İsmayıl Hidayətzadə — Vikipediya

İsmayıl Hidayətzadə
Doğum tarixi 19 avqust (1 sentyabr) 1901
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1951(1951-11-11) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr rejissoru
Fəaliyyət illəri 1917-ci ildən
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1933 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1938
"Qırmızı əmək bayrağı" ordeni — 1938 "Şərəf nişanı" ordeni — 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hidayətzadə İsmayıl Hüseyn oğlu (19 avqust (1 sentyabr) 1901, Bakı11 noyabr 1951, Bakı) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1938).

Həyatı[redaktə | mənbəni redaktə et]

İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. O, balaca olanda atası gəmi qəzasına düşür. Qəza nəticəsində səhhəti tamam korlanan Hüseyn sənətini atmağa məcbur olur və ömrünün sonuna qədər xarratlıq edir. Onun oğlu İsmayıl məhərrəmlik günlərini səbirsizliklə gözləyir, məhlə uşaqlarından ibarət tamaşaçıları qarşısında tez-tez səhnəciklər düzəldirmiş. Hüseyn hər vəchlə evin böyük oğlu İsmayılı təhsilli görmək istəyir. Beləcə, İsmayıl 1909-cu ildən etibarən "İttihad" məktəbində oxuyur. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirir. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadır. Uşaqlıqdan canında olan aktyorluq həvəsi gündən-günə qüvvətlənir. Gənc həvəskar aktyor az keçmir ki, "balaca Ərəblinski" adı ilə şöhrətlənir. O vaxt sənətə gələn gənclərin əksəriyyətini bu adla çağırırdılar. Gənc aktyorlar Hüseyn Ərəblinskini "sənətin Allahı" sayırdılar. Hüseyn Ərəblinskinin təsiri altına düşən bu gənclər hər vəclə ona oxşamağa, səhnədə onu təqlid etməyə çalışırdılar. İsmayıl Hidayətzadə də belə gənclərdən biri idi.

Ancaq bir qədər fərqlənirdi. Müasirlərinin fikrincə, İsmayılın Hüseyn Ərəblinskini daha bacarıqla təqlid etdiyinə görə, "balaca Ərəblinski" adını daşımağa başqalarından daha çox haqqı var idi. Bu adın özünün də maraqlı bir tarixçəsi var. İsmayıl Hidayətzadə Hüseyn Ərəblinski ilə tanışlığı və bu adın tarixçəsi barədə "Mənim yaradıcılıq yolum" adlandırdığı "Xatirələrim"də yazır: "Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edirdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayırdı… Belə günlərin birində… mən Ərəblinski ilə, mənə çox böyük təsir bağışlayan bu adamla tanış olmuşam… Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında məşğul etməkdən boyun qaçırırdı. Çünki mən hələ çox kiçik idim. Nəhayət ki, yanğımı duyub, "Ağa Məhəmməd Şah Qacar" pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu… Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini təqlid etdiyimi dərhal başa düşərək, qaçıb onu çağırır və məni göstərərək deyir: "Budur balaca Ərəblinski". Ərəblinski xeyli durub mənə baxır. Onun mənə baxdığını başa düşdükdə çox tutuldum, özümü büsbütün itirdim… O isə yaxınlaşıb, onu təqlid etməməyimi tapşırdı; dedi ki, mən rus aktyorlarının oyunlarına baxmalıyam, başqa əsərlərə tamaşa etməliyəm və çalışmalıyam ki, öz oyunumda özgələri təqlid etməyim, özüməməxsus tərzdə oynayım. Bu hadisədən sonra məktəb yoldaşlarım mənə "balaca Ərəblinski" adını qoydular".

Ancaq "Balaca Ərəblinski"nin həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. 1917-ci ildə atası vəfat edir. Evin böyük oğlu olduğundan ailənin bütün məsuliyyəti İsmayılın üstünə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardışını necə saxlamaq barədə düşünür. Məktəbi atıb ticarət müəssisələrində pirkeşiklik etməyə başlayır. İşləri yoluna qoyduqca, yenidən səhnəyə can atır.

İsmayıl Hidayətzadə məhz bu illərdə böyük səhnəyə gəlir. 1920-ci ildən Dövlət teatrında işləyir. Paralel olaraq, 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. Teatr studiyası İsmayıl Hidayətzadəyə çox şey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir. Onu peşəkar aktyor kimi qəbul etməyə başlayırlar.

İsmayıl, eyni zamanda rejissorluq sənətinə də maraq göstərir. Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləyir. 1926-ci ildə arabir özünü rejissorluqda sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona tapşırılır.

Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirir. Rus Dram Teatrında "1905-ci ildə", "Vaqif" tamaşalarını qoyur.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilir. Bu illər İsmayıl Hidayətzadənin yaradıcılığına sənət axtarışları kimi daxil olub. Oynadığı rollar yavaş-yavaş "balaca Ərəblinski" adını unutdurmağa başlayır. Onun özünün rola fərdi yanaşması üzə çıxır. Bir qayda olaraq, o, həmişə əsərdə baş qəhrəmanı oynamağa can atıb. Cəfər Cabbarlı və Tuqanov isə onu bu fikrindən daşındırmağa çalışıblar. "Əsas budur ki, xarakter yaradasan" tövsiyəsi Hidayətzadənin sənətə münasibətini dəyişir və o, bu istəyindən əl çəkib, xarakterik obrazlarla yadda qalmağa çalışır.

