Ələkbər Rzaquliyev — Vikipediya

Ələkbər Rzaquliyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1964
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rzaquliyev Ələkbər Ələsgər oğlu (31 yanvar 1903, Bakı31 yanvar 1974, Bakı) — Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Ələkbər Rzaquliyev boyakarlıq və qrafika üslubunda işlənmiş gözəl əsərlərin müəllifidir. Görkəmli rəssamın əsərləri dünyanın müxtəlif muzeylərində saxlanır. Ələkbər Ələsgər oğlu Rzaquliyev 31 yanvar 1903-cü ildə Bakıda anadan olmuşdur[1].

"Uşaq yaşlarından şəkil çəkməyi çox sevərdi, bu onun ən sevimli məşğələsi idi. Əlindən daha başqa iş gəlmirdi. Moskvada Ali bədii-texniki emalatxanaları bitirmişdi. Tələbələr arasında çoxlu dostları var idi. Yaxşıları da vardı, pisləri də. Doğma Bakıya qayıdandan sonra özünü bütünlüklə rəssamlığa həsr elədi. Siyasət-filan onu bilmərrə maraqlandırmırdı. Amma deyir sən saydığını say gör fələk nə sayır. Tale ondan necə üz döndərdi, bilmədi. Bir də ayılıb gördü ki, onu birbaşa Uzaq şimala sürgün eləyiblər… Nə az, nə çox iyirmi beş illiyə! Bu nə müsibət idi görəsən?"

Çingiz Kərimovun rəssamla bağlı xatirələrindən.

O, yaradıcılığının ilkin mərhələsində inqilabdan əvvəlki Azərbaycan həyatının xarakterik mənzərələrini əks etdirən boyakarlıq əsərləri çəkmişdir. Bunlara "Azərbaycanlı qadın"(1926), "Pəhləvanlar"(1926), "Mollaxana"(1927) kimi əsərləri göstərmək olar. Təəssüf ki, rəssamın maraqlı işlərindən biri olan "Mollaxana" və digər qiymətli əsərlər itib. Yaxşı ki, rəssamın arxivində "Mollaxana"nın çap edildiyi jurnaldan kəsilmiş parça qalıb. Yaradıcılığı boyunca daha çox qrafika sahəsində fəaliyyət göstərən Rzaquliyev "Köhnə Bakı" silsiləsi (1958–72), "M.Ə.Sabir" (1963), "Bakılılar Berlində" (1968), "Çaybecərənlər" (1972), "Azərbaycan madonnası" (1973) və s. linoqravüralar yaratmışdır. Acı bir tale yaşamış, üç dəfə sürgünə göndərilmiş rəssamın həyatı əsl roman mövzusudur.[2]

Acı sürgün xatirələri…[redaktə | mənbəni redaktə et]

Birinci sürgünə doğru yol…[redaktə | mənbəni redaktə et]

Ələkbər Rzaquliyevi bütün repressiya qurbanları kimi pantürkist ideyalarını yaymaqda günahlandırmışdılar. 1928-ci ildə bu ittihamla həbs olunmuşdu. O dövrün "qayda-qanunu" məlum idi. Türkiyəni sevənləri ən yaxşı halda uzaq Sibirə sürgün gözləyirdi. Ələkbər Rzaquliyev də türkçü dostu Ibrahimlə yaxınlığına görə "xalq düşməni" elan olunmuşdu. Qurama ittihamla altı il sürgünə məhkum edilən gənc Ələkbər soyuq Arxangelskə göndərildi. Birinci sürgündən sonra rəssam Bakıya qayıdıb evlənmişdi. Bir müddət sonra həyat yoldaşı Sona da ərinin arxasınca Arxangelskə getdi. Tezliklə onların Ədilə adlı bir qızları dünyaya gəldi.

İkinci sürgünə doğru yol…[redaktə | mənbəni redaktə et]

Ilk sürgün həyatından geri döndükdən sonra Ələkbər Bakıda təsadüfən bolşeviklərin lideri Ruhulla Axundovla qarşılaşmışdı. Axundov onun bu tezliklə qayıtmasına təəccüblənib göstəriş vermişdi ki, onu yenidən sürgünə göndərsinlər. Ələkbər Rzaquliyevi həbs edib soyuq Şimala, Solovkiyə yola saldılar.

"Sürgün zamanı məni bir təsadüf nəticəsində ağqvardiyaçılarla bir zirzəmiyə salmışdılar. Səhər həbsxana rəisi gəlib siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər güllələnməlidirlər. Amma mənim adım bu siyahıda yox idi. Həbsxana rəisi üz-gözünü turşudub mənə baxdı və xəbər aldı:

– Sən kimsən? Niyə sən hələ burdasan?

– Mən rəssamam. Siz mənim adımı çəkmədiniz.

Rəis heyrətləndi və məni vurub bərkdən qışqırdı: "Rədd ol burdan!"

Beləcə, mən gəlib düşdüm Solovkiyə. Bu elə bir yer idi ki, burdan o yana yol yox idi. Geriyə qayıtmaq hər adamın hünəri deyildi. Əvvəlcə mən yamana aclıq keçirirdim, amma tezliklə başa düşdüm ki, nəyin bahasına olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum. Bütün bunlar bir keşiş mənə küfrlük etdiyimi deyənəcən davam etdi. Qısa sorğu-sualdan sonra o, mənə monastrda yaşamağı təklif etdi.

