Akustik nəzarət — Vikipediya

Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır. Passiv akustik nəzarət üsulları nəzarət olunan məmulatda baş verən proses və ya hadisələrin, məsələn, obyektin işi zamanı meydana çıxan vibrasiya və akustik küylərin (vibrasiya diaqnostikası və küy diaqnostikası üsulları), obyektdən çıxan akustik dalğaların parametrlərinin (akustik emissiya üsulu) təhlilinə əsaslanır. Daha geniş tətbiq edilən akustik emissiya üsulu maşınların sınağı, elmi eksperimentlər və s. zamanı nəzarət olunan obyektdəki təhlükəli zonaları tapmağa, onların koordinatlarını təyin etməyə, həmçinin materialın (məmulatın) vəziyyətini öyrənmək üçün daimi müşahidələr aparmağa imkan verir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]