İbrahim Quliyev (dövlət xadimi) — Vikipediya

İbrahim Quliyev
bayraq
Astara Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
24 avqust 1993 – 18 aprel 2001
ƏvvəlkiAydın Cəbiyev
SonrakıFaiq Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1951(1951-12-21) (72 yaş)
Doğum yeri

İbrahim Oruc oğlu Quliyev (21 dekabr 1951, Lənkəran) – Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor.

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Oruc oğlu Quliyev 1951-ci il dekabr ayının 21-də Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuşdur.

Hərbi xidmətdən sonra Rusiya Federasiyasında Daxili İşlər Orqanlarına daxil olmuş, bir müddət orada rəhbər vəzifədə işləmişdir. Azərbaycanın sabiq daxili işlər naziri Arif Nəzər oğlu Heydərovun dəvəti ilə Azərbaycan Daxili İşlər Orqanlarında xidmətini davam etdirmək üçün Azərbaycana qayıtmışdır. SSRİ-nın Daxili İşlər Nazirliyinin Kaunas şəhərində milis məktəbini, SSRİ Daxili İşlər Nazirliyinin ali məktəbini, daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyi kollegiyasının qərarı ilə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının ittifaq respublikaları üçün rəhbər kadrları hazırlayan birinci fakültəsinə göndərilmiş, oranı əla qiymətlərlə bitirdikdən sonra həmin Akademiyanın məqsədli adyunkturasında (aspiranturasında) saxlanılmışdır. Namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi göndərişi əsasında Moskva şəhərindəki Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının əyani doktoranturasına daxil olmuşdur. Doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.

Gəncə, Quba, Yevlax, Yardımlı, Astara şəhər və rayonlarının daxili işlər şöbələrinin rəisi vəzifəsində işləmişdir. Polis polkovnikidir. Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci ixtisas kimi Gəncə Kənd Təsərrüfatı Akademiyasının iqtisad fakültəsini bitirmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Lənkəran hadisələri zamanı fəal mübarizə aparan İ. O. Quliyev qanunsuz silahlı separatçı dəstələr tərəfindən girov götürülərək yeddi gün həbsdə saxlanılmışdır.

İ. O. Quliyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 avqust 1993-cü il tarixli fərmanı ilə Astara Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. 18 aprel 2001-ci il tarixində öz təşəbbüsü ilə istefaya getmişdir.

Professor İ. O. Quliyev dörd dəfə rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hüquq elmləri doktoru, professor İbrahim Oruc oğlu Quliyev 2003-cü ildən Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin dəvəti ilə akademiyaya gəlmiş və həmin ildən "Hüquqşünaslıq" kafedrasına rəhbərlik edir. Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən FD.06.011 Dissertasiya Şurasına sədrlik edir. Professor İ. O. Quliyev 250-dən artıq elmi əsərin, o cümlədən dərslik, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr və elmi-metodik vəsaitlərin müəllifidir. Professor İ. O. Quliyev çoxsaylı dərslik, dərs vəsaitləri, monoqrafiyalar və elmi-metodik vəsaitlərin elmi redaktoru olmuş və rəylər vermişdir. Professor İ. O. Quliyev 40-a yaxın hüquq üzrə fəsləfə doktorlarına elmi rəhbərlik etmiş, 2 hüquq elmləri doktorunun elmi məsləhətçisidir. Onlardan 20 iddiaçı artıq hüquq üzrə fəlsəfə doktorluğunu müdafiə edərək alimlik dərəcəsi almışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İ. O. Quliyev nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə keçmiş SSRİ-nin Daxili İşlər Nazirliyinin əməkdar işçisi adına, milis əlaçısı döş nişanına, fəxri fərmanlara layiq görülmüş və çoxsaylı medallarla təltif olunmuşdur.

Azərbaycan KİVİHİ-nin Hacı Zeynalabdin, "İnam", "Vətən" mükafatlarını almış, respublikada ilin ən yaxşı ziyalısı fəxri adına layiq görülmüşdür.

Rusiya Federasiyasında işlədiyi dövrdə onun xidməti fəaliyyəti ilə bağlı "Peşəyə sevgi" adlı sənədli povest yazılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]