yanında isə gil qablar qoyulurdu. Gil qabların içərisində qırmızı və qara rəngli boyalarla, həndəsi ornamentlərlə bəzədilmiş qabları (əsasən küpləri), içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır. Dəfn küplərinin oriyentasiyası sərbəstdir.

Küp qəbirlər uzun müddət ərzində əsasən eramızdan əvvəlki dövrün son əsrlərinə aid edilirdi. Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində (Mil düzündə) tədqiq olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid etməyə imkan verir.

Atropatena ərazisindən tapılmış sikkə dəfinələri və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmağa imkan verir. Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi hələlik az təsadüf edilən sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı İskəndərin ölümündən sonra dövriyyəyə buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.

Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox geniş yayılmışdı. E.ə. I əsrin – eramızın II əsrinin draxmaları xüsusilə geniş şəkildə təmsil olunmuşdur. Həmin draxmalar II Oroddan (e.ə. təqribən 57-37-ci illər) başlamış IV Vologezədək (eramızın 147-191-ci illəri) dövrü əhatə edir.

Atropatena ərazisində tapılmış iki dəfinə Atropatenada pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 1923-cü ildə Əhərdə tapılmış və I Qotarzdan II Orodadək olan dövrdə buraxılmış, təxminən 600 Parfiya draxmasından ibarət olan dəfinə və Azərbaycan Respublikasının Şirvan bölgəsində aşkar olunmuş, II Artabandan (10-38-ci illər) IV Vologezədək olan dövrdə buraxılmış 110 draxmadan ibarət olan dəfinə.

Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə yanaşı məhdud miqdarda olsa da imperator Avqustun Roma denariləri də dövr edirdi. Artıq sikkələrin bu, o qədər də tam olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini təsdiqləyir.Atropateniyalilar əsasən zərdüşt idilər.

Yaşayış yerləri[redaktə | mənbəni redaktə et]

Zəngin təbii-coğrafi şəraitə malik olan Atropatena ərazisi tarixən insanın formalaşmasında dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu ərazi cəmiyyət tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələr diyarıdır. Urmiya, Ərdəbil, Təbriz, Meşkin, Mərənd, Sərab, Miyanə, Marağa, Zəncan, Maku, Germi və digər ərazilərdə dövrümüzə qədər gəlib çatan mağaralardan tutmuş, Həsənlitəpə, Göytəpə, Qaratəpə, Muğan, Təxti Süleyman, Mərənd, Gənctəpə və sair abidələr tarixiliyi, zənginlik və əzəmətinə görə indi də insanı heyran edir.

Atropatena tarixinin öyrənilməsində Baruc, Gənctəpə, Təxti Süleyman, Muğan, Ərşə mahalı, GermiSərab qazıntıları zamanı aşkarlanan yaşayış yerləri böyük əhəmiyyətə malikdir.

Baruc yaşayış yeri Mərənd şəhərindən 12 km aralıda yerləşir. Ərazidən aşkarlanan qala ərazisindən külli miqdarada maddi-mədəniyyət nümunələri əldə edilmişdir. Bu nümunələrin tədqiqi qalanın Atropatena dövrü yaşayış yerlərindən biri olduğunu sübut etmişdir. Maraqlı burasıdır ki, Baruc yaşayış yerindən tapılan materiallar GermiƏrşə mahalı materialları ilə tam eyniyyət təşkil edir. Ərşədən tapılan materiallar Atropatena cəmiyyətinin ictimai-iqtisadi inkişaf səviyyəsini öyrənməyə imkan verir. Bu ərazidə tapılan küp qəbirlər Qafqaz Albaniyası dövrü küp qəbirləri ilə eynidir. Bu hansı isə eyni tayfanın (mütəxəssislərin əkəsriyyəti bu tayfanın skiflər və ya saklar olduğunu bildirirlər) hər iki dövlət ərazisində yaşadığını göstərir. Germi qazıntıları zamanı tapılan zinyət əşyaları və saxsı məmulatı eramızın I – III əsrlərində artıq Atropatenada sənətkarlığın yüksək inkişaf etməsini göstərir.

