Çay (coğrafiya) — Vikipediya

Qızılüzən çayı

Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir…

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa). Əsas çay bütün qolları ilə birlikdə çay sistemi əmələ gətirir. Suayırıcılarla bir-birindən ayrılan çay sisteminin sutoplayıcı sahəsi çay hövzəsi adlanır. Çay, adətən, mənfi relyef formalarından — dərələrdən axır ki, bunun da ən alçaq yerinə çay yatağı, gur sulu dövrdə dərənin dibinin su ilə dolan hissəsinə subasar deyilir.

Dağ və düzənlik çayları

[redaktə | mənbəni redaktə et]

Çayın mənbəyi və mənsəbi arasındakı hündürlük fərqi çayın düşməsi, düşmənin çayın uzunluğuna nisbəti isə çayın meyilliyi adlanır və % yaxud ‰ — lə ifadə olunur. Relyefdən asılı olaraq çaylar iki böyük qrupa — dağ və düzənlik çaylarına bölünür. Dağ çayı böyük meyilliyi, iti axını, dar dərəsi, düzənlik çayı isə yatağın, adətən, meandrlı olması ilə fərqlənir. Yer kürəsi səthində çaylar qeyri-bərabər paylanmışdır.

Yerin əsas suayırıcısı materiklərin səthini Atlantika-Arktika (axımları Atlantika və Şimal Buzlu okeanlarına daxil olur) və Sakit okean (axımları Sakit və Hind okeanlarınadır) hövzələrinə bölür. Birinci hövzədə axımın həcmi ikinciyə nisbətən xeyli çoxdur. Çay şəbəkəsinin sıxlığı və axımın istiqaməti müasir təbii şəraitdən asılıdır, lakin müəyyən qədər əvvəlki geol. epoxaların cizgilərini saxlamaqdadır. Ekvatorial qurşaqda çay şəbəkəsi daha sıxdır; burada dünyanın Amazon, Konqo kimi ən iri çayları axır. Tropik və mülayim qurşaqlarda da, xüsusən dağlıq rayonlarda (Alp, Qafqaz, Qayalı dağlar və s.), sıxlıq qalmaqdadır. Səhralarda Çaylar epizodik axımlıdır; yalnız qarların əriməsi və intensiv yağışlar zamanı gursulu olurlar.

Çayların su rejiminin əsas xüsusiyyətləri səviyyə və su sərfidir. Çayın illik səviyyə rejimi iki dövrə bölünür: gursululuq dövrü və azsulu dövr. Bunların dəyişkənliyi başlıca olaraq çayın qidalanmasından və onun axdığı yerin şəraitindən asılıdır. Gursululuq dövründə yağıntı və ərinti suları çoxalır və suyun səviyyəsi artır. Bu zaman su çayın subasar hissəsinə çatır. Azsulu dövr yağıntıların ən az düşdüyü və ya heç düşmədiyi dövrə təsadüf edir. Bu zaman çayda su kəskin azalır, quraq ərazilərdən axan bəzi çaylar isə quruyur.

Çaylar Yer kürəsində su dövranının mühüm həlqəsidir. Şirin su ehtiyatlarının quruda paylanması və suyun dünya okeanına qaytarılması çaylar vasitəsilədir. Dünya çay yataqları suyunun həcmi təqribən 1200 km3 — dir; bu həcm il ərzində 33 dəfə (11 sutkadan bir) dəyişir və nəticədə il ərzində dünya okeanına 38,8 min km3 çay suyu tökülür.

