Çingiz Fərəcov — Vikipediya

Çingiz Fərəcov
bayraq
Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1988 – 1989
ƏvvəlkiRəfayel Məcidov
SonrakıAslan Süleymanov
bayraq
Azərbaycan Kommunist Partiyası Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1987 – 1988
SonrakıArif Allahverdiyev
bayraq
Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1980 – 1987
ƏvvəlkiFikrət Vəlixanov
SonrakıSultan Məmmədov
1980 – 1985
Seçki dairəsi193 nömrəli Ərçivan
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1942(1942-09-21)
Doğum yeri
Vəfat tarixi 15 dekabr 2016(2016-12-15) (74 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
XTNS qızıl medalı XTNS gümüş medalı XTNS bürünc medalı Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi

Çingiz Əliş oğlu Fərəcov (21 sentyabr 1942, Xələfşə, Qaryagin rayonu15 dekabr 2016, Bakı) — Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon, Dəvəçi RayonAstara Rayon partiya komitələrinin birinci katibi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur. O, Şuşa şəhərindəki 5 nömrəli uşaq evində təhsil almışdır. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir.

1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsinə daxil olur.

Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir.

1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunur.

O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov. İKP Mərkəzi Komitənin birinci katibi N. S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.

1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun zootexnik fakültəsini (qiyabi) əla qiymətlərlə və Sov. IKP yanında Ali Partiya məktəbini fərqlənmə (qırmızı) diplomla bitirib.

Ailəlidir, üç qızı və altı nəvəsi var.

Çingiz Fərəcov 15 dekabr 2016-cı ildə qəflətən iş yerində vəfat etmişdir.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Komsomolda[redaktə | mənbəni redaktə et]

Komsomol sıralarına 14 yaşından qəbul olunduğu üçün 1956-cı ildə ÜILKGİ sıralarına qəbul edilir.

1962-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin ştatdankənar katibi, az sonra isə 1963-cü ilin yanvarında yeni yaradılmış Abşeron rayon Komsomol Komitəsinin ikinci katibi seçilir.

1960-cı ildən Azərbaycan LKGI Mərkəzi Komitənin üzvü olan Çingiz Fərəcov respublika komsomolunun tədbirlərində fəal iştirak etməyə başlayır. 1964-cü ilin fevral ayında Azərbaycan LKGİ Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada əvvəl təlimatçı, bölmə müdiri, sonralar isə komsomol təşkilatları şöbəsi müdirinin müavini təyin olunur. Çingiz Fərəcov komsomolun Mərkəzi Komitəsində azərbaycanlı qızların kənd təsərrüfatı texnikasına yiyələnməsi üçün təşkilatı işlərə başlayır. O, respublikada "Qızlar, sükan arxasına!" hərəkatına rəhbərlik edir. Sevil Qazıyevanın, Diləfruz Ocaqquliyevanın, Solmaz Xəlilovanın, Cəvahir Abdullayevanın, Atlas Məmmədovanın, Ofelya Səfərovanın, Tərlan Musayevanın və digər yüzlərlə azərbaycanlı qızların mexanizator peşəsinə yiyələnmələrinə və tarlada işləmələrinə yaxından köməklik göstərir. O, pambıqyığan maşınlarda sürücü mexanik işləyən qızların fəaliyyətlərini daim nəzarətdə saxlayır.

Pambıqyığan maşınların qızlardan ibarət sürücü-mexanikləri arasında təsis olunmuş Sevil Qaziyeva adına, əl ilə pambıqyığanlar arasında isə Bəsti Bağırova adına prizlər uğrunda müsabiqələr təşkil olunur. Yarşılara yekun vurulur və qaliblər müəyyənləşdirilirdi.

Partiyada[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada yeddi il Azərbaycan KP Mərkəzi Komitənin kənd təsərrüfatına baxan katibinin köməkçisi vəzifəsini icra edir. Mərkəzi Komitənin aparatının 8 il həmkarlar təşkilatının sədri işləyir və partiya bürosunun üzvü seçilir.