Qazaka şəhərini əhatə edən Şiz qalasının qalıqları

Meşkin şəhəri yaxınlığında aşkar edilmiş Sasani şahı Nersi tərəfindən yazdırılmış kitabənin də dövrün siyasi tarixini öyrənmək üçün böyük tarixi əhəmiyyəti var. Ərdəbil, Maku, SərabTəbriz ətrafında təsadüfən tapılmış əşyalar da Atropatena tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir. Atropatena tarixinin öyrənilməsi sahəsində bir sıra problemlər vardır. Belə ki, İran tarixçiləri ya Atropatena tarixi yoxmuş kimi sadəcə olaraq bu böyük dövlətin və xalqın tarixinin üstündən keçmiş, ya da onu fars dövləti kimi təqdim etməyə çalışmışlar. Təxti Süleyman istisna olmaqla Atropatena yaşayış yerlərində demək olar ki, tədqiqatlar aparılmamışdır. Güney Azərbaycan İranın tərkibində olduğundan Azərbaycan tarixçilərinin isə ulu əcdadlarının yaratdıqları dövlətin və mədəniyyətin tarixini tədqiq etmək imkanı yoxdur. Azərbaycan tarixçiləri sadəcə hansısa yazılı mənbələr əsasında Atropatena tarixi üzrə müəyyən məsələlərə aydınlıq gətirə bilmişlər.

Atropatenanın paytaxtı, qədim Azərbaycan şəhəri Qazakada ( bugünkü Təxti – Süleyman xarabalıqları) alman və İran arxeoloqları tərəfindən 8 il müddətində qazıntı işləri aparılmışdır. Həmin qazıntılar zamanı aşkara çıxarılmış bir sıra möhtəşəm memarlıq abidələrinin qalıqları, eləcə də digər maddi mədəniyyət nümunləri Atropatena mədəniyyətinin müəyyən tərəflərinin öyrənilməsinə imkan yaradıb.

Təxti Süleyman Güney Azərbaycanda Urmiya gölünün Cənub-Şərqində Əfşar mahalında yerləşir. Bu ərazi Cənub-Şərqdən Zəncan, Şimal-Qərbdən Marağa, Qərbdən Kürdüstanın Sənəndəcvə Bicar şəhərləri ilə həmsərhəddir. Bu ərazidə arxeoloji qazıntılar aparılmasında iki məqsəd güdülürdü:

  1. ParfiyaSasanilər imperiyası zamanında Atropatenanın paytaxt şəhəri olan Qazakada tarixi mənbələrdə tez – tez adı çəkilən və atəşpərəstlərin ən məşhur məbədi olan Azərgüşnap məbədini tapmaq.
  2. Azərgüşnap məbədinin yeri haqqında mütəxəssislər arasında yaranan mübahisələrə son qoymaq.

Bizans tarixçisi Mitenli Feofana (750-817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir. Həmdullah Qəzviniyə görə monqolların dövründə Abaqa xan orda olan sarayın təmir edilməsini əmr etmişdir. Atəşgahın yerində məscidin tikilməsi üçün istifadə olunan kaşılar da bunu isbat edir.

Təxti Süleymandakı qala (Şiz qalası) ellips şəklində 12 min kvadrat metrə bərabər olmaqla Şimaldan cənuba uzunluğu 400 metrə, Şərqdən Qərbə isə 300 metrə bərabərdir.

Dairəvi formada olan şəhər divarları 1120 metr uzunluğundadır. Divarlar 3,9 metr enə və 13 metr hündürlüyə malikdir. Qala dəniz səviyyəsindən 2450 m yüksəklikdə olub, ətrfındakı ərazilərdən 18-20 metrə qədər yüksəklikdə yerləşmişdir. Şəhər divarları yonlumuş kiçik daşlar və əhənglə tikilmişdir. Həmçinin divarlar səliqə ilə yonulmuş daşlardan üzlük də çəkilmişdir.

Atropatenada din[redaktə | mənbəni redaktə et]

Atropatenada zərdüştilik[redaktə | mənbəni redaktə et]

Qədim atropatenalılar Zərdüştün yaratdığı Zərdüştülük dininə sitayiş edirdilər.Güman etmək olar ki, artıq e.ə. I minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud Atropat Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının mövcud olduğunu ehtimal etmək olar.

Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri, xüsusilə Herakla sitayiş də yayılmışdı.

Avestaya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir hissəsidir.

Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir neçə dəfə – III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki, məhz zərdüştiliyin intibahı dövrü olan Sasanilər hakimiyyəti zamanında Avestanın müqəddəs mətnlərinin daha dəqiq, incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi əlifbası (öz mənşəyi etibarilə arami yazısına gedib çıxır) əsasında xeyli miqdarda işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi idi. Maraqlıdır ki, bu hadisə gürcü, ermənialban əlifbalarının meydana gəldiyi bir zamanda baş vermişdir.

Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili – orta fars dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi.

Atropatenada xristianlıq[redaktə | mənbəni redaktə et]

Adurbadaqanda xristianlıq haqqında ilk yazılı qeyd 420-ci ildə katolikos Yabalahın dövründə (415-419) çağırılmış sinodun aktlarında qorunub saxlanmışdır. Lakin bu faktın özü xristianlığın burada mövcud olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını verir; belə ki, yeni dinin yayılması üçün zəmin olmayan yerdə yepiskopluq yarana bilməzdi.

Albaniyada, eləcə də indiki GürcüstanErmənistan ərazisində olduğu kimi, Adurbadaqanda da xristian kilsəsi feodal münasibətlərinin yarandığı dövrdə meydana çıxmışdır[31].

Mənbələrdə "ilk Şərq" həvarisi adlanan Müqəddəs Fomanın artıq e. ilk əsrində midiyalılarfarslar arasında dini təbliğat aparması haqqında faktlar az deyil. İsanın meracının ikinci ilində, o, Hindistana gedərkən, yolüstü parfiyalılar, midiyalılar, farslar, baktriyalılar, markianlar arasında təbliğat aparmışdı. Siryani mənbələrinin yazdığına görə, Gilan əhalisi xristianlığı həvari Addaydan qəbul etmiŞdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı.

"Yeni əhd" ("Əhdi-cədid") kitabları iudaizmin mərkəzi olan Yerusəlimi xristianlığın beŞiyi adlandırırlar; bu dini təriqətin ilk nümayəndələri də iudaistlər arasından çıxmış, xristianlıq özünün erkən dövründə məhz onlara dayaqlanmışdı.

Müasir Azərbaycanda və Cənubi Qafqazın başqa yerlərində xristianlığın qəbulu iudaistlərin bu yerlərdə çoxdan bəri məskunlaşması ilə sıx bağlıdır. Mənbələrin məlumatına görə, hələ II Sarqon (e.ə. 722-705) dövründə Şimal israillilərinin bir hissəsi Midiyaya, Atropatenaya və b. yerlərə gəlib çıxmışdılar.

Erkən xristianlığın təbliğatı Suriyada, daha sonra isə Şərqin başqa yerlərində uğurlu idi, belə ki, təbliğat arami dilində arami dilli əhali arasında aparılırdı. Ən əvvəl xristianlıq Kiçik AsiyadaSuriyada yayıldı, Antakiya (Antioxiya) şəhəri isə xristianlığın iri mərkəzlərindən birinə çevrildi. Məhz Antakiya kilsəsindən xristianlıq həvari Müqəddəs Pavelin vasitəsilə Kiçik Asiyaya, Kiprə, Yunanıstana yetişdi, daha sonra isə bir qədər əvvəl həvari Müqəddəs Fomanın təbliğatına məruz qalmış parfiyalılar arasında yayılmağa başladı. Eramızın II əsrində OsroyenaEdessada (ər-Ruha) kilsə təşkil olundu. Daha sonra xristian təbliğatı Farsa, Midiyaya, Baktriyaya doğru hərəkət edərək, nəhayət, Hindistana yetişdi.

Kesariyalı Evseviyin "Kilsə tarixi"nin III kitabında və Sokratın "Sxolastika"sında əks olunan köhnə rəvayətə görə, həvarilik nəsibi Fomaya Parfiyada, İsanın digər şagirdi Varfolomeyə isə Hindistanda qismət olmuşdur. Parfiyalılar, midiyalılar, elamlılar arasında xristian təbliğatı yayan Varfolomey farsların və məcusların yaşadıqları yerlərə, oradan isə Ermənistana getmişdi.

İsa peyğəmbərin digər şagirdi, İncilin müəlliflərindən biri hesab edilən həvari Müqəddəs Matfey Ekbatan (qədim Həmədan), Rey və Damağanda təbliğat aparmışdı. Babilistanda xristianlığı yaymağa çalışan həvari Müqəddəs Pyotrdan sonra həvarilərdən Müqəddəs Faddeyin şagirdi Axay burada dini təbliğatı davam etdirmiş, Edessaya qayıtdıqdan sonra öz yerinə müəllimi Faddeyin başqa bir şagirdi, Selevkiyə – Ktesifon şəhərində yepiskop kafedrasının təsisçisi sayılan Marini təyin etmişdi. Bu kafedra öz əhəmiyyətinə görə o dövrün xristian dünyasında mühüm yer tutur, onun yepiskopları isə Roma, Antakiya, İsgəndəriyyəKarfagen yepiskopları ilə bir səviyyədə sayılırdı.

