İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri — Vikipediya

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı — üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13–15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin Yeddinci Zirvə Görüşünün sənədlərini və 9–11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin Səkkizinci Zirvə Görüşünün sənədlərini, 2000-ci ilin 12–13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar.

Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməni, 21/9-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, 25/9-C saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 21/10-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 2/11-E (IS) saylı "Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında" qətnaməsinin "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi" bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı "İslam müqəddəs yerlərinin müdafiəsi haqqında"qətnaməni də göstərmək olar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.

20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət — Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub.

20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Azərbaycan Respublikası tərəfindən təqdim olunan çıxışda Kontakt Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub. Həmçinin İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.[1]

Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə. 25–29 aprel 1993-cü il[redaktə | mənbəni redaktə et]

Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransı.

İKT Bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;

Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq;

Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan ərazisinin işğalını qətiyyətlə pisləyərək;

Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək;

İKT Xarici İşlər Nazirlərinin 1992-ci ildə İstanbulda keçirilmiş V fövqəladə iclasının prinsipial mövqeyini yada salaraq;

Həmçinin İKT Xarici İşlər Nazirlərinin BMT qərargahında keçirilmiş əlaqələndirmə iclasının son rəsmi məlumatının müvafiq bəndlərini yada salaraq;

Qonşu ölkələrin və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi istiqamətində göstərdiyi cəhdləri nəzərə alaraq;

Ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını dərk edərək;

Bu yeni hərbi hücumun ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir göstərə biləcəyindən xəbərdar olaraq;

Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək;

  1. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;
  2. Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasına və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi Ermənistandan ciddi surətdə tələb edir;
  3. Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır;
  4. Həm Ermənistanın, həm də Azərbaycanın əməli surətdə həyata keçirilən ATƏM sülh prosesində konstruktiv mövqe tutmalarını tələb edir və məsələnin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməyi tələb edir;
  5. Azərbaycan hökumətinin və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdlərlə tam həmrəy olduğunu bir daha təsdiq edir;
  6. Yaşayış yerlərini tərk edənlərin öz evlərinə təhlükəsiz, hörmət və qayğı ilə qayıtmalarını asanlaşdırmağa çağırır;
  7. Üzv olan ölkələr İslam İnkişaf Bankından və digər islam təsisatlarından Azərbaycan Respublikasına təcili maliyyə yardımı və humanitar yardmı göstərməyi xahiş edirlər;
  8. BMT Baş katibindən və Təhlükəsizlik Şurasının sədrindən Təhlükəsizlik Şurasında Ermənistanın təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş bütün torpaqlarından erməni qüvvələrinin çıxarılmasını tələb edən qətnamə qəbul olunması üçün bütün səlahiyyətlərdən istifadə etməyi xahiş edir;
  9. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi və İKT Xarici İşlər Nazirlərinin XXII konfransında bu haqda məruzə etməyi xahiş edir.

Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə. 13–14 dekabr 1994-cü il[redaktə | mənbəni redaktə et]

İKT ölkələrinin dövlət başçılarının Mərakeş Krallığının Kasablanka şəhərində hicri tarixi ilə 1415-ci il rəcəb ayının 11–12-də, miladi tarixi ilə 1994-cü il dekabrın 13–14-də keçirilən VII zirvə konfransı İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində hərbi münaqişənin kəskinləşməsi və Azərbaycan ərazisinin 20 faizdən artığının işğalından dərindən narahat olaraq;

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın vəziyyətinə düşməsi və humanitar problemlərin dözülməzliyindən təsirlənərək;

1992-ci ilin iyun ayında İstanbulda keçirilmiş V və 1994-cü ilin sentyabrında İslamabadda keçirilən İKT Xarici İşlər Nazirlərinin VII fövqəladə konfransının prinsipial mövqeyini yada salaraq;

1993-cü il aprelin 25–29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransında qəbul edilən qətnamənin müddəalarını bir daha təsdiq edərək;

Həmçinin İKT-nin 23 sentyabr 1992-ci ildə və 3 oktyabr 1994-cü ildə keçirilmiş İKT Xarici İşlər Nazirlərinin koordinasiya iclasının yekun sənədlərinin müvafiq bəndlərini yada salaraq;

Qonşu ölkələr və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;

Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;

BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam edən təcavüzkar siyasətinin ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə biləcəyindən xəbərdar olaraq:

