Şərif Əfəndiyev — Vikipediya

Şərif Əfəndiyev
Şərif Mürsəl oğlu Əfəndiyev
Doğum tarixi
Doğum yeri Qarayazı, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi
Tanınır Professor, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəb yaratmışdır.

Şərif Mürsəl oğlu Əfəndiyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəbin yaradıcısı, Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]

Həyatı və elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Şərif Əfəndiyev 1940-cı ildə Gürcüstan Respublikasının Qarayazı rayonunun (Borçalının Qardabani bələdiyyəsi) Qaratəpə kəndində anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir.

1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmiş, 1965-ci ildə məqsədli aspiranturaya qəbul edilmişdir. A.F.İoffe adına Leninqrad Fizika İnstitutuna ezamiyyətə göndərilmiş və orada 1970-ci ildə iki dəfə SSRİ Dövlət Mükafatı laureatı professor Kolomiyesin rəhbərliyi altında "Amorf keçiricilərdə mo-dulyasiya spektroskopiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

1968-ci ildən Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində işləmişdir.

Şərif Əfəndiyevin elmi marağı bərk cisimlər fizikası, qeyri-xətti kristalların optikası, kristalların spektroskopiyası, lazer texnikası və texnologiyası sahələrinə aiddir. Təqiqatları xarici alimlərin geniş marağına səbəb olmuş, 1973-19741984-1985-ci illərdə İtaliyada elmi ezamiyyətdə olmuşdur.

1989-cu ildə Azərbaycan Texniki Universitetinin Fizika kafedrasına keçmiş və ömrünün sonuna qədər həmin kafedranın professoru olmuşdur. 1992-ci ildə dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildə professor elmi rütbəsi verilmişdir. 150-dən çox elmi məqalənin, bir neçə ixtiranın və metodiki vəsaitin müəllifidir. 33 beynəlxalq konfransın iştirakçısıdır. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişmiş, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəb yaratmışdır.

2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

1988-ci ildə "Halogenid və oksid yarımkeçiricilərin elektron rəqs hallarının elektroskopiya. Elektrik və deformasiya sahələrinin təsiri” işlər silsiləsinə görə Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.