Qaraköbər yaşayış yerindən aşkarlanmış Atropatena dövrünə aid boyalı qab (Azərbaycan Tarix Muzeyi)

Parfiya və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları təkcə İncil təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaşayan xristian-suriyalılara görə yarandı. Sasanilərin fəal xarici siyasəti nəticəsində xristian əhalisi olan torpaqların (Suriya, Kilikiya, Kappadokiya) işğal edilməsi də imperiyanın xristian əhalisinin sayını artırdı. İşğal edilmiş yerlərdən müxtəlif sənətkarların imperiyanın başqa şəhərlərinə köçürülməsi siyasəti də Sasanilər dövləti ərazisində xristian əhalinin sayının artmasına səbəb oldu.

Katolikosun oturduğu Ktesifon şəhərinin yerləşdiyi Bet Arameye (Qədim Babilistan) imperiyanın əsas vilayəti idi. Bundan sonra iyerarxiya sırası ilə arxiyepiskopluqlar gəlirdi. Mənbələr Ərbil, Həzz, Aşur və Mosul arxiyepiskopuna tabe olanlar sırasında Azərbaycan yepiskopunun da adını çəkirlər. Bu arxiyepiskop katolikosun seçilməsi və təyin edilməsində iştirak edən arxiyepiskoplar sırasında idi. Siryani mənbələrin məlumatına görə, Arran (Albaniya) yepiskopluğu belə hüquqa malik deyildi.

484-cü ildə çağırılmış Bet Lapat (Cundişapur, sonralar Şahabad) məclisində Sasani dövlətinin xristian kilsəsi nestoriliyi qəbul etdi.

Bu təriqətin əsasını qoyan Antakiya keşişi Nestorinin 428-ci ildə Konstantinopol patriarxt seçilməsi yerli kilsə xadimlərinin, eləcə də İsgəndəriyyə kilsəsinin narazılığına səbəb olmuşdu. Antakiya ilahiyyat məktəbinin ardıcılı olan Nestori ortodoksal xristianlıqla konfliktə girərək bu məktəbin təlimini təbliğ edirdi. Onun patriarxlığı dövründə İsanın təbiəti haqqında başlanan mübahisələrdə Nestori İsada ayrı-ayrılıqda insan və ilahi təbiətlərin mövcud olduğunu qəbul edirdi. Onun fikrini Asiya, Pont və Suriya yepiskopları müdafiə edirdilər. Suriya əhalisi Nestorinin təlimini vergi zülmünə qarşı etirazlarına bayraq etdilər. Bizansda təqib edilən nestorilər Şərqə qaçdılar. İran xristianlarının Edessada təsis etdikləri məktəb onların sığınacağı, sonralar isə təlimlərinin başlanğıc yeri oldu. Bu məktəbdə Sasani imperiyasının hər yerindən, o cümlədən, görünür, Azərbaycandan gəlmiş xristian balaları təhsil alırdılar.

Mənbələrin məlumatına görə Albaniyanın da daxil olduğu Adurbadaqan kustunun (canişinliyinin) tarixi Azərbaycana aid ərazisində Şərqi Suriya kilsəsinin aşağıdakı yepiskopluqları vardı: Partav – V əsrdən, Paytakaran – VI əsrdən, Adurbadaqan – V əsrdən, Qanzak – V əsrdən, Urmiya – IV əsrdən, Salmas – XIII əsrdən, Marağa – XIII əsrdən, Təbriz – XIII əsrdən, Uşnu – XIII əsrdən, Muğan – VIII əsrdən, 800-cü ildən isə mitropoliya.

Azərbaycanda xristianlıq haqqında ən erkən məlumat verən V əsrin əvvəllərinə dair, yuxarıda adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha dini cəhətdən tabe olan vilayətlər sırasında Arran, Azərbaycan, İberiya və Ermənistan da vardır.

