Anonim — Vikipediya

Man silhouette.svg

Anonim (yun. ανώνυμος - adsız, imzasız — 1) məktub və ya əsərində öz adını yaxud təxəllüsünü gizlədən və ya adsız dərc etdirən müəllif; 2) müəllifinin adı bəlli olmayan, yaxud göstərilməyən əsər. İmzasız mətn kimi məktub, SMS, şikayət, məlumat ola bilər."Anonim" kimi həm imzasız və ya digər adla imzalanma götürülə bilər. Əsas motiv kimi imzalayan şəxsin qeyri-müəyyənliyi götürülür. Ədəbiyyatda anonim kimi imzası olmayan əsər götürülür. Ləqəb və şərti ad anonim hesab edilmir. Müəllif mürtəce qüvvələrin, senzuranın təqibindən qorunmaq məqsədilə, yaxud bu və ya başqa bir səbəbə görə öz müəllifliyini bildirmək istəmədikdə əsərlərini anonim – adsız, imzasız nəşr etdirməli olur. M. F. Axundzadə istibdad və fanatizm əleyhinə yazılmış "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində müəllifliyini gizlətməyə məcbur olmuşdur. "Molla Nəsrəddin" jurnalında satirik yazıların və miniatürlərin çoxu imzasız dərc edilmişdir. Anonim əsərin müəllifinin müəyyənləşdirilməsi tarixi sənəd və məxəzlərin dərindən araşdırılmasını, əsərin dil və üslubunun müqayisəli təhlil olunmasını tələb edir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 521. ISBN 978-9952-441-02-4.