Ümid körpüsü — Vikipediya

Ümid körpüsü
türk. Umut Köprüsü
azərb. Ümid Körpüsü
Ümid körpüsü açılış zamanı
Ümid körpüsü açılış zamanı
Xəritə
39°39′34″ şm. e. 44°48′18″ ş. u.
Keçid Araz çayı
Yeri Azərbaycan-Türkiyə sərhədi
Sədərək rayonuDilucu
Üslubu Tağlı körpü
Uzunluğu 286 metr
Yolların sayı 2 zolaqlı M-7 D.080
Tikintinin başlanma tarixi 1991
Tikintinin bitmə tarixi 1992
Açılışı 22 may 1992

Ümid körpüsü (türk. Umut köprüsü) — 28 may 1992-ci ildə istifadəyə verilən, Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan, "Dəmir İpək Yolu"nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında "yaşıl işıq" yandıran tağlı körpü.[1] Körpü Türkiyənin DilucuAzərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Tikintisi 1991–1992-ci illərdə aparılmış və 28 may 1992-ci ildə istifadəyə verilmişdir.

1990-cı illərin əvvəllərində Naxçıvan MR-in keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuşdur.

1992-ci il may ayının 28-də, Araz çayı üzərində "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək deyir:

" Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik.[2] "

Türkiyə-Naxçıvan əlaqələri[redaktə | mənbəni redaktə et]

"Naxçıvan türk-islam dünyasına bir qapıdır" - söyləyən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilib.[3]

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb.[4] 13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlindi.[3]

Həmin dövrdə muxtar respublikanın iqtisadi problemlərinin həllinə də ciddi diqqət yetirilirdi. Muxtar respublikanın düşdüyü iqtisadi çətinlikləri, blokadanın vurduğu ziyanı aradan qaldırmaq üçün qonşu Türkiyəİranla iqtisadi əlaqələr yaradılmışdı. Bu əlaqələrin genişləndirilməsin də, 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və o vaxtdan "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsinin böyük əhəmiyyəti oldu.[3]

Haqqında[redaktə | mənbəni redaktə et]

Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıdıqdan sonra, siyasi müstəviyə çıxarılmış QarsMoskva müqavilələrinə yenidən baxılaraq, böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət” şüarı reallığa çevrilmişdi. 1991-ci il oktyabrın 29-da Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılsa da, əsas körpünün inşası sürətləndirilmişdi. Bu məsələ Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə gerçəkləşən səfəri çərçivəsində Ankarada imzalanmış əməkdaşlıq protokolunda da öz əksini tapmışdı.[5]

1992-ci il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Həmin körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılıb.

Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə edirdi:

" Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. "

Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev qürurla bildirirdi:

" Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir.[3] "

Heydər Əliyevdən sonra çıxış üçün söz alan Süleyman Dəmirəl:

" Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biriylə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu coşqunluğu anlaya bilmək lazımdır. Bu, bir birlik, milli coşqunluqdur... Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür.[3] "

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xuraman İsmayılqızı. ""Ümid" yolu" (az.). https://ikisahil.az. Archived from the original on 2023-03-14. İstifadə tarixi: 14 mart 2023.
  2. Fəridə RƏHİMLİ. "ÜMİD KÖRPÜSÜ" (az.). https://www.adalet.az. Archived from the original on 2023-03-14. İstifadə tarixi: 14 mart 2023.
  3. 1 2 3 4 5 Məmməd MƏMMƏDOV. "Bir milləti, iki dövləti birləşdirən körpü" (az.). http://anl.az. Archived from the original on 2023-03-14. İstifadə tarixi: 14 mart 2023.
  4. "Bir millətin iki dövlətini birləşdirən "Ümid" körpüsü" (az.). https://azertag.az. Archived from the original on 2022-06-30. İstifadə tarixi: 14 mart 2023.
  5. "Türk dünyasını birləşdirən "Ümid" körpüsü" (az.). https://nuhcixan.az. Archived from the original on 2023-03-14. İstifadə tarixi: 14 mart 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]