Mənbələr V-VII əsrlərdə Adurbadaqanda yepiskopluq etmiş bir neçə kilsə xadiminin adlarını çəkir. Bunlardan "Qanzakın və Adurbadaqanın" yepiskopu Osiy (Yelisey) 486-cı ildə patriarx Akak tərəfindən çağırılmış kilsə məclisində iştirak etmişdi. Məclisdə qəbul edilmiş aktı imzalayanlar arasında onun da qolu var: "Mən Adurbadaqanda olan Qanzakın yepiskopu Osiy, burada yazılanlarla həmrəyliyimi bildirir, öz qolumu və möhürümü qoyuram".

Osiydən sonrakı yepiskoplardan İohannın imzasını katolikos I Mar Abanın (536-552) 544-cü ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan rustaqlarından olan Peraxravarın (Burxuvarın) bir kəndində sürgündə idi. 549-550-ci ilin qışında obu kəndi tərk edərək, I Xosrovun hüzuruna yollanmışdı. Onu Adurbadaqan yepiskopu İohann müşayiət edirdi. İohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu olmuşdur. 544-cü ildə Mar İosifin (552-567) patriarxlığı dövründə çağırılan sinodun qərarlarını imzalayanlar arasında onun da adı vardır.

Adurbadaqan yepiskopu Xenanişo 605-ci ildə Qriqorinin katolikos seçkisində iştirak etmişdir. Yerli də olsa, görünür, sonralar yaranmış ənənəyə görə Urmiya şəhəri ərazisində hələ apostolların vaxtında xristianlıq meydana gəlmişdi. Rəvayətə görə, bu şəhərdə hələ 165-ci ildə tikilmiş Mart Məryəm ("Xanım Məryəm") kilsəsi var idi. Lakin mənbələrdə bu gün də əllidən artıq nestori kilsəsinin olduğu Urmiya ətrafı ərazidə, eləcə də Uşnu, Salmas, Sulduz, MarağaTəbriz xristian kilsələri haqqında mötəbər məlumat yalnız XIII əsrə aiddir.

Mənbələr VI əsrin birinci yarısında Qazaka yepiskopluğu ilə yanaşı, Paytakaran yepiskopluğunun da adını çəkirlər. Tarixən məlumdur ki, V əsrin sonunda, alban hökmdarı III Vaçaqanın hakimiyyəti illərində Paytakaran alban vilayəti olur, VI əsrdə isə burada alban katolikosluğunun tabeçiliyində olan yepiskopluq yaradılır. Albaniya katolikosu Ter Abasın (551-596) patriarxlığı zamanı Paytakaranın yepiskopu Timofey olmuşdu. Mənbələrin məlumatına görə, bu dövrdə Cənubi Qafqazda, o cümlədən Albaniyada nestorilik təlimi geniş intişar tapır; hətta alban katolikosluğu bu təlimə qarşı mübarizə aparmaq məcburiyyətində qalır. Mənbələr bu dövrdə Paytakaranda nestori təliminin tərəfdarı olan yepiskopluğun yaranması haqqında məlumat verir, bu təlimin ardıcıllarının çağırdığı 544-cü il sinodunun aktlarına qol çəkən iki Paytakaran yepiskopu – İohann və İakovun adlarını çəkirlər.

Nestori təliminin ardıcılı olan katolikos I Timofeyin (780-825) cəhdi ilə VIII əsrin lap sonlarında Muğanda da yepiskopluq təsis edildi. Rahib İliya yepiskop seçildi. Mənbədəki məlumata görə, yepiskopluğu qəbul edən İliya ticarət karvanına qoşulub Muğana yola düşdü. Qatı zahid və tərki-dünya olan Mar İliya sərt həyat keçirir, adamboyu komada yaşayırdı; ev əşyalarından yemək üçün saxladığı quru çörək qabıqlarını yığmaq üçün sınıq qabı və gil dolçası var idi. Onun hətta yatacağı da yox idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina etmək və yarıac qalmaq kimi tərki-dünyalıq geniş inkişaf etmişdi.

İliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə başladılar, sər-sahman işlərinə Mar İliyanın özü başçılıq edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keşiş və dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".

Atropatena tarixinə dair qaynaqlar[redaktə | mənbəni redaktə et]

Atropatena tarixi haqqında Sasani hökmdarı I Şapur (240-270) tərəfindən Kəbeyi Zərdüştdə yazılmış kitabədən qədim yazılı mənbə aşkar edilməmişdir.Yunan və latın dilində olan antik dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat vardır. O cümlədən Herodot, Miletli Hekatey, Strabon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində Atropatena haqqında məlumatlara təsadüf edilir.

