İbrahim ağa Usubov — Vikipediya

İbrahim ağa Usubov
İbrahim ağa Мusa ağa oğlu Usubov
İbrahim aga Usubov ailəsi ilə birgə[1]
İbrahim aga Usubov ailəsi ilə birgə[1]
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 1872(1872-03-06)
Doğum yeri
Vəfat tarixi 16 iyun 1920(1920-06-16) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı
Uşağı Nigar Usubova
Atası Musa ağa Usubov
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Xidmət illəri 1894-cü ildən
Rütbəsi general-mayor
Komandanlıq edib
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni

İbrahim ağa Usubov (tam adı: İbrahim ağa Musa ağa oğlu Usubov, rus. Ибрагим-Ага Муса-Ага оглы Усубов; 6 mart 1872, Yuxarı Salahlı, Qazax qəzası16 iyun 1920, Bakı) — Çar Rusiyası ordusunda general-mayor, Hərbiyyə naziri yanında tapşırıq generalı. Artilleriya generalı Əliağa ŞıxlinskiSəməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuşdur. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli. Mirzə Hüseyn Qayıbzadənin kürəkəni, Əliağa Şıxlinskinin bacanağı, Nigar xanım Usubovanın atasıdır. İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur.

Xidmətləri[redaktə | mənbəni redaktə et]

İbrahim ağa Usubov dövlət xadimi Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.

Bu müharibədə onun göstərdiyi şücaət haqqında "Kaspi" qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: "Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916-cı ildə), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna" ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın 14-də Mizines kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub saxlamışdır". Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çıxarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il aprelin 19-da "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur.

1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi verilmişdir.

1918-ci ilin may ayında İbrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunun təşkilinə başladı. 1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə Məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da milli hökumət, xalqına sidq ürəklə xidmət etdiyinə görə İbrahim ağa Usubovu hərbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin etdi.

Milli hökumət İbrahim ağanı 1919-cu ildə Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi. İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd — ADR-in İtaliyadakı nümayəndəsinin ölkənin milli ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram bunu təsdiq edir: "Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm.

1920-ci ilin aprelində XI ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz". Lakin çox keçmir ki, İbrahim ağa Usubov və on iki azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb orada güllələyiblər.

Əliağa ŞıxlinskiSəməd bəy Mehmandarov ayrı kamerada olublar. Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və onlar xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də 1920-ci il avqustun 1-də Ə. Şıxlinskini və S. Mehmandarovu Moskvaya göndərdi.

General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də qızı — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İbrahim Usubovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. (http://www.ayna.az/rubric.php?rid=98 Arxivləşdirilib 2008-12-22 at the Wayback Machine)
  2. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.

Mənbə[redaktə | mənbəni redaktə et]