İllarion Vorontsov-Daşkov — Vikipediya

İllarion Vorontsov-Daşkov
Şəxsi məlumatlar
Doğum tarixi 27 may 1837(1837-05-27)[1]
Doğum yeri
Vəfat tarixi 15 yanvar 1916(1916-01-15)[2] (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Morşansk rayonu[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Döyüşlər
Rütbəsi general-mayor

Təltifləri Grand Cross of the Imperial Order of Leopold "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni I dərəcəli "Qırmızı qartal" ordeni "İgidliyə görə" qızıl qılıncı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İllarion İvanoviç Vorontsov-Daşkov (27 may 1837[1], Sankt-Peterburq[3]15 yanvar 1916[2], Alupka, Tavriya quberniyası[d][3]) — Rusiya dövlət və hərbi xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin davamını Cənubi Qafqazda həyata keçirməyi qərara aldılar.

Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və digər ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən "qaynar nöqtə" hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı bu idi ki, erməni proletariatı da ümumrus tətillərini dəstəkləyirdi.

1905-ci ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, KaxetiyaMeqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı. Bütün Cənubi Qafqazda siyasi sabitlik tamamilə pozulmuşdu. İmperiyanın cənub ucqarlarında milli zəmində alovlanan tətillərə hökumətin loyal münasibəti açıq-aşkar hiss olunurdu. Belə bir ağır vəziyyətdə çar hökumətinin əsas məqsədi müsəlman əhalisini qorxutmaq və onları öz torpaqlarından sıxışdırıb çıxarmağa başlamış daşnaklarla mübarizəni dərinləşdirmək idi. Daşnaklar erməni muxtariyyəti uğrunda aparılan mübarizədə, eləcə də 1903-cü ildə kilsə əmlakının çar fərmanı ilə müsadirə olunmasında əsas günahların hökumətdə olduğunu bildirərək, bütün mübarizənin imperiyaya qarşı yönəldildiyi haqqında məlumatlar, bildirişlər yaymağa başladılar. Hökumət isə daşnakların sosial dayaqlarının daha da laxladılması üçün erməni-türk müsəlman qırğınına bir növ rəvac vərməkdə idi.

2 fevral 1905-ci ildə Quba meydanında daşnaklar tərəfindən Ağarza adlı bir nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi müsəlmanların qəzəbinə səbəb oldu. Lakin 1905-ci ildə bir nəfər azərbaycanlı məhbusun dindirilməyə aparılarkən yolda erməni əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ondan xəbər verirdi ki, ermənilər bu münaqişəyə qabaqcadan çox yaxşı hazırlaşmışdılar. Milli zəmində silahlı qarşıdurmanın aradan qaldırılması üçün heç bir ciddi tədbir görməyən yerli hakimiyyət praktiki olaraq, hadisələrin daha da gərginləşməsində maraqlı idi. 1905–1906-cı illər erməni-türk müsəlman qarşıdurması zamanı ermənilərin türklərə qarşı amansız, vəhşi münasibəti nəticəsində minlərlə türk qanına qəltan edildi. Ermənilər qoca, uşaq, qadın demədən, qarşılarına çıxan hər bir müsəlman türkünü vəhşicəsinə qətlə yetirdilər. Bu qanlı hadisələrin canlı şahidi olmuş görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi "Qanlı illər" adlı sənədli əsərində problemin kökünə nüfuz etmiş, millətlərarası toqquşmaya və qan tökülməsinə gətirib çıxaran səbəbləri dəqiq göstərmişdir. Bu, ilk növbədə, "Daşnaqsütyun"un Qafqazda oynadığı "qanlı teatr"dır; ikincisi, yerli hakimiyyətin nümayəndələrinin soyuqqanlığı və fəaliyyətsizliyidir; üçüncüsü, azərbaycanlıların sadəlövhlüyü və səriştəsizliyidir, onlar erməni hiylə və fitnəkarlığını vaxtında başa düşməmişdilər, habelə silahlanmamışdılar; dördüncüsü, Moskvanın, Londonun və Parisin fəal köməyi ilə ermənilərin "Böyük Ermənistan" yaratmaq məqsədi ilə muxtariyyətə can atmasıdır.[4]