Miletli Hekatey (e.ə. VI-V əsrlər) "Yerin təsviri" adlı əsərində Atropatena ərazisində yaşayan tayfalar (xüsusilə maqlar) haqqında maraqlı məlumatlar vermişdir. Skiflərinkimmerlərin Əhəmənilər dövlətinin satraplıqlarına (Atropatena ərazisinə) yürüşləri haqqında olan məlumatlara Herodotun (e.ə.484-425) "Tarix" əsərində rast gəlinir. Atropatena haqqında ilk dəfə ətraflı məlumat verən Amasiyalı Strabon (e.ə. I əsr – b.e. I əsri) olmuşdur. Strabon Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qoşunları, adət və ənənələri barədə məlumat vermişdir.

İran tarixçilərindən Cəmaləddin Fəqih, Cavad Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim Hüveyda, Seyid Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə, Səid Nəfisi, ədəbiyyatçılardan Purdavud İbrahim, Məhəmməd Müin, arxeoloqlardan Mahmud Rad, Əli Hakimi, Əliəkbər Sərəfraz və başqaları İran tarixi ilə yanaşı, Azərbaycanın da qədim dövr tarixi ilə bağlı müəyyən araşdırmalar aparmış və fikir bildirmişlər. Bu tədqiqatçılar öz əsərlərində Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat vermişlər.

XIX əsrin sonu, XX əsrin əvvəllərində A.Kristensen Sasanilər dövrü haqqında bütün mənbələri gözdən keçirib fundamental tədqiqat əsəri yazmışdır. A.Kristensen həmin əsərində Sasanilər imperiyası tərəfindən tabe edilərək kusta çevrilən Atropatena haqqında da bir sıra dəyərli məlumatlar vermişdir.

Görkəmli şərqşünaslardan N.V.Piqulevskaya, M.M.Dyakonov, İ.M.Dyakonov, V.Q.Lukonin, A.Q.Perixanyan, Z.İ.Yampolski, Ə.S.Sumbatzadə, F.M.Məmmədova, K.H.Əliyev, A.H.Fazili, T.M.Məmmədov, S.Y.Qasımova və başqaları Atropatena tarixinin bir sıra problemlərinə dair tədqiqat işləri aparmışlar.

Atropatena tarixinə dair düşüncələr[redaktə | mənbəni redaktə et]

Məhəmmədhəsən xan Marağayi yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İskəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə hücum edib qələbə çalmışdır."

Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, Atropatidlər sülaləsi təxminən 358 il (eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi) hakimiyyətdə olmuşdur. Abdulla Fazili də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki, Strabon öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Digər tərəfdən Məhəmmədhəsən xanı İranın digər tarixçilərindən fərqləndirən cəhət həmin dövrdə Azərbaycanda mövcud olan müstəqil dövləti İran dövləti hesab etməməsidir.

Atropatidlər sülaləsinin son taleyi haqqında Səid Nəfisi yazır: "Parfların dövründə Atropaten əyaləti bir müddət daxili müstəqilliyə sahib olmaqla bərabər parfiyalılardan asılı idi. Beləliklə, eramızın II əsrinin yarısına qədər öz istiqlaliyyətini qoruyub saxlaya bilmişdir. Eramızın II əsrindən etibarən bu əyalət Azərbaykan adlanaraq, Sasanilərin son dövrünə qədər bu adı daşımışdır. Bundan sonra eramızın V əsrindən etibarən Suriya yazıçıları onu Azərbaycan adlandırmışlar. Bu söz ərəb dilində Azərbican, sonra isə Azərbaycan olmuşdur".

Səid Nəfisi daha sonra yazır: "Çox ehtimal ki, Sasanilər dövründə bir neçə ən mühüm atəşgahın bu əyalətdə olması ilə əlqədar olaraq Azərbaycan Zərdüştün vətəni kimi tanınmışdır".

Müəllif fikrini belə ifadə edir: "Ehtimal ki, eramızın 227-ci ilndən etibarən bu ərazi Sasanilərin nüfuz dairəsinə daxil edildikdən sonra İranın Şimal-Qərb hissəsinə bütövlükdə Azərbaycan adı verilmişdir. Belə ki, ora VI əsrdən Nəsturilərin dini mərkəzi olmuş və Suriya mənbələrində də bu ərazi Azərbaycan kimi adlandırılmışdır. Abbasi xəlifələrinin dövründə də bu əyalət Azərbaycan adlanırdı".