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;
  2. Təcavüz nəticəsində Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı törədilən cinayət kimi qiymətləndirir;
  3. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan Respublikası silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən LaçınŞuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistandan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bəsləməsini tələb edir;
  4. Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana qarşı edilən təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımlar atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır;
  5. Bir daha təsdiq edir ki, ərazinin zor işlətməklə əldə edilməsi tanına bilməz;
  6. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin pozulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır;
  7. Həm Ermənistan, həm də Azərbaycandan ATƏM-in sülh prosesində iştirak etməsi və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməsini tələb edir;
  8. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlara tam həmrəy olduğunu bir daha təsdiq edir;
  9. Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;
  10. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün olması ilə əlaqədar humanitar vəziyyətin kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım etmələrini xahiş edir;
  11. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu barədə İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə təqdim etməsini xahiş edir

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə. 9–13 dekabr 1996-cı il[redaktə | mənbəni redaktə et]

İKT Xarici İşlər Nazirlərinin İndoneziya Respublikasının Cakarta şəhərində hicri tarixi ilə 1417-ci il rəcəb ayının 28-dən şaban ayının 3-dək, miladi tarixi ilə 1996-cı il 9–13 dekabrda keçirilən 24-cü konfransı İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən artığının işğalından dərin narahat olaraq;

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqının aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək;

Ötən konfransların bütün müvafiq qətnamələrinə, xüsusilə Mərakeş Krallığının Kasablanka şəhərində 11–12 rəcəb 1415-ci (13–14 dekabr 1994-cü il) ildə keçirilmiş VII zirvə konfransının qətnaməsinə istinad edərək;

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə çağıraraq;

Münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə ehtiramını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsirini dərk edərək:

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;
  2. Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir;
  3. İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir;
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir;
  5. Təhlükəsizlik Şurası qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsindən narahat olduğunu bildirir;
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımlar atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü

pisləyərək təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır;

  1. Bütün üzv dövlətləri Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən Ermənistana silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir;
  2. Ermənistanın təcavüzünə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır;
  3. Ermənistan və Azərbaycan arasındakı münaqişəni dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır;
  4. Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri ATƏT-in sülh prosesində prinsipial surətdə iştirak etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır;
  5. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir;
  6. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;
  7. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir. Digər dövlətləri onlara yardım göstərməyə çağırır;
  8. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım təqdim etmələrini xahiş edir;
  9. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır;
  10. İKT-yə üzv dövlətlərin bu haqda mövqeyini ATƏT-in indiki sədrinə bildirməsini Baş katibdən xahiş edir;
  11. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin 25-ci konfransında məruzə etməsini xahiş edir.

10/30-C saylı qətnamə[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında qətnamə

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27–29 rabi-ul avval 1424-cü hicri il (28–30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı

İKT Zirvələrin və digər Toplantıların, xüsusilə İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransının qəbul etdiyi qətnamələri xatırlayaraq;

İslam irsinin qorunması və müdafiəsinə dair İslam Konfransı Təşkilatının (İKT) Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və memarlığın Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək;

BMT-nin Təhlükəsizlik Şurasının, LaçınŞuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılması, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək;

Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda məscidlərinislama aid olan digər müqəddəs yerlərin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək;

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını diqqətə alaraq;

Bu barədə Azərbaycan hökumətinin və xalqının narahatlığı tam bölüşərək;

Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş Katibinin hesabatını nəzərdən keçirərək:

  1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olnmuş ərazilərində İslam sivilzasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.
  2. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinini Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir.
  3. Hərbi təcavüzün dayandırılması və onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş, həmçinin, hərbi münaqişələr baş verdiyi zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarılmasının qarşısını almaq barədə öz üzərinə götürdükləri öhdəliklərini nəzərdə tutan "Hərbi münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində səylərini dəstəklədiyini ifadə edir. Dövlətlər habelə mədəni dəyərlərin hər hansı şəkildə oğurlanması, talan edilməsi və ya onların qanunsuz mənimsənilməsini, eyni zamanda həmin dəyərlərə qarşı hər hansı vandalizm aktlarını qadağan etmək və belə hərəkətlərin qarşısını almaq, lazım gəldikdə isə aradan qaldırmağı öz üzərinə götürmüşlər.
  4. Aldığı zərərlərə görə Azərbaycanın müvafiq kompensasiya almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir.
  5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.
  6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsin? və İKT-in himayəsi altında olan qurumlar və xüsusiləşdirilmiş orqanlar çərçivəsində həyata keçirilmiş koordinasiya işlərinə görə İKT Baş Katibliyinə təşəkkür bildirir. Həmçinin yardım etmiş adı çəkilən qurum və təşkilatlarına da, xüsusilə İslam İnkişaf Bankına və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına onlar tərəfindən Azərbaycan Respublikasında islama aid olan müqəddəs yerlərin qorunması üzrə layihələrin gerçəkləşdirilməsi üçün proqramların qəbul edilməsinə görə təşəkkür edir.
  7. Məsələnin izləməsini və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.