XX əsrin əvvəllərində Gürcüstan ərazilərinə Türkiyənin şərq ərazilərindən köçürülməkdə olan erməni əhalisi bölgənin yerli əhalisi ilə bu və ya digər formada qarşıdurma yaratmaqda maraqlı idi. Ermənilərin köçürülməsi ilə regionda hökm sürən qeyri-sabitliyin, etnik qarşıdurmaların və bir sıra qanlı olayların əsası qoyuldu. Cənubi Qafqazın inzibati mərkəzi olan Tiflisdə saylarını xeyli artırıb mühüm vəzifələrə yiyələnən erməniər artıq XX əsrin əvvəllərindən etibarən açıq şəkildə torpaq iddiaları irəli sürməyə və öz məkrli niyyətlərinə çatmaq üçün minillər boyu öz dədə-baba yurdlarında yaşayan yeni qonşularına-Şimali Azərbaycan türklərinə qarşı qətliamlar törətməyə başladılar.[5] Tiflis əhalisi də bu faciədən yaxa qurtara bilmədi. Tiflisin azərbaycanlı əhalisi say tərkibinə görə azlıq təşkil edirdi. Odur ki, azərbaycanlılar və ermənilər arasında olan toqquşmalar adamları ciddi narahat edirdi. 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfdən gələrək "Şeytan bazarı"ndakı türklərin "Roza" gül mağazası önündən keçərkən havaya açdıqları 5–10 atəş səsi toqquşmaya gətirib çıxardı. Həmin gün türklər erməniləri, ermənilər də türkləri güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Hökumətin yarıtmaz siyasəti nəticəsində çoxlu sayda türk qətlə yetirilməkdə idi. Azərbaycanlılardan ibarət özünümüdafiə dəstələrinin olmaması da qırğınların artmasına gətirib çıxardı. Yalnız 1906-cı ilin payızında "Difai" ("Müdafiə") müsəlman partiyası yarandı. Onun yaradıcılarının fikrincə, bu partiya "Daşnaqsütyun"a qarşı çıxmalı idi. "Difai"nin liderləri Əhməd bəy Ağayev və Ə. Rəfibəyli olmuşlar. Erməni terrorçularının xüsusi fəallıq göstərdiyi yerlərdə, Yelizavetpol, Cavanşir, Şuşa, Qaryagin və başqa qəzalarda partiyanın şöbələri yaradıldı. Qeyd etmək lazımdır ki, "Difai" təşkilatı millətlərarası toqquşmaların zəiflədiyi və daşnak terror dəstələrinin müsəlman əhalisi üçün bilavasitə ciddi təhlükənin ötüb keçdiyi məqamda təşəkkül tapmışdı. Təşkilat 1912-ci ilə qədər fəaliyyət göstərdi. Sonralar Müsavat partiyası təşkil olundu və "Defai"nin bir çox üzvləri Müsavat partiyasına daxil oldular. Digər Azərbaycan milli təşkilatı — "Müdafiə" 1907-ci ildə təsis olundu. Onun rəhbəri İsmayıl xan Ziyadxanov idi və fəaliyyəti Yelizavetpol və Tiflis quberniyasını əhatə edirdi. "Müdafiə"nin məqsədi iri torpaq sahiblərinin—bəylərin mənafeyini müdafiə etməkdən idi. Təşkilat qısa bir müddətdə fəaliyyət göstərdikdən sonra, nəhayət, 1909-cu ildə buraxıldı. Tarixçi Bəxtiyar Nəcəfov təşkilatların fəaliyyətinə toxunarkən qeyd edir ki, "…erməni terrorçularının iddialarına qarşı çıxmaq məqsədilə yaradılan Azərbaycan təşkilatları çox gec meydana çıxaraq, bir növ "kütləvilik, quruluş baxımından, əlbəttə ki, onlar "Daşnaqsütyun"un fəaliyyətinə hakim kəsilən təcavüzkarlıqdan, hücum ruhundan uzaq olmuşdular".

