Ariana Qrande — Vikipediya

Ariana Qrande
ing. Ariana Grande
Ümumi məlumatlar
Doğum adı Ariana Grande-Butera[3]
Doğum tarixi 26 iyun 1993(1993-06-26)[1][2][…] (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xeyriyyəçi, müğənni-mahnı yazarı, aktrisa, musiqi prodüseri, model[d], rəqqasə, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 2008-ci ildən
Janrlar pop musiqisi, müasir R&B[d], R&B, dans-pop, soul, elektropop[d]
Musiqi alətləri gitara, piano, zərb alətləri[4]
Səs tembri soprano
Albom şirkətləri Republic Records, Universal Music Group[d]
Mükafatları "Qremmi" mükafatı
İmzanın şəkli
arianagrande.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[1][2][…], Boka-Raton, Florida) — amerikalı müğənni, bəstəkar və aktrisa.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir.

Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.

Ariananın 2014-cü ildə işıq üzü görən ikinci studio albomu "My Everything" ilə müğənni Amerika və dünya hit paradlarında zirvədə yer almışdır. Albomdakı "Problem" və bir neçə mahnı 34 həftə ərzində dünya ölkələrində ən çox dinlənilən 10 mahnı sırasında olmuşdur. İkinci albomunun buraxılışından sonra Ariana Qrande "The Honeymoon Tour" adlandırdığı dünya turuna çıxmışdır.

2016-cı ildə gənc müğənninin üçüncü studio albomu olan "Dangerous Woman" təqdim edilmişdir. Albomdakı bir neçə mahnı ilə Ariananı yenidən hit paradlarda zirvəyə yüksəltməyə nail olmuşdur. 2017-ci ildə Ariana Qrande "Dangerous Woman Tour" adlı ikinci beynəlxalq turunu həyata keçirmişdir. O, dördüncü studiya albomu olan "Sweetener"-i 2018-ci ilin avqustunda buraxdı.

2017-ci ilin iyun ayına kimi Ariana Qrandenin musiqilərinə çəkdirdiyi video kliplər 8 milyarddan çox izlənilmişdir. Ariana indiyədək iki Qremmi mükafatı, üç American Music Award, üç MTV Europe Music Award və bir MTV Video Music Award mükafatı qazanıb. Müğənni sosial şəbəkələrdə böyük izləyici kütləsinə malikdir[5]. 2016-cı ildə Time jurnalı Ariana Qrandeni dünyanın 100 ən nüfuzlu insanları siyahısına daxil etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ariana Qrande-Butera 26 iyun 1993-cü ildə ABŞ-nin Florida ştatında yerləşən Boka Raton şəhərində anadan olmuşdur. O, Hose-McCann Communications şirkətinin baş icraçı direktoru Coan Qrande və Floridada dizayn firmalarından birinin sahibi olan Edvard Buteranın qızıdır. Ariana əslən italyan mənşəlidir. Anası onun adının cizgi film qəhrəmanlarından biri olan şahzadə Orianadan ilhamlandığını bildirmişdir. Ariananın Frenki Qrande adlı şoumen və eyni zamanda prodüser kimi fəaliyyət göstərən qardaşı da var. Ariananın ailəsi o dünyaya gəlmədən öncə Nyu-Yorkdan Floridaya köçmüşdür və Ariana səkkiz yaşında olduğu zaman onun valideynləri ayrılmışdırlar[6][7]. Ariana Floridanın Pine Crest və Şimali Brouard hazırlıq məktəblərində təhsil almışdır.

Ariana roman katoliki kimi böyüdülsə də, XVI Benediktin Roma Papası seçildiyi tarixdə Katolikliyi tərk etmişdir. Ariana buna səbəb olaraq kilsənin homoseksualizmə qarşı çıxmasını göstərmiş və qardaşı Frenkinin də gey olduğunu vurğulamışdır[8]. Ariana 12 yaşından bəri qardaşı Frenki ilə birlikdə Kabbala fəlsəfəsini izləməyə başlamışdır və onun düşüncəsinə görə həyatda ən vacib digər insanlara qarşı mərhəmətli davranıb, hörmətcil olmaqdır və əvəzində isə edilən yaxşılıqlar insanların özlərinə geri dönür[9]. Ariana LGBT hüquqlarına dəstək məqsədilə bir neçə mahnı bəstələmişdir[10].