Amma bu, uzun sürmədi…

Tezliklə məni Tayqaya, taxta-şalban kəsməyə göndərdilər və mən burada barmağımı əzdim. Tayqada hamı ölümə məhkum idi"

Ə.Rzaquliyevin xatirələrindən

Ə.Rzaquliyev həyatının az qala yarısını düşərgələrdə keçirib. Ikinci sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsini götürüb Azərbaycanın şimal-qərb rayonlarında, öz ev-eşiyindən uzaqda yaşamalı oldu. Yazılı mənbələrdə rəssam haqqında əldə edə biləcəyimiz yeganə mənbə Ç.Kərimovun məqaləsi oldu. Məqalədə rəssamın qızı Ədilə xanımın xatırladıqlarına yer verilir:

"Hökumət onun Bakıda yaşamasını istəmirdi. Biz əvvəlcə Gəncədə, sonra da Şəkidə yaşamalı olduq. Yadımdadı, o vaxtlar Şəkidə ipək kombinatı işləyirdi. Atam onlarçün eskizlər eləyirdi. Eyni vaxtda məktəbdə də dərs deyirdi. Bir dəfə evdə atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı: "O illər üçün, o sözlər üçün məni bağışla!".

Amma atam ona cavab verməyib, üzünü çevirdi. Babam bütün bunları görüb, atama dedi:

"Ələkbər, görmürsən o, səndən üzr istəyir?". Atam cavabında dedi: "Yox, mən onu ömrümdə bağışlamaram, Onun sözlərinə görə mən bütün ömrümün, demək olar, yarısını sürgünlərdə keçirmişəm".

Üçüncü sürgünə doğru yol…[redaktə | mənbəni redaktə et]

Amma işgəncə bununla bitmədi. 1949-cu ildə ikinci qızı Sevil dünyaya gələndən sonra Ələkbər Rzaquliyevi yenidən həbs eləyib, bu dəfə uzaq Altay ölkəsinə sürgünə göndərdilər. O, sürgündə Berta adlı bir alman qadınıyla evləndi. Ikinci Dünya müharibəsi başlananda, Bertagilin ailəsi Saratovdan bura sürgün olunmuşdular.

Onun Bertadan iki oğlu – Oqtay və Aydın, bir də qızları Sevda dünyaya gəldi.

1956-cı ildə Ələkbər Rzaquliyev sürgündən qayıtdı. Stalin repressiyaları dövrünə son qoyuldu.[2]

Sürgünlərdən sonrakı həyatı[redaktə | mənbəni redaktə et]

60-cı illərin sonunda Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda yaşamağa icazə verdilər. Həyatın ağır zərbələrinui alan Ələkbər Rzaquliyev ömründə cəmi iki rəngli şəkil çəkib – "Azərbaycanlı qız" və "Güləşçilər"… Qalanları iki rəngdədi: ağ və qara… Lap öz həyatı kimi…

Sonralar, 60-cı illərdə, rəssam yaddaşı əsasında kompozisiya və obraz quruluşuna görə 20-ci illərin rəsmini xatırladan "Köhnə məktəb" linoqravürünü çəkib. Dieqo Rivera Moskvada olarkən, onun rəsmlərini görüb deyir: "Bu gəncə deyin ki, o düzgün yol seçib, qoy belə işləməyə davam etsin".

Qızı Ədilənin xatirələrindən:

"O daim işlə məşğul idi. Sürgün illəri onun çox vaxtını almışdı. Ona görə də itirdiklərini təzədən yerinə qoymaq istəyirdi. Ələkbər Rzaquliyev yorulmaq bilmədən özünün ağ-qara linoqravürlərini yaradırdı. Köhnə Bakı elə bil təzədən canlanırdı. Neçə illərin yaddaşı kağıza köçürdü".

Sənətkar yaradıcılığı müddətində Azərbaycanın əməkdar rəssamı (1964) adına və bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür.

Ələkbər Rzaquliyev 31 yanvar 1974-cü ildə Bakıda vəfat etmişdir.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Yaradıcılığının erkən dövründə inqilabdan əvvəlki Azərbaycan məişətinin xarakterik səhnələri təsvir olunan boyakarlıq əsərləri çəkmişdir ("Azərbaycanlı qadın", 1926; "Pəhləvanlar", 1926; "Mollaxana", 1927). Rzaquliyev qrafika sahəsində daha geniş fəaliyyət göstərmiş, "Köhnə Bakı" silsiləsi (1958–72), "M. Ə. Sabir" (1963), "Bakılılar Berlində" (1968), "V.İ.LeninAzərbaycan rəhbərləri" (1970), "Çaybecərənlər" (1972), "Azərbaycan madonnası" (1973) və s. linoqravüralar yaratmışdır. Əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), R. Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər muzeylərdə saxlanılır.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2018-ci ildə rəssam haqqında "Xalq əmanəti" silsiləsindən Şirin Məlikovanın müəllifi olduğu kitab işıq üzü görmüşdür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "RZAQULİYEV ƏLƏKBƏR ƏLƏSGƏR OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
  2. 2,0 2,1 2,2 "Üç dəfə sürgün yollarına düşən rəssam". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-29.
  3. CBC. "Издана книга об основателе графического искусства Азербайджана Алекпееу Рзагулиеве" (rus). Youtube.com. 03.11.2018. İstifadə tarixi: 2018-11-03.