Daşnakların Azərbaycan xalqına qarşı 1904–1905-ci illərdə törətdikləri vəhşiliklər təsadüfi epizodlar deyil, ciddi işlənib hazırlanmış və müəyyən dövrə qədər gizli saxlanmış planın bir hissəsi idi. Bu plan bir çox səbəbdən baş tutmadı. Bunu araşdıran tarixçi Bəxtiyar Nəcəfov yazır: "…burada ermənilərin öz qüvvə və imkanlarını həddindən artıq şişirtmələri, müsəlman əhalisi tərəfindən müqavimətlə qarşılanması və əlbəttə, çarizmə qarşı çıxan qüvvələrin məğlubiyyəti də öz rolunu oynayırdı. Buna müvafiq olaraq, ermənilər və təşkilatlanmış bütün erməni terrorçuları sonrakı illərdə öz taktikalarını dəyişdilər. Lakin döyüş qaydasını bərpa edərək Cənubi Qafqazda təxribatçılıq fəaliyyətlərini davam etdirmək üçün əsas qisasçılıq məqsədlərinə sadiq qaldılar". Hadisələrin sabitləşməyə doğru getdiyi bir vaxtda özünə gələn çar hökuməti ən qorxulu düşmənə—daşnaklara qarşı fəal mübarizə aparmağa başladı: həbslər keçirilir, partiya fəalları sürgün edilir, gizli mətbəələr dağıdılır, silahlar müsadirə olunurdu. Bütün bunlar tətbiq olunan hərbi vəziyyət fonunda baş verirdi. Doğrudur, bu proses uzun müddət baş verə bilməzdi. Erməni üsyançılar diaspor qurumları tərəfindən ayrılan külli miqdarda vəsait hesabına sürətlə silahlanırdılar. Şərait durmadan ermənilərin xeyirinə dəyişməkdə idi.

1905-ci ildə, ölkədə inqilabi yüksəlişin qızğın çağında qraf Vorontsov-Daşkov Cənubi Qafqazın canişini təyin olundu. Çar sarayında məharəti ilə ad çıxarmış qraf ermənilərə rəğbəti ilə seçilirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratmışdı. Onun köməyi ilə bütün Tiflisdə əsas vəzifələr erməni fırıldaqçılarının əlinə keçdi. Təsadüfi deyildi ki, Vorontsov-Daşkov erməni kapitalının köməyi ilə Balaxanıda zəngin neft mədəninə yiyələndi. 1905-ci ildə yeni canişin Bakıya gələrkən məlum oldu ki, onu neftçilərin tətilləri və fəhlələrin iş şəraiti deyil, öz mədənlərinin əmin-amanlığı maraqlandırır. Tətilçiləri ciddi cəzalandırmaqla hədələyən canişin Tiflisə döndü.

Qeyd etdiyimiz kimi, 1905–1906-cı illərdə Cənubi Qafqazın hər bir nöqtəsində dinc əhali erməni cəlladlarının yaramaz əməlləri ilə qarşılaşmaqda idilər. Elə bu dövrdə Bakı ilə yanaşı, Qarabağda da əhali quldurların ciddi təzyiqləri ilə ölüm-dirim mübarizəsi aparırdı. Demək olar ki, Şuşa yolu daşnak terrorçuları tərəfindən kəsilən vaxt şeyxülislam, müfti və qazi canişinin qəbuluna getdilər. Məqsəd canişindən Şuşa əhalisinə ərzaq çatdırılmasına kömək göstərməsini xahiş etmək idi. Lakin Vorontsov-Daşkov nümayəndələri qəbul etmədi və onlara çatdırdı ki, müsəlmanlara hələ bu da azdır. Şübhəsiz, ermənipərəst qrafın canişin təyin edilməsi təsadüfi deyildi. Belə ki, qismən güzəştlər hesabına başa gəlsə belə, istər mərkəzdə, istərsə də 1905-ci ilin əvvəlində ucqarlarda olan nisbi sakitlik çar hökumətinə hava — su kimi vacib idi. Belə bir güzəşt Vorontsov-Daşkovun səyləri nəticəsində müsadirə olunmuş əmlakın erməni-qriqorian kilsəsinə qaytarılması və erməni kilsə məktəblərinin açılması barədə 1906-cı ildə imperator fərmanının imzalanmasında özünü büruzə verdi. Vorontsov-Daşkovun Qafqazda apardığı siyasət erməni terrorçuların daha mülayim əhval-ruhiyyəli hissələrini çar hökuməti ilə barışdıra bildi. Ermənilər kilsə əmlakının müsadirəsi və kilsə məktəblərinin statusu barədə fərmanın ləğvində çar hökuməti ilə "dil tapmağın mümkünlüyü" fikrini təsdiq edən xoş məram gördülər.

