Adi göyrüş — Vikipediya

Adi göyrüş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir. Yan yarpaqcıqlar oturaq, ucdakılar saplaqlı, üstdən tünd yaşıl, altdan açıq yaşıl rənglidir. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşir, bəzən bircinsli, çox vaxt ikicinsli olur. Meyvəsi uzunsov qanadlı, bir toxumludur. Toxumunun 1000 ədədi 60-72 q olur. Meyvələri payızda yetişir. Kökdən pöhrə verərək yaxşı bərpa olunur. Çox tez böyüyür, meşə-çöl zonasında 30 m-dək, cənubda 60 m-dək hündürlüyə çatır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Nəmişli, məhsuldar, neytral və ya onlara yaxın torpaqlara üstünlük verir. Meşələrdə təmiz və yaxud qarışıq meşələr əmələ gətirir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba) Qobustan, BQ şərq, BQ qərb,Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ., Lənkəran oval. Ovalıqdan orta dağ qurşağına qədər.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Oduncağı yüksək keyfiyyətə malik olduğundan mebel, təyyarəqayırma və s. sənaye sahələrində istifadə olunur. Adi göyrüşün bir çox forma müxtəliflikləri vardır. Bakı şəhərinin yaşıllıqlarında ən çox təsadüf edilən F. monophulla – biryarpaq göyrüş formasıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]