Ariana Qrande 2016-cı ilin sentyabr ayından Amerikalı reper Mak Miller ilə sevgi münasibətindədir[11].

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Ariana kiçik yaşlarında Floridanın Fort Lauderdale uşaq teatrında ifa etmişdir və onun teatrda canlandırdığı ilk personaj Enni olmuşdur. O eyni zamanda "Oz cadugəri" və "Gözəl və bədheybət" musiqili tamaşalarında çıxış etmişdir. Hələ 8 yaşında ikən Ariana gəmi səyahəti zamanı orkestr müşayiəti ilə birlikdə karaoke zalda çıxış etmiş və ilk dəfə televiziyada ABŞ himnini ifa edərkən görülmüşdür.

13 yaşında Ariananın musiqi karyerasında ciddi irəliləyişlər olsa da, o hələ də teatrlar da çıxış etməyə davam edirdi[12]. O, menecerləri ilə görüşmək üçün ilk dəfə Los-Ancelesə gəldikdə R&B albom yazdırmaq niyyətində olduğunu bildirsə də, yaşının az olması səbəbindən Ariananın bu istəyi baş tutmamışdır. 2008-ci ildə Ariana Broadway-də 13 adlı musiqili tamaşada Şarlotta obrazını canlandırmışdır. Həmin bu tamaşada iştirakından sonra o, Milli gənclər teatr assosiasiyası mükafatını qazanmışdır. Musiqili teatra qoşulduqdan sonra Ariana məktəbə getməməyə başlamış və təhsil aldığı məktəb ona repetitorla işləyə bilməsi üçün lazımi materialları göndərmişdir. Həmin illərdə Ariana eyni zamanda Nyu-Yorkda yerləşən Birdland adlı caz klubunda bir neçə dəfə çıxış etmişdir[13].

Nickelodeondakı nailiyyəti[redaktə | mənbəni redaktə et]

Ariana Qrande 2011-ci ilin iyul ayında

Ariana Qrande 2009-cu ildə 13 musiqili tamaşasında onu müşayiət edən aktrisa Elizabet Qillis ilə birlikdə Nickelodeon sitkomlarından biri olan "Victorious"-da rol almışdır. İfaçılıq sənəti məktəbində cərəyan edən sitkomda Ariana Ket Valentayn (ing. Cat Valentine) obrazını canlandırmışdır. O sitkomda canlandırdığı obraz üçün hər həftədən bir saçlarını qırmızı rəngə boyamalı idi. Sitkomun icraçı direktoru Den Şnayder buna səbəb olaraq sitkomda yer alan bütün obrazların qara saçlı olmasından Ariananın bir növ fərqlilik nümayiş etdirməsini və eyni zamanda Ariananın canlandırdığı obraza bu saç rənginin daha çox yaraşdığını göstərmişdir. Teleserialın ilk seriyası 2010-cu ilin mart ayında yayımlanmış və 5.7 milyon izləyici teleseriala baxmışdır. Bu Nickelodeon telekanalı tarixində yayımlanmış ikinci ən çox baxılan proqram olmuşdur. Sitkomdakı obraz Arianaya yeniyetmə kumir statusu qazandırsa da, o "Aktyorluq əyləncəlidir, lakin mənim üçün musiqi hər şeydən öndə gəlir" deyərək, musiqi karyerasına daha çox maraqlı olduğunu bildirmişdir. Sitkomun ikinci fəsili 2011-ci ilin aprel ayında yayımlanmağa başlamış və fəslin ilk seriyası 6.2 milyon tamaşaçı tərəfindən izlənilmişdir.

