Əli İnsanov — Vikipediya

Əli İnsanov
Vəzifədədir
25 yanvar 2020-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
9 noyabr 1993 – 20 oktyabr 2005
PrezidentHeydər Əliyev
İlham Əliyev
Baş nazirSurət Hüseynov
Fuad Quliyev
Artur Rasizadə
İlham Əliyev
ƏvvəlkiRahim Hüseynov
SonrakıOqtay Şirəliyev
12 noyabr 1995 – 2000
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1946(1946-03-22) (78 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti həkim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Binnət oğlu İnsanov (22 mart 1946, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycan həkimi və siyasətçisi, Azərbaycan Respublikasının səhiyyə naziri (1993–2005), Azərbaycan Milli Məclisinin I çağırış deputatı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Binnət oğlu İnsanov 1946-cı il mart ayının 22-də Ermənistan SSR-in Noyemberyan rayonunun Ləmbəli qəsəbəsində anadan olub. 1954–1965-ci illərdə Ləmbəli qəsəbəsi 2 saylı orta məktəbində təhsil alıb və həmin məktəbi medalla bitirib. 1965–1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsində təhsil alıb.1972-ci ildə ali təhsilini bitirib.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1965–1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsində təhsil alıb.1972-ci ildə ali təhsilini bitirərək, Azərbaycan Elmi Tədqiqat Vərəm İnstitutunda əmək fəaliyyətinə başlayıb, kiçik, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışıb.

1972–1974-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunda iki illik İngilis dili kurslarını "əla" qiymətlə bitirən Əli İnsanov 1974-cü ildə Moskvada SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda aspiranturaya qəbul olunub, 1977-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

1981-ci ildə isə Moskva şəhərində, həmin institutda akademik A. Q. Xomenkonun klinikasında doktoranturaya qəbul olub.1984-cü ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülür.

1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Moskva şəhərində Əli İnsanova professor elmi adı verilib.

1985-ci ildən 1993-cü ilədək Azərbaycan Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun direktoru olub, 1991-ci ildən həm də Azərbaycan Tibb Universitetində Ağ ciyər xəstəlikləri kafedrasında müəllimliyə başlayıb və 1998-ci ildən həmin kafedranın müdiri olub.

Əli İnsanov 1993–2005-ci illərdə Azərbaycan Respublikasıının Səhiyyə naziri vəzifəsində çalışıb,

1995–2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. 1998-ci ildə Sankt-Peterburq şəhərində səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransda təqdim etdiyi "MBD və Şərqi Avropa ölkələrində səhiyyə islahatlı proqramı"na görə xüsusi qızıl medala layiq görülüb, həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının vitse- prezidenti seçilib.

2004-cü ildə Avropa qitəsini təmsil etməklə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü seçilib.

2000–2004-cü illərdə Rusiya Təbiət elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.

Ağ ciyər xəstəlikləri üzrə Azərbaycan Respublikasının Baş mütəxəssisi vəzifəsində çalışıb. Əli İnsanov Azərbaycanda ftiziatriya və pulmonoloqiya üzrə elmi məktəb yaradıb. Əli İnsanovun rəhbərliyi ilə 12 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə edilib. O, 15 monoqrafiya, kitab və dərsliyin, 200-dən çox elmi məqalənin müəllifidir. 50-dən çox elmi əsəri xarici ölkələrdə çap edilib.

Əli İnsanovun müəllifi olduğu 714 səhifəlik "Vərəm" dərslik kitabı 2004-cü ildə Almaniyanın Frankfurt və 2005-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərlərində iki Beynəlxalq Mükafata layiq görülüb. Həmin kitab xarici dillərə tərcümə olunaraq Avropanın ali tibb məktəblərinə dərslik kimi tövsiyə edilib. 632 səhifəlik "Azərbaycan səhiyyəsinin tarixi "ni ilk dəfə olaraq fundamental şəkildə Əli İnsanov qələmə alıb. Əli İnsanov Amerika, Avropa, MDB və Şərq ölkələrində Elmi Cəmiyyətlərin üzvü seçilib. Onun elmi məruzələri 30-dan çox ölkədə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika, Pakistan, Misir, Polşa, Ruminiya, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Yunanıstan və başqa ölkələrdə maraqla dinlənilib. Əli İnsanov Azərbaycanın ilk dərman preparatının "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitiki"nin müəllifidir. Həmin dərmanların satışından Azərbaycan Respublikasının dövlət büdcəsinə yüz minlərlə dollar vergi ödəyib. Əli İnsanov Ümumdünya Biotexnoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti, Vərəm əleyhinə Beynəlxalq İttifaqın və Avropa Respirator Cəmiyyətinin üzvü, "Problemı tuberkuleza" dərgisinin redaksiya heyətinin üzvü, "Azərbaycan Tibb Jurnalı"nın baş redaktoru olub.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.[2]

1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmişdir.[3]

2019-cu ilin noyabr ayında, Haqq Ədalət Partiyasının qurulduğunu elan etmişdir.[4] 25 yanvar 2020 tarixində Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya sədri seçilmişdir.[5]

Həbsi[redaktə | mənbəni redaktə et]

Əli İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülmüşdür. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.[6]

Avropa İnsan Hüquqları məhkəməsi 2013-cü ildə Əli İnsanova qarşı sürülən ittihamların saxta olduğunu, istintaqın qərəzli, aparılan məhkəmələrin isə ədalətsiz olduğunu demiş, Avropa Konvensiyasının 3-cü maddəsinə görə onun ağır işgəncələrə məruz qaldığını bildirmişdir.[mənbə göstərin]

Azərbaycan hökuməti 10000 avro məbləğində cərimə edilmiş və Əli İnsanovun azadlığa buraxılması tövsiyə edilmişdir, lakin Azərbaycan hakimiyyəti Avropa İnsan hüquqları məhkəməsinin qərarını icra etməmiş, üstəlik 2016-cı ildə yeni ittihamlarla həbs müddətini 7 il 5 gün artırılmışdır.[mənbə göstərin]

Azərbaycan Respublikasının Prezidentinin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da azadlığa buraxılmışdır.[7]

O, həbsdən çıxacağına inanmırdı.[8] İnsanov, həmçinin azadlığa çıxmasında ABŞ-nin, Qərb ölkələrinin, Avropanın böyük rolunun olduğunu qeyd etmişdir.[8]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İNSANOV Əli Binnət oğlu". meclis.gov.az (az.). Azərbaycan Milli Məclisi. İstifadə tarixi: 14 iyun 2022.
  2. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine (az.)
  3. "Ə. B. İnsanovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1993-cü il tarixli, 17 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2019-03-20 at the Wayback Machine (az.)
  4. "Əli İnsanov Haqq Ədalət Partiyası yaradır" — https://www.amerikaninsesi.org/a/əli-i̇nsanov-haqq-ədalət-partiyası-yaradır-/5179098.html Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine
  5. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  6. Azərbaycanda həbs olunmuş nazirlər — ARAŞDIRMA
  7. "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  8. 8,0 8,1 "Əli İnsanov: "Mən artıq inanmışdım ki, ömrümün sonuna qədər burda qalacağam"". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  9. "Arxivlənmiş surət". 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]