Çayların qida mənbəyi, əsasən, yağış, qar və buzlaq, qismən yeraltı sulardır. Təbiətdə bir mənbədən qidalanan çay, demək olar ki, yoxdur; qidalanma bu və ya digər mənbənin üstünlüyü ilə qarışıq mənbədəndir. Məsələn, Kür çayı 52% qar suları, 30% yeraltı suları, 18% yağış suları ilə qidalanır. Əsasən, yağış suları ilə qidalanan ekvatorial qurşaq çayları il boyu ən gursulu çaylardır. Tropik qurşaq çayları da, əsasən, yağış suları ilə qidalanır. Burada sululuq mövsümü xarakter daşıyır; rütubətli dövrdə (6–9 ay) Çaylar gursulu, yay aylarında (3 ay) isə az sulu olurlar. Subtropik qurşağın Aralıq dənizi tip Çayları, əsasən, orta və az suludur; qış axımları üstünlük təşkil edir. Bu qurşağın ş. okeansahili sektorlarında və Cənub- Şərqi Asiyanın bunlara bitişik geniş ərazilərində çayların sululuğu musson yağışları ilə əlaqədardır; yayda nisbətən sulu, qışda az suludurlar. Şimal yarımkürəsinin mülayim qurşağ çayları üçün yaz yüksəksululuğu səciyyəvidir. Dağ çayları xüsusi su rejimi ilə fərqlənir. Onların qidalanması və sululuğu yüksəklik qurşaqları ilə əlaqədardır. Quru ərazisinin 1/4-indən axan çaylarda buz hadisəsi olur (Şimal yarımkürəsi). Şərqi Sibir çaylarında buz örtüyü (qalınlığı orta hesabla 1,5–2 m) 9–10 ay davam edir.

Çayın mənbəyi

[redaktə | mənbəni redaktə et]

Çayın başladığı yerə çayın mənbəyi deyilir. Çayın mənbəyi dağ buzlağı, göl, bataqlıq, bulaq ola bilər. Məsələn Anqara çayı Baykaldan, Amudərya buzlaqlardan, Dneprin sağ qolu olan Prepit çayı Pripet bataqlığından, Azərbaycan çaylarının bəziləri isə bulaqlardan başlayır.

Çayın mənsəbi

[redaktə | mənbəni redaktə et]

Çayın töküldüyü yerə isə çayın mənsəbi deyilir. Çayın mənsəbi [[göl], okean, dəniz,körfəz, boğaz (çay), digər çay ola bilər. Çayın əmələ gətirdiyi və onun axıma uyğun mənbəyindəm mənsəbinə doğru meyilli olan nisbətən ensiz, uzunsov çökəkliyə çayın dərəsi deyilir.

Çay mənsəbdə genişlənərək töküldüyü hövzəyə doğru "körfəz" yaradarsa, belə mənsəb estuari adlanır. Mənsəbi estuari olan çayların bəziləri: Ob, Yenisey, Parana, Amazon, Kolorido, Kolumbiya, Murrey, Reyn, Müqəddəs Lavrenti və s. Estuari dünya okeanına tökülən, yüksək axın sürətinə malik olan dağ çaylarında yaranır. Belə ki, çayın gətirdiyi bərk maddələr yüksək sürət hesabına aşağı axarda toplanmır, birbaşa töküldüyü hövzənin içərilərinə doğru aparılır (Konqo, Yenisey, Taxo, Kolorado və s.dağ çayları). Bir çox düzənlik çaylarındada estuari yaranır (Amazon, Müqəddəs Lavrenti, Ob və s.) Bunun səbəblərindən biri mənsəbdə baş verən yüksək okean qabarma və çəkilmələridir. Qabarma zamanı çayda su mənsəbdən geriyə doğru axır ki, buna qabarma boru deyilir. Estuarinin yaranmasının digər səbəbi mənsəbdən keçən okean cərəyanlarıdır. Cərəyanlar mənsəbdə toplanan çöküntüləri okeanın dərinliklərinə aparır.

Çay dərələri

[redaktə | mənbəni redaktə et]

Mənşəyinə görə çay dərələri əsasən eroziya mənşəli olur. Lakin bəzi çayların dərələri tektonik çökəklikdə yerləşir. Orta və aşağı axarlarda çayın dərəsi xeyli geniş olarsa, ona çay vadisi deyilir. Məsələn; Nilin, Kürün, Qanqın vadiləri kimi. Çay dərəsinin su ilə örtülü hissəsinə yataq deyilir. Çay mənsəbdə çoxlu qollara ayrılaraq delta əmələ gətirir. Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər.[1]

Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200–500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir. B. Ə. Budaqova görə akkumulyasiyanın güclü olduğu bəzi selli çayların yatağı bir neçə il ərzində 1–2 metr yüksəlmişdir.[1]

Qusar maili düzənliyinin çay dərələrinin bu hissəsi qutuvari quruluşa malikdir. Samur-Dəvəçi ovalığının bu hissəyə uyğun gələn çayları çox ensiz (25–50 m) və dayaz (5–6 m) olub, yarğanvari dərələrlə axır.[1]

Çayın deltası

[redaktə | mənbəni redaktə et]

Delta çayın aşağı axarında sürətinin azalması hesabına toplanan çöküntülər nəticəsində allüvial düzənliklərə çevrilir və tədricən böyüyür. Mənsəbində delta olan çayların bəziləri: Lena, Nil, Missisipi, Orinoko, Volqa, Kür, Niger, Dunay, Qızılirmaq, Hind, Qanq-Brahmaputra, İravadi, Xuanxe və s.

Məşhur çaylar

[redaktə | mənbəni redaktə et]

Çaylardakı eroziya formaları

[redaktə | mənbəni redaktə et]

Çaylarda eroziya 2 yerə bölünür:

  • Yan eroziya: Çay yatağında çayın surətli axını nəticəsində yan hissələrdə yaranan eroziyaya deyilir. Çaydaki eroziya üfüqi istiqamətdə getdikde yaranır.
  • Dib eroziya: Çay yatağının şaquli eroziyası nəticəsində yaranır. Bu tip eroziya nəticəsində kanyonlar əmələ gəlir. Ən dərin kanyon Amerikadakı Böyük Kanyondur (446 km).

Çay fatsiyaları

[redaktə | mənbəni redaktə et]

Çay fatsiyaları çay vadisinin inkişafı ilə əlaqədar olub çay məcrasında, sahil dayazlığında və çaybasara daşınan asılı hissəciklərin çökməsi nəticəsində yaranmış fatsiyalar qrupu. 3 iri fatsiya qrupu ayrılır: məcra, çaylaq və axmaz. Məcra fatsiyası qumlu-çaqıllı materialla təmsil olunmuşdur. Çaylaq fatsiyası çaylağı basan zəif axarlı daşqın sularından çökmüş narındənəli çöküntülərdən (narındənəli qumlar, qumcalar, gilcələr) ibarətdir. Axmaz fatsiyası əzilmə və sürüşmə teksturlu lilli qumlar, gilcələr və qumcalardan ibarətdir. Çay fatsiyaları proterozoy qrupu daxil olmaqla bütün stratiqrafik sistemlərdə bu və ya digər dəqiqliklə müəyyən edilmişdir.

Çay təbəqəcikliyi

[redaktə | mənbəni redaktə et]

Çay təbəqəcikliyində məcra və çaybasar çökünrüləri təbəqəciklikləri fərqləndirilir. Məcra çökünrülərinin teksturu üçün ölçüləri müxtəlif olan (10 sm-dən 1–2 m-dək, bəzən daha iri) çəptəbəqəli seriyalar sırasının bir-biri üzərinə ardıcıl yatımı səciyyəvidir. Seriyaların sərhədləri çox vaxt yerini dəyişmiş, lakin paralel də ola bilərlər. Qonşu seriyalardakı təbəqəciklər biristiqamətli olur (onların azimutu 90° artıq olmayan hədlərdə dəyişir). Təbəqəcik daxilində dənələrin düz ritmik çeşidlənməsi müşahidə edilir. Təbəqəciklərin yatım bucağı 20°-ən 30–35°-dək dəyişir. Məcra çökünrülərində seriyaların qalınlığı (eləcə də dənələrin ölçüsü) adətən aşağıdan yuxarıya doğru azalır. Çaybasar çöküntülərin təbəqəcikliyi kiçik çəp dalğalı, dalğalı və üfüqi təbəqəciklərin növbələşmənin mürəkkəb kompleksindən ibarətdir. Təbəqəcilik fasiləli, qeyri-ardıcıl olur, çox vaxt bitki detritinin olması ilə səciyyələnir.