Victorious teleserialının ilk fəsilin çəkilişləri sona çatdıqdan sonra Ariana öz diqqətini musiqi karyerasında cəmləşdirmiş və 2010-cu ilin avqust ayında debüt albomunun hazırlıqlarına başlamışdır. Vokal imkanlarını genişləndirmək üçün Ariana vokal müəllimi Erik Vetrodan dərslər almışdır. Victorious teleserialında öz aktrisalıq məharətini nümayiş etdirən Ariana Victorious teleserialının 2011-ci ilin avqust ayında yayımlanan seriyalarından birində "Give It Up" adlı mahnı ilə çıxış etmiş və güclü vokal imkanlarını bir daha Amerika izləyicilərinə nümayiş etdirmişdir. O, teleserialın çəkildiyi müddət ərzində Adel, Vitni Hyuston və Meraya Kerinin mahnılarını ifa etmiş və YouTube səhifəsində paylaşmışdır. Amerikanın Republic Records şirkətinin yaradıcılarından olan Monte Lipmanın dostu Ariananın videolarını izlədikdən sonra videoları Lipmana göndərmişdir. Ariananın geniş vokal imkanlarından təsirlənən Lipman Arianaya Republic Records-la müqavilə imzalamağı təklif etmişdir. Ariananın ilk sinqlı "Put Your Hearts Up" 2011-ci ilin dekabr ayında təqdim olunmuşdur. O, 2011-ci ildə eyni zamanda Vinks klubu cizgi serialında şahzadə Diaspronu səsləndirmişdir.

2012-ci ilin iyun ayında Ariana Victorious teleserialının ikinci soundtrekini ifa etmişdir. 3 fəsildən sonra Victoriuos teleserialı sona çatmışdır. Teleserialın son bölümü 2013-cü ilin fevral ayında yayımlanmışdır. Victorious-un Ariana Qrande və Viktoriya Castisin ifa etdiyi üçüncü və sonuncu soundtreki 2012-ci ilin noyabr ayında təqdim edilmiş və daha sonra mahnıya video klip də çəkilmişdir. 2012-ci ilin dekabr ayında Ariananın Britaniyalı müğənni və bəstəkar Mika ilə birlikdə ifa etdiyi "Popular Song" mahnısı təqdim edilmişdir.

2013-cü ildə Ariana aktrisa Cennet MakKardi ilə birlikdə Nickelodeonun Sem və Ket sitkomunda rol almışdır. Sitkom telekanala yüksək reytinqlər qazandırsa da, 36 seriyadan sonra çəkilişlər dayandırılmışdır. Sitkomun son seriyası 2014-cü ilin iyul ayında yayımlanmışdır.

Yours Truly albomu[redaktə | mənbəni redaktə et]

Ariana Qrande 2013-cü ildə

Ariana Qrande üç il üzərində işlədiyi "Yours Truly" adlı ilk studio albomunu 2013-cü ilin avqust ayında təqdim etmişdir. Debüt albomdakı bir neçə mahnının bəstəkarı məhz Ariananın özü olmuşdur. Həmin ilin sentyabr ayında albom Amerikanın Billboard 200 albom siyahısında ilk pillədə qərarlaşmışdır. Albomun təqdimatının birinci həftəsində 138,000 nüsxə albom satılmışdır. "Yours Truly" eyni zamanda Avstraliya, Böyük Britaniya, İrlandiyaNiderland da daxil olmaqla, bir neçə ölkənin musiqi hit paradlarında ilk onluqda yer almışdır. Albomda Ariananın solo ifa etdiyi mahnılarla yanaşı Mak Miller, Big Sean, Mika, Neytan Sayks ilə birlikdə ifa etdiyi duetlər də yer almışdır. 2014-cü ilin aprel ayına kimi Amerikada albomun 500,000-dən artıq nüsxəsi satılmışdır.

Ariana eyni zamanda 2013-cü ildə Castin Biberin Believe turunda üç şouda yer almış və daha sonra isə özünün "The Listening Sessions" adlandırdığı mini-tur həyata keçirmişdir. 2013-cü il American Music Awards-da gənc müğənni "İlin yeni artisti" mükafatına layiq görülmüş və elə həmin ildə də Musiqi biznes assosiasiyası tərəfindən "İlin yarıbkeçən artisti" mükafatını qazanmışdır.

My Everything albomu[redaktə | mənbəni redaktə et]

2014-cü ilin yanvar ayında Ariana Qrande ikinci studio albomunun hazırlıqlarına başlamışdır. Ariana albomdakı mahnıların bir neçəsini özü bəstələmişdir. Albomun hazırlıqlarına başlandığı ayda müğənni "People's Choice Awards" mükafatına layiq görülmüşdür. 2014-cü ilin mart ayında Ariana Ağ Evdə keçirilən "Women of Soul: In Performance at the White House" konsertində çıxış etmişdir. Növbəti ay isə gənc ifaçı prezident Barak Obama və həyat yoldaşı Mişel Obama tərəfindən Ağ Evə Pasxa bayramına həsr olunmuş konsertdə çıxış etmək üçün dəvət olunmuşdur.