Sonrakı illərdə, daha doğrusu, I və II Balkan müharibələri ərəfəsində daşnakların bir sıra təşkilatları yaradılmaqda idi. Bu işdə canişin Vorontsov-Daşkovun misilsiz xidmətlərini qeyd etmək olar. Xüsusilə, daşnakların Rusiya ilə mövcud münasibətlərin nizama salınması, eləcə də Türkiyəyə qarşı silahlı çıxışlara hazırlıqdan ibarət olan siyasi xətti canişinin yorulmaz fəaliyyəti nəticəsində həyata keçirilməkdə idi. Məhz bu dövrdən başlayaraq qraf Vorontsov-Daşkov daşnaklarla çar arasında olan münasibətlərin həlli istiqamətində öz üzərinə bir çox öhdəliklər götürməli oldu. Bütün məsələlər çarla aparılan məktublaşmalarda öz əksini təfərrüatı ilə tapmışdır. Vorontsov-Daşkov dönə-dönə Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edir, etiqad qardaşlarının—xristianların "vəhşi türklərdən" müdafiəasinin zəruriliyinə diqqət yetirir, yeni Rusiya-Türkiyə müharibəsində ermənilərin Rusiya ordusuna hansı köməyi göstərəcəyini vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə hökumət arasında baş vermiş münaqişələrin günahkarı rus məmurlarıdır, ilk növbədə Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, 90-cı illərdə Türkiyə Ermənistanında erməni çıxışları zamanı Rusiyanın Türkiyə ilə müharibəyə girməsinə imkan verməmişdi.

Qeyd etmək lazımdır ki, bu dövrdə ermənilər çar hökumətinə qarşı loyal münasibət sərgiləməkdə idilər. Əsas məqsəd müharibə başlayacağı təqdirdə çar hökumətinə hərtərəfli dəstək göstəriləcəyinı açıq şəkildə bəyan etmək idi. Nəticədə, Tiflisdə "Daşnaqsütyun"un xarici işlər naziri Zavriyevlə Vorontsov-Daşkov arasında intensiv danışıqlar başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson Arutyunov və A. Xatisov iştirak edirdilər. Daşnaqlar müharibə başlayarsa bütün qüvvələrini Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə götürdülər. Öz növbəsində Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun, Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan yaradılacağını vəd etdi.

Tiflis danışıqları daha sonra Peterburqda davam etdirildi. Burada ilkin sazişlər işlənib hazırlandı. Bu sazişlər özündə prinsip etibarı ilə iki əsas məsələni əks etdirirdi:

1. Türkiyə əraziləri hesabına yaradılacaq muxtar Ermənistan; 2. Türkiyəyə qarşı müharibə zamanı erməni terrorçu dəstələrinin rus ordusu ilə müttəfiq vuruşması. Hadisələrin sonrakı gedişatı və müharibə zamanı bir daha təsdiq olundu ki, erməni silahlı dəstələri rus ordusuna elə də ciddi köməklik göstərmək iqtidarında deyildi.

1915-ci ilin sonlarında qraf Voronsov-Daşkov Qafqaz canişini vəzifəsindən azad olundu. Ermənipərəstliyi ilə məşhurlaşmış bu canişin on il ərzində (1905–1915) Cənubi Qafqazda açıq-aşkar ermənipərəst siyasət yürüdürdü. Onun hakimiyyəti illərində "Daşnaqsütyun" möhkəmlənərək, öz sıralarını yenidən qurdu, ermənilər Cənubi Qafqazın iqtisadi və siyasi həyatında öz mövqelərini daha da gücləndirdilər. Voronsov-Daşkovun yerinə əqidəli monarxiya tərəfdarı və "dövlətçi" böyük knyaz Nikolay Nikolayeviç canişin təyin olundu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Bibliothèque nationale de France Illarion Ivanovich Vorontsov-Dashkov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 Pas L. v. Illarion Ivanovitch Vorontsov-Dashkov // Genealogics (ing.). 2003.
  3. 3,0 3,1 3,2 3,3 Воронцов-Дашков Илларион Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Ordubadi M. S. Qanlı illər Arxivləşdirilib 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 7-11.
  5. Fəxri Hacıyev, Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə, Gürcüstan arxiv mənbələri əsasında, səh.43, "Diplomatiya aləmi"—Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin orqanı 27/210, 14 yanvar 2005.