Abdulla Fazili isə qeyd edir ki, Səid Nəfisinin Atropatenanın siyasi həyatı ilə bağlı irəli sürdüyü fikirlərlə razılaşmaq olar. Çünki bu dövlət Makedoniyalı İskəndərin ölümündən ərəblərin yürüşünə qədər öz müstəqilliyini formal olsa da saxlaya bilmişdi. Sasanilər dövründə Azərbaycanın istər dini mərkəz olması, istərsə də təbii-coğrafi mövqeyi onun daha da şöhrətlənməsinə səbəb olmuşdur. Bu haqda A.Kristensen yazır: "Burada olan atəşgah Ərdəşir tərəfindən təmir edilərək əsas ziyarətgaha çevrildi".

Sasani şahlarının tacqoyma mərasimi zamanı paytaxt Mədaindən Azərbaycanın paytaxtı Qazakaya piyada gəlmələri də o dövrdə Azərbaycanın dini mərkəz olmasını sübut edir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Алиев И. Очерк истории Атропатены. Баку, 1989.
  • Bosworth, C.E. "Azerbaijan IV: Islamic History to 1941", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge & Kegan Paul, 1989.
  • de Planhol, X. "Azerbaijan I: Geography", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge & Kegan Paul, 1989.
  • Frye R.N. The History of Ancient Iran. München, 1983.
  • Schippmann, K. "Azerbaijan III: Pre-Islamic History". Encyclopaedia Iranica, vol. 3.1. London: Routledge & Kegan Paul, 1989.
  • Abdulla Fazili – Atropatena, Bakı, 1993
  • Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, II cild, Tehran, 1998, səh 326

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://web.archive.org/web/20130322101125/http://www.iranicaonline.org/articles/azerbaijan-i.
  2. 2,0 2,1 Nweeya, Samuel K. Persia, the Land of the Magi Or the Home of the Wise Men (ingiliscə). Philadelphia: The John C. Winston Co. 1913. səh. 79. the Caspian Sea and Ghilan bound it on the northeast, and Kurdistan on the southeast
  3. Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"
  4. Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. "Elm". 2007. Cild I, səh 217
  5. Richard J. A. Talbert. Barrington atlas of the Greek and Roman world: map-by-map directory, Volume 2. – "The modern name Azerbaijan derives from Atropatene"
  6. 6,0 6,1 "Chaumont, M. L. "Atropates", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge & Kegan Paul, 1989". 2012-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-01.
  7. 7,0 7,1 7,2 7,3 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  8. 8,0 8,1 Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Çıraq. 2009. səh. 81.
  9. Erix Fayql – İpək yolu üzərində qədim Odlar Yurdu – Azərbaycan Tarixi, Bakı, 2009
  10. A. Fazili – Atropatena, Bakı, 1993
  11. А. С. Сумбатзаде "Азербайджанцы — этногенез и формирование народа" Баку, Элм, 1990 г.
  12. Дьяконов И. М. История Мидии: От древнейших времен до конца IV в. до н. э., Москва — Ленинград, 1956
  13. Strabon, XI, 7, 1
  14. 14,0 14,1 14,2 14,3 14,4 Fərhənqe coğrafiye İran. I—XII cildlər(farsca)
  15. 15,0 15,1 Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
  16. "Encyclopedia Iranica, s.v. Azernbaijan". 2012-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-01.
  17. "проф. Энаят-Олла Реза, Азербайджан и Иран. Глава 6". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-01.
  18. "История Востока. Т.2 Глава V Между монголами и португальцами (Азия и Северная Африка в XIV—XV вв.) Закавказье в XI—XV вв". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-01.
  19. "проф. Энаят-Олла Реза, Азербайджан и Иран. Глава 7". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-01.
  20. Herodot, III, 92
  21. Strabon, XI, 8, 4
  22. Strabon, XI, 7, I
  23. Polibi,V,55
  24. Strabon,XI,13,2,3
  25. İbn Haqvəl,Surət əl-ərz,Tehran,1345
  26. Strabon, XI ,13
  27. F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, Elm, 1986, səh 124.
  28. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991.
  29. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994, səh 133
  30. Фазили А. Борьба атропатенцев против римских захватчиков (36 г. до н.э.). Проблемы античной истории и культуры, т. 1, Ереван, 1979
  31. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild, səh 113

Həmçinin bax[redaktə | mənbəni redaktə et]