Ariananın ikinci studio albomu olan "My Everything" 2014-cü ilin avqust ayında təqdim edilmişdir. Təqdimatdan bir həftə sonra albomun 169,000 nüsxəsi satılmış və Amerika albom hit paradlarında zirvədə yer almışdır. Albomda yer alan mahnılardan "Problem"-i Ariana Avstraliyanın tanınmış reperlərindən İggi Azalea ilə duet şəklində ifa etmişdir. Mahnının təqdimatından sonra mahnı Amerika hit paradlarında ikinci yerdə qərarlaşsa da, Böyük Britaniyada mahnı zirvədə yer almış və Ariananın Böyük Britaniya hit paradında birincilikdə yer alan ilk mahnısı olmuşdur. "My Everything" albomunun ikinci sinqlı olan "Break Free" isə təqdimatından sonra Amerika hit paradlarında 4-cü yerdə qərarlaşmışdır. Mahnı üçün çəkilən videoklip 800 milyondan çox dəfə izlənilmişdir. Ariana bu mahnını ilk dəfə 2014 MTV Video Music Awards-da ifa etmişdir və həmin gecədə müğənni "Problem" mahnısına çəkdirdiyi klipə görə "Ən yaxşı pop video" mükafatını qazanmışdır. Həmin videoklip bir milyarddan çox dəfə izlənilmişdir. Ariana Qrande reper Niki Minaj ilə birlikdə Cessi Ceyi "Bang Bang" mahnısında vokalist olaraq müşayiət etmişdir. Mahnı Amerika hit paradlarında üçüncü yerdə, Böyük Britaniyada isə zirvədə yer almışdır. Mahnı üçün çəkilən videoklip isə YouTube-də bir milyarddan çox dəfə izlənilmişdir.

Dangerous Woman albomu[redaktə | mənbəni redaktə et]

Ariana Qrande 2015-ci ildə üçüncü studio albomu "Dangerous Woman"-da yer alacaq mahnıların səsyazma işlərinə başlamışdır. Həmin ilin oktyabr ayında müğənninin növbəti albomunda yer alan sinqllardan biri "Focus" təqdim edilmişdir. Mahnı Amerika hit paradlarında ilk onluqda yer almışdır. Mahnı üçün çəkilmiş videoklip 700 milyondan çox dəfə izlənilmişdir. Oktyabr ayında Ariananın eyni zamanda Andrea Boçelli ilə italyan dilində ifa etdiyi "E Più Ti Penso" mahnısı ilk dəfə təqdim olunmuşdur və həmin mahnı Boçellinin "Cinema" studio albomunda yer almışdır.

2016-cı ilin mart ayında Ariananın "Dangerous Woman" sinqlı ilk dəfə dinləyicilərə təqdim edilmişdir. Mahnı Amerika hit paradlarında ilk onluğa yüksəlməyə nail olmuşdur. Daha sonra üçüncü albomda yer alan "Be Alright", "Into You" və digər mahnılarda təqdim olunmuşdur. Ariana üçüncü studio albomunun təqdimatı məqsədilə 2016-cı ildə The Tonight Show, Saturday Night Live, The Voice və s. televiziya şoularında çıxış etmişdir. Gənc müğənni The Voice səs yarışmasında albomunun əsas sinqllarından olan "Dangerous Woman" mahnısını Kristina Aqilera ilə duet şəklində ifa etmişdir.

Ariananın üçüncü studio albomu "Dangerous Woman" 2016-cı ilin 20 may tarixində işıq üzü görmüşdür. Albom Amerikanın Billboard 200 albom siyahısında ikinci yerdə qərarlaşmışdır. Böyük Britaniya, Avstraliya, Niderland, İrlandiya, İtaliya, Yeni ZelandiyaTayvanda birinci yerdə, Yaponiyada isə ikinci yerdə qərarlaşmışdır. Albom əsasən müsbət rəylər qazanmışdır. Ariana albomun təqdimatından sonra Londonun Uembli Stadionunda keçirilən Summertime Ball festivalında albomundan üç mahnı canlı olaraq ifa etmişdir. Albomda yer alan və Niki Minaj ilə duet şəklində ifa etdiyi "Side to Side" Amerika hit paradlarında onluqda yer almışdır. Mahnı üçün çəkilmiş videoklip bir milyarddan artıq baxış sayına malikdir. Ariananın "Dangerous Woman" studio albomu 2017 Qremmi mükafatına namizəd göstərilmişdir.