13/30-P saylı qətnamə[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27–29 rabi-ul avval 1424-cü hicri il (28–30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı

İKT Nizamlanmasının məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən artığının işğalından dərin narahat olaraq;

Ermənistan təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünün aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək;

Ötən konfransların bu problemlə bağlı müvafiq bütün qətnamələrini, xüsusilə İKT Dövlət və Hökumət başcılarının IX Zirvə konfransında qəbul olunmuş 21/9-P(İS) saylı Qətnaməsini bir daha təsdiq edərək;

BMT Nizimnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə cağıraraq;

Münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ehtiramını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərcivəsində aparılan prosesinə dağıdıcı təsirini dərk edərək;

İKT Baş katibinin məruzəsini (İCFM/30–2003/POL/SG-REP.11 saylı sənədi) nəzərə alaraq:

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir.
  2. Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir.
  3. İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və dini abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.
  4. BMT Təhlükəsilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir.
  5. Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirməməsindən narahat olduğunu bildirir.
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır.
  7. Bütün üzv dövlətləri Ermənistana – təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.
  8. Ermənistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.
  9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.
  10. Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının bu haqda müvafiq qətnamələrinə və ATƏT-in 24 mart 1992-ci il tarixli Şuranın Birinci Əlavə Görüşünün, ATƏT-in 5–6 dekabr 1994-cü il tarixli Zirvəsinin, ATƏT-in 2–3 dekabr 1996-cı il tarixli və ATƏT-in 18–19 noyabr 1999-cu il tarixli Zirvələrinin, ATƏT-in 18–19 dekabr 1997-ci il tarixli və 3–4 dekabr 2001-ci il tarixli Nazirlər Şurasının görüşlərinin qətnamə və sənədlərinə əsasən ATƏT-in davam edən sülh prosesində konstruktiv surətdə iştirak etməyə dəvət edir və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.
  11. ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə görüşünün İcraçı Sədrinin Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin həlli üzrə üç prinsipi – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək idarəetmə hüququnu, Dağlıq Qarabağın və onun bütün sakinlərinin təmin edilmiş təhlükəsizliyini əhatə edən bəyanatını tamamilə dəstəklədiyini bildirir.
  12. Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin mərhələlərlə həlli istiqamətində Minsk Qrupu Həmsədrlərinin təkliflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar üçün əsas hesab edir və dərk edir ki, bu şəkildə yanaşma Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin aradan qaldırılmasını dərhal təmin etməlidir.
  13. İKT üzv dövlətlərin Azərbaycan Respublikasına qarşı erməni təcavüzü barədə prinsipial və qəti mövqeyini ATƏT-in İcraçı Sədrinə bildirilməsini Baş Katibdən xahiş edir.
  14. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir.
  15. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələrinə imkan yaratmağa çağırır.
  16. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır.
  17. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım göstərmələrini xahiş edir.
  18. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır.
  19. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin XXXI Toplantısına məruzə etməsini xahiş edir.

21/30-E saylı qətnamə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasına İqtisadi yardım haqqında qətnamə

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27–29 rabi-ul avval 1424-cü hicri il (28–30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı

İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransının qəbul etdiyi 21/9-E(?S) saylı qətnaməsini xatırlayaraq;

Eləcə də İKT Xarici işlər nazirlərinin XXIX Toplantısının 21/29-E saylı qətnaməsini xatırlayaraq;

Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;

BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;

Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizinin işğalı, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyonadək azərbaycanlının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;

İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;

Bir sıra İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışlayaraq və qiymətləndirərək;

Eləcə də, Baş Katibin məruzəsini nəzərə alaraq:

  1. Üzv dövlətləri və İslam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
  2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
  3. İKT Xarici işlər nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İƏT erməni təcavüzünə qarşı". 2019-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.