Çingiz Mehdiyev — Vikipediya

Çingiz Mehdiyev
Çingiz Həsənbala oğlu Mehdiyev
Çingiz Mehdiyev qavaldaşda ifa edərkən.
Çingiz Mehdiyev qavaldaşda ifa edərkən.
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Ürək çatışmazlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

Çingiz Mehdiyev (1932-1992) — musiqiçi, nağara ustası, Azərbaycanın əməkdar artisti [1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Mehdiyev 1932-ci ildə Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyevlə Zəkiyyə Mehdiyevanın ailəsində dünyaya gəlmişdir. Çingiz Mehdiyevin atası 1938-ci ildə həbs olunur və güllələnir. Uşaqlarının və özünün aqibətindən qorxan Zəkiyyə xanım elə həmin ildə Tiflisə köçür. Lakin İkinci Dünya müharibəsi başlayan zaman yenidən Bakıya qayıdır.[2]

Təhsili[redaktə | mənbəni redaktə et]

Uşaq yaşlarından musiqiyə güclü marağı olan Çingiz Mehdiyevi ana babası Qulam, Üzeyir Hacıbəyovun yanına aparmışdır. Üzeyir Hacibəyov isə onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürmüşdür. Lakin bu aləti Çingiz sevməmişdir. Orta məktəbi bitirdikdən sonra anasının istəyi ilə sənədlərini Tibb İnistitutuna vermişsə də, atasının "xalq düşməni" olduğuna görə inistituta qəbul olunmamışdır. Bundan sonra öz istəyi ilə Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə qəbul oldu. Burada təhsil alarkən Qara Qarayev Çingiz Mehdiyevin çalğısını bəyənərək ona demişdir:[2]

" Sənin həvəslə və temperamentlə ifan çox xoşuma gəldi. Güclü biləyin var, həvəsin varsa bizim konservatoriyada oxu, yaxşı ifaçı olarsan. "

Çingiz Mehdiyev atasının "xalq düşməni" olmasına görə konservatoriyaya qəbul oluna bilməyəcəyini desə də, Qara Qarayevin təkidi ilə sənədlərini verir və qəbul olur.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Çingiz Mehdiyev öz dövrünün çox güclü sənətkarlarından biri olmuşdur. Maestro Niyazi ilə bir orkestrda çıxış edən Çingiz Mehdiyev onunla həm də yaxın dost olmuşdur.

Konservatoriyada Həsən Rzayevin sinfində təhsil alır. Hələ tələbə ikən tələbə-gənclər arasında ümumdünya festivallarının üç dəfə qalibi olmuşdur.

Çingiz Mehdiyev ilk dəfə "Tərəkəmə"ni, "Çəngi"ni, "Vağzalı"nı, "Yallı"nı bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritminə uyğunlaşdırmışdır.[4]

Çingiz Mehdiyev uzun illər filarmoniyanın solisti olub. Həmçinin musiqi dərsi keçən Çingiz Mehdiyevin tələbələrindən biri də öz oğlu olmuşdur. Çingiz Mehdiyevin televiziyanın fondunda "Ekspress", "Dünya xalqlarının ritmləri", "Azərbaycan ritmləri" qorunub saxlanır. Onların bəzilərini oğlu Həsənlə bir yerdə ifa edib yazdırıb. 1990-cı ilin noyabrında ata-balanın ifası Türkiyədə festivalda bütün festival iştirakçılarını heyrətə salmış, heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib onu Çingiz və Həsən Mehdiyevlərə vermişdilər.

1989-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adı verilmişdir.

1992-ci ilin yanvar ayında filarmoniyada onun 60 illik yubileyi keçirilirdi. Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən sənətçiyə ünvanlanan təbrik məktubunda deyilirdi:

" Hörmətli Çingiz, altmış illik yubileyiniz və səhnə fəaliyyətinizin qırx illiyi münasibətilə sizi təbrik edirəm. Yaxşı məlumdur ki, sizin parlaq istedadınız sayəsində nağaranı ilk dəfə solo milli musiqi aləti kimi dünyaya tanıtdınız. Milli musiqimizin tərəqqisi naminə bundan sonra da bacarıq və köməyinizi əsirgəməyəcəyinizə inanıram. Bu işdə sizə uğurlar arzulayıram. "

Qavaldaşın ritmik kəşfi[redaktə | mənbəni redaktə et]

1978-ci ildə bir gün Çingiz Mehdiyevi Qobustana dəvət edirlər ki, xarici qonaqlar gəlib onlarla görüşsün. Çingiz Mehdiyev də nağarasını da götürüb gedir. Öz xatirələrində bu barədə yazır:[2]

" Tarixi abidələrimizi tapmaqda əvəzsiz xidmətləri olan alim İsaq Cəfərzadə orda mənə Qobustan qayaları ilə bağlı rəvayət danışdı. Danışa-danışa əlindəki daşı qayalıqlara çırpırdı. Gördüm ayrı-ayrı qayadan çıxan səslər maraqlı ritm yardır. Bu danışırdı, mən əlindəki daşı alıb qarşımdakı qaval daşda yavaş-yavaş vurmağa başladım. Bir, iki, üç fərqli ritmlər və ahəng yaranırdı. Özümdən asılı olmayaraq çalmağa qızışmışam, başa çatanda gördüm turistlər hamısı əhatəmizdə söhbəti yarımçıq qalmış İsaq müəllim isə şokda. Qobustan qavaldaşı kompozisiyası belə yarandı. Sonradan Azərbaycan televiziyası həmin ifamı qızıl fond üçün yazdı. "

Ölümü[redaktə | mənbəni redaktə et]

Qarakənd faciəsi zamanı yaxın dostu Tofiq İsmayılovun ölümü Çingiz Mehdiyevə pis təsir etmişdi və ürəyində bəzi problemlər yaranmışdı. Nəticədə 1992-ci ildə ürəy çatışmazlığından vəfat etdi. Onun yolunu davam etdirən oğlu Həsən Mehdiyev də həmin xəstəlikdən 2005-ci ildə vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  2. 2,0 2,1 2,2 2,3 Çingiz Mehdiyev – musiqiçi, nağara və qavaldaş ustası
  3. "Daha "qavaldaş"da çalmaq istəyən yoxdur - Çingiz Mehdiyevin davamçıları kimlər idi". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  4. "Azərbaycan xalq rəqs musiqisi". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.