Ariana 2017-ci ilin fevral ayında Cənubi Amerika və Avropada "Dangerous Woman" adlandırdığı turuna başlamışdır. Ariananın tur çərçivəsində may ayının 22-də İngiltərənin Mançester şəhərində, Mançester Arenada həyata keçirdiyi konsertdən dərhal sonra 23 ölü və 500-dən artıq insanın yaralanması ilə nəticələn terror hücumu baş vermişdir. Hadisənin ardınca Ariana turneni iyun ayına kimi təxirə salmışdır. İyun ayında müğənni yenidən Mançester şəhərinə geri dönərək, baş vermiş terror aktından zərər çəkən insanlara yardım məqsədilə One Love Manchester adlı xeyriyyə konserti təşkil etmişdir. Ariananı səhnədə eyni zamanda Castin Biber, Keti Perri, Mayli Sayrus kimi tanınmış dünya ulduzları müşayiət etmişdir. Konsertdən ümumilikdə 23 milyon dollar gəlir əldə edilmişdir. Ariananın Dangerous Woman turu isə Avropa, Cənubi Amerika, Asiya və Okeaniyada davam etmişdir. Tur 2017-ci ilin sentyabr ayında bitmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Ad Personaj Qeyd
2009 The Battery's Down Bat Mitzvah Riffer 1 seriya
2010–13 Victorious Ket Valentayn Əsas qəhrəman, 56 seriya
2011 iCarly Ket Valentayn 1 seriya
2011–13 Vinks klubu Şahzadə Diaspro (səs) 3-cü və 5-ci fəsildə
2013 Swindle Amanda Benson Nickelodeon filmi
2013–14 Sem və Ket Ket Valentayn Əsas qəhrəman, 35 seriya
2014 Qriffinlər İtalyan qızı (səs) 1 seriya
2015 Scream Queens Sonya Herfmann 1-ci fəsil (4 seriya)
2016 Hairspray Live! Penni Pinqlton

|2021 | Don't Look Up | Riley Bina |~ | 2024/2025 | Wicked

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Yours Truly (2013)
  • My Everything (2014)
  • Dangerous Woman (2016)
  • Sweetener (2018)
  • Thank U, Next (2019)
  • Positions (2020)
  • Eternal Sunshine (2024)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ariana Grande // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Ariana Grande // Dutch Top 40.
  3. https://web.archive.org/web/20110721184425/http://arianagrande.info/site/?page_id=2.
  4. Montreux Jazz Festival Database.
  5. "How Ariana Grande Amassed Her 100 Million Instagram Followers". Vanity Fair. 9 mart 2017. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  6. "Who Is Ariana? All About Ariana Grande, Leader of the Arianators". International Business Times. 6 oktyabr 2013. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  7. "Ariana Grande owes her stardom to singing, not sex appeal". New York Daily News. 14 avqust 2014. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  8. "Ariana Grande turned to Kabbalah after 'the Pope told me everything I loved was wrong'". Associated Newspaper Limited. 2014-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2014.
  9. "Ariana Grande Loses Her Religion Over Pope Benedict". The Inquisitr News. 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2013.;"Ariana Grande: 'If you want to call me a diva I'll say: cool'" Arxivləşdirilib 2015-06-26 at the Wayback Machine, The Daily Telegraph, 17 oktyabr 2014
  10. "Ariana Grande Says Recording Song About Gay Affair Was 'Very Fun'". Advocate.com. 16 avqust 2014. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  11. "Ariana Grande Confirms Her Relationship With Mac Miller by Literally Wrapping Her Legs Around Him" Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine, New York 7 sentyabr 2016
  12. "8 Things You Might Not Know About Ariana Grande". Entertainment Cheat Sheet. 9 sentyabr 2014. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  13. "Ariana Grande – about". arianagrande.com. 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]