1980-ci ildə Astara rayon Partiya Komitəsinin, 1987-ci ildə Dəvəçi rayon Partiya Komitəsinin və 1988-ci ildə isə Xaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Bu dövrdə Azərbaycan KP Təftiş Komissiyasının və Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olub.

Xaçmaz rayon Partiya Komitəsinin 1-ci katibi olarakən, 17 fevral 1989-cu ildə Sov. İKP. Mərkəzi Komitənin plenumunda iştirak etmiş və Sov. İKP Mərkəzi Komitənin Baş katibi M. S. Qorbaçovun iştirak etdiyi müşavirədə Dağlıq Qarabağ problemi ilə əlaqədar çıxış etmişdir. O ilk Raykom katibi idi ki, Sov. İKP Mərkəzi Komitənin plenumunda iştirak edirdi.

Heydər Əliyev ilk dəfə olaraq Çingiz Fərəcovun rəhbərlik etdiyi Astara rayon Partiya Komitəsinin 1 iyun 1982-ci il tarixli plenumunda iştirak edib. O vaxtadək o, heç bir rayon partiya komitəsinin plenumunda iştirak etməmişdir.

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində əvvəl İqtisadi inkişaf məsələləri şöbəsinin müdir müavini, sonra isə Xalqla əlaqələr şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Müstəqillik illərində[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsində dövlətinə xidmətini davam etdirib.

1996-cı ildən 2014-cü ilədək, 18 il fasiləsiz Kənd Təsərrüfatı Nazirliyinin Aparatında çalışan Çingiz Fərəcov əvvəl Heyvandarlıq, Damazlıq işi və Otlaqlar Baş Idarəsinin rəisi, təqaüdə çıxmamışdan əvvəl isə eyni adlı şöbənin müdiri vəzifəsində çalışıb.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Sevil Qazıyevaya ölümündən sonra 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adı verilməsini və 1967-ci ildə xatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərində, Zaqatala və Beyləqan rayonlarında onun heykəllərinin qoyulmasını təşkil edən Çingiz Fərəcov çox keçmir ki, Sevil Qaziyevadan bəhs edən "Mil düzündən Sevil keçdi" povestini qələmə alır.

Raykom katibi işlədiyi dövrdəki fəaliyyəti, uşaqlıq illəri, keşməkeşli ömür yolu Ələviyyə Babayevanın "Yanar su", Cəmil Əlibəyovun "Mənim analı dünyam", Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" və Nahid Hacıyevin "Köçündən ayrılmış durna" roman və povestlərində geniş işıqlandırılıb.

Sara xanım Qədimovanın sənətini tədqiq edir və onun yaradıcılığı barədə 5 iri məqalənin müəllifidir.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

1989-cu ilin fevral ayında "Pravda" qəzetində Çingiz Fərəcovun həyat və fəaliyyəti barədə "Fərəcovun əqidəsi" adlı oçerk dərc olunmuşdur. Həmin ilin aprel ayında "Pravda" qəzetinin baş məqaləsində Çingiz Fərəcovun nümunəvi işi haqqında böyük bir abzas yazı getmişdir.

Bəxtiyar Vahabzadə "Kommunist" qəzetində Çingiz Fərəcovun Astara rayonunda fəaliyyətinə həsr olunmuş "Astarada gördüklərim" adlı məqaləsi çap olunub, şair Mədinə Gülgün ona həsr edilmiş şeir yazıb. Moskvanın Mərkəzi televiziyası onun həyatı və fəaliyyəti barədə "Həyatın burulğanında" adlı sənədli film çəkib. Xalq rəssamlarından Salam Salamzadə onun "Raykom katibi", Rasim Babayev isə "Azərbaycan ziyalısı" portretlərini yaradıblar. "Raykom katibi" portreti bir çox dünya ölkələrinin sərgi salonlarında nümayiş etdirilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Bir çox orden və medallarla təltif olunub: "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenlərini, "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "V. I. Leninin anadan olmasının 100 illiyinə görə" medallarını, ÜIХT nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını, ÜILKGI Mərkəzi Komitənin 2 fəxri fərmanı. Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisidir.

"Qızıl qələm" mükafatı laureatıdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 385.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]