Şamil Qazıyev — Vikipediya

Şamil Qazıyev
Şamil bəy Həsən oğlu Qazıyev
Doğum tarixi
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
Uşağı
Atası Həsən Qazıyev
Anası Bülbül xanım
Fəaliyyəti rəssam
Təhsili Dövlət Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

Şamil bəy Həsən oğlu Qazıyev (30 mart 1908, İrəvan13 iyul 1980, Bakı) — rəssam, əməkdar incəsənət xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şamil Həsən oğlu Qazıyev 1908-ci ildə İrəvanda anadan olmuşdur. O, 12 yaşına kimi İrəvan şəhərində yaşamışdır. Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnaklar 1917-1920-ci illərdə İrəvanda və ona yaxın bir çox Azərbaycan şəhərlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlarr zamanı yüzlərlə ailə Azərbaycanın digər bölgələrinə Naxçıvan, Gəncə və Qarabağa köçmüşdü. Belə ailələrdən biri də Şamilin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb Naxçıvana pənah gətirir. Hələ uşaqikən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı olub. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane olub. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş rəng və fırça ilə işləmək arzusu onu Bakıya Rəssamlıq Məktəbinə gətirib. İstəyinə nail olub. 1929-cu ildə həmin məktəbi bitirsədə, müəllimlərə olan ehtiyac ucbatından Azərbaycan Maarif Komissarlığı Şamil Qazıyevi Naxçıvan Pedaqoji Texnikumuna rəsm müəllimi vəzifəsinə göndərib. O zaman atası Həsən də hələ bu məktəbdə işləyirdi. Şamil Qazıyev xatirələrində yazırdı: "1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş "Hamlet" əsərinə tərtibat verdim. Lakin o vaxt mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə çağırdı və onunla "Hacı Qara", "Namus" tamaşalarına tərtibat verdim". Bir faktı da deyək ki, Naxçıvan teatrında tamaşaya qoyulmuş 120 əsərin bədii tərtibatı məhz rəssam Şamil Qazıyevə məxsus olubdur. Rəssamın yaradıcılığına, fırça ilə işləmək qabiliyyətinə, öz fantaziyası ilə rənglərin vəhdətindən orijinal əsərlər yaratmaq istedadına yaxından bələd olan məşhur karikaturaçı Əzim Əzimzadə həmkarını "Kommunist" qəzetində işləməyə dəvət edib. O zaman Əzim Əzimzadə bu qəzetin redaksiyasında baş rəssam vəzifəsində çalışırdı. Bir müdtət "Kommunist" qəzetinin rəssamı olan Şamil Qazıyev qaynar paytaxt həyatında peşəkar rəssam kimi fəaliyyət göstərdi. Lakin onun Bakıda işləməsi uzun çəkmədi. Yenidən Naxçıvana qayıtmaq məcburiyyətində qaldı. O, Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam vəzifəsində çalışmalı olub. Tamaşalara verdiyi bədii tərtibat səhnə əsərlərinin məzmununu açmağa kömək göstərir, hər bir detalın, rəngin, görüntünün sayəsində yaradıcı kollektivin arzu və məramını bədii şəkildə dolğun ifadə etməyə nail ola bilirdi. O, tərtibatçı rəssam kimi fəaliyyət göstərməklə kifayətlənmirdi. Ən böyük arzularından biri bu idi ki, doğma yurdda yeni Bəhruz Kəngərlilər yetişsin. Məhz onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1939-cı ildə rəssamlıq məktəbi açılmışdır. 1939-1940-cı illərdə Naxçıvanda yeni fəaliyyətə başlamış həmin Rəssamlıq məktəbinə direktorluq edir. 1944-cü ildə”Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı, 1946-cı ildə “Əməkdə rəşadətə görə” döş ordeni ilə təltif olunur. Tretyakov qalareyasında Azərbaycanı təmsil edən ilk azərbaycanlı rəssamdır. Əsərinin adı “Çoban”dır. 1948-ci ildə Şamil Qazıyev yenidən Bakıya dönmüşdür. O, 40 il yaxın "Azərbaycan gəncləri" qəzeti ilə əməkdaşlıq etmişdir. Şamil Qazıyev 1980-ci ildə Bakıda vəfat etmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Xalq Rəssamı fəxri adına layiq görülür. Ailə ənənəsi davam etməkdədir. Şamilin böyük oğlu Arif Qazıyev Azərbaycanın xalq rəssamıdır. Vaqif Qazıyev heykəltaraşdır. Nəvələri, Samir, Mədinə, İlahə heykəltaraş və rəssam olmaqla babalarının yolunu davam etdiri

Sərgiləri[redaktə | mənbəni redaktə et]

Müxtəlif illərdə təsviri incəsənət sərgilərinin iştirakçısı olan Şamil Qazıyevin "Çoban" adlı əsəri bəyənilərək Tretyakov qalereyasına aparılmışdır. 1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin fərdi sərgisi açılmışdır. Sərgidə rəssamın çoxsaylı əsərləri nümayiş etdirilmişdir. Həm mövzu, həm də janr etibarilə diqqət çəkən bu rənglər dünyası seyrçilər tərəfindən maraqla qarşılanmışdı. Həmin əsərlərin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: "Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır".

Əsərləri[redaktə | mənbəni redaktə et]

Rəssamın "Biçinçilər", "Xırman", "Molla məktəbi", "Qalayçılar", "Su dəyirmanı", "Çörək bişirən qadınlar", "Köhnə Naxçıvan", "Qaçqınlar", "Çarıqçılar", "Beş qardaş", "Sıldırımlı dağ", "Dağların simfoniyası" və digər əsərləri mədəniyyət tariximiz üçün olduqca qiymətlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]