Hidayətzadənin ən uğursuz rolu Aydın olub. Rejissorlar bu rolu ona vermək istəməsələr də, o israr edir. Elə ilk tamaşadan məlum olur ki, onun bu israrı əbəs imiş.

Ancaq Hidayətzadə bu uğursuzluğu ilə heç cür barışmaq istəmir, dəfələrlə Aydını məşq edir. Gərgin məşqlərdən sonra yenidən səhnəyə çıxsa da, eyni hal təkrarlanır. 1923–1928-ci illərdə bir neçə dəfə Aydını oynamağa cəhd göstərən İsmayıl sonda bu fikrindən daşınır.

İsmayıl Hidayətzadə tez-tez "Mən Cabbarlı məktəbinin yetirməsiyəm" deyərmiş. Bu səmimi etirafın arxasında sənət və əqidə dostluğu dayanıb. Azərbaycan teatrını inkişaf etdirmək, maraqlı tamaşalar hazırlamaq, gözəl aktyor oyunu onların sənət axtarışlarının əsas qayəsi idi.

Hidayətzadənin cib dəftərçəsində Cabbarlının xəttilə yazılmış bir and var. "Biz, aşağıda imza edən İsmayıl və Cabbarlı aprel ayının sonunda ikili bir qərara gəldik: Azərbaycan teatrı başqa teatrlardan geri deyilsə də, rəqabət yoxluğundan teatr bir durğunluq keçirir və özü-özünü təkrar edir. Səhnəni bu durğunluqdan çıxartmaq və yeni bir təkanla tərəqqisini gücləndirmək lazımdır. Onun üçün biz ikimiz gənc qüvvələrdən yeni bir kadro düzəldib, yeni bir teatr binası qoymağa çalışacağıq". Təəssüf ki, onlara yeni teatr yaratmaq nəsib olmadı.

Cəfər Cabbarlı məhz İsmayıl Hidayətzadə üçün rollar yazarmış. İsmayıl isə bir qayda olaraq, öz rollarının prototipini axtararmış. Məsələn, Əbdüləli obrazının prototipini şamaxılı bir tamaşaçının simasında tapıb. Təbii ki, prototipi sayəsində rolu üçün yeni material yığarmış. "Almaz"da Şərifin "Həri, həri, bəs necə?" ifadəsi məhz prototipin dilindən götürülüb. "Almaz"ın məşqi gedirmiş. İsmayıl Hidayətzadənin yolu Türkan kəndinə düşür. Aktyoru böyük hörmətlə qaşılayırlar. Diribaşlığı ilə seçilən kənd sovetinin işçisi dil boğaza qoymur. Onu inandırmaq üçün də tez-tez "Həri, həri, bəs necə?" deyirmiş. Türkandan geri dönəndə birbaş Cabbarlıgilə gəlir ki, "Şərifi tapmışam". Şərifin prototipini yerli-yataqlı təsvir edir. "Həri, həri, bəs necə?" Cabbarlının da xoşuna gəlir, beləliklə, səhnədəki Şərif də bu sözü deyəsi olur.

İsmayılın ən sevimli rollarından biri də Salamov olub. O özü də bu haqda yazıb: "Salamov pyesdə ən ağır, ən çətin, ən məsuliyyətli roldur. Mən etiraf edirəm ki, çoxdan bəri nə səhnəmizdə belə qüvvətli pyes, nə də mənim belə gözəl, qüvvətli rolum olmuşdur. Mən bu rolu dərindən hiss edərək oynayıram. Bu rolu oynayarkən, tamaşaçıların dediyim hər sözü asanlıqla dərk etdiklərini görürəm. Bu isə Cəfərin canlı obraz yaratmaqda ustad, istedadlı bir rəssam olduğunu sübut edir".

İsmayıl rol üzərində özünəməxsus tərzdə işlərmiş. Əvvəlcə əsərdə göstərilən dövrü, tarixi vəziyyəti öyrənərmiş. Sonra qəhrəmanının xarakterini açmağa çalışarmış. Onun gözlə oynamaq qabiliyyəti olub. Stanislavskinin təbirincə desək, bu, aktyor üçün ən vacib keyfiyyətlərdən biridir. İri göz quruluşuna malik olan İsmayıl mürəkkəb psixoloji vəziyyətlərdə gözlə oynayarmış. Onun rolla bağlı qeydlərində "gözlə oynamaq" ifadəsinə rast gəlmək olar.

Bakı, İsmayıl Hidayətzadə küçəsi

Hidayətzadənin müasiri, görkəmli rejissor Tuqanov onun haqqında belə deyirmiş: "O, həmişə inandırcı və real idi. Heç bir zaman şarja yer verməyərək, o, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarırdı. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabar sadəlik və təbiilik var idi."

İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin — "Qız qalası"nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb.

Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində də çəkilib.[1][2]

2001-ci ildə altyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  2. Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]