Ənvər Sadıqov — Vikipediya

Ənvər Sadıqov
Ənvər Hidayət oğlu Sadıqov
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Ümumi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1986–h.h.
Musiqi aləti qarmon
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənvər Hidayət oğlu Sadıqov (30 aprel 1966, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqiçisi, qarmon ifaçısı. Azərbaycan Respublikasının xalq artisti (2014), "Qaytağı" instrumental ansamblının bədii rəhbəri. Ustad musiqiçi Ənvər Sadıqov bir çox fərqli musiqi janrlarında ifa edir; xalq musiqisi, muğam, klassik musiqi və caz ənənələrini məharətlə ifa edərək bu janrlar arasında gözəl körpü və sintez yaradır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanın görkəmli musiqiçisi, aranjimançı, virtuoz qarmon və akkordeon ifaçısı Ənvər Sadıqov 30 aprel 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ənvər erkən yaşlarından musiqiyə böyük həvəs göstərir, evdə fortepiano və qarmon çalmağa başlayır. 1978-ci ildə O "Bakı Fəhləsi" mədəniyyət evində "Azərbaycan qarmonu" sinfinə daxil olur, orada müəllimi Tağı Tağıyevdən qarmonun sirrlərini mənimsəyir, Azərbaycan xalq musiqisini, muğamlarını, rəqs və bəstəkar əsərlərini öyrənərək dərs alır. 1979-cu ildən başlayaraq, artıq bir çox özfəaliyyət musiqi kollektivlərində qarmon ifaçısı kimi fəaliyyət göstərir, solist, konsertmeystr kimi Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edir.

Ənvər Sadıqov 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirdikdən sonra Hacı Zeynalabdin Tağıyev adına klubda "Azərbaycan qarmonu" dərnəyinin rəhbəri kimi fəaliyyətə başlayır. 1984-86 cı illəri hərbi xidmətdə keçirir. Qayıtdıqdan sonra yenə də həmin klubda müəllim kimi çalışır və musiqiyə 2 il fasilə verdiyinə baxmayaraq yenə də musiqiçi və aranjimançı kimi öz fəaliyyətini davam etdirir.

Ənvər professional səhnədəki fəaliyyətini 1990-cı ildən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında başlamışdır. 1994-cü ildən 2006-cı ilə qədər xalq artisti Brilliant Dadaşovanın ansamlında musiqiçi və aranjimançı kimi fəaliyyət göstərir. 2000-ci ildən özünün rəhbərlik etdiyi "Qaytağı" instumental ansamblını yaradır. Solisti əməkdar artist Abbas Bağırov olan bu ansambl 2012-ci ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun nəzdində bugünədək fəaliyyət göstərir. Bütün bu illər ərzində Ənvər Sadıqov bir sıra ölkələrdə Norveç, Böyük Britaniya, Rusiya, ABŞ, İsrail, Kipr, Fransa, Avstriya, İtaliya, Almaniya, Belçika, Türkiyə, Ukrayna, Mərakeş, Gürcüstan və Çinin müxtəlif konsert salonlarında musiqi proqramları ilə çıxış etmiş, dəfələrlə Heydər Əliyev Fondunun, UNESCO-nun və İSESKO-nun təşkilatçılığı ilə musiqi tədbirlərində və konsertlərində Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

Xarici səfərlərdən Norveçin Skruk xoru ilə Azərbaycanın bir çox musiqi xadimlərimlərinin 1996-97 ildə birgə baş tutan "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsi, 1998-ci ildə Moskvanın "Rossiya" konsert zalında, 1999-cu ildə Vaşinqtonda, 2000-ci ildə Nyu York şəhərində konsertlər, 2005-ci ildə Parisdə UNESCO-nun iqamətgahında Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş konsert, 2006-cı ildə Parisdə UNESCO-nun iqamətgahında "Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı ilə təşkil olunmuş konsert, 2008-ci ildə UNESCO-nun baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş konsert, 2011-ci ilin aprelində UNESCO-nun baş qərargahında “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı, 2011-ci ildə Vyanada Nar bayramı, 2011-ci il boyu Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş silsilə səfər konsertləri (Fransa, İtaliya, Almaniya, Türkiyə və s.), 2013-cü il Vyanada Azərbaycan Mədəniyyət mərkəzinin açılışı, 2014-cü ildə Parisdə Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunmuş "Azərbaycan şəhərciyi"ndə solo konsert proqramı, 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının keçirilməsi ilə əlaqədar xarici ölkələrdə silsilə təbliğat konsertləri (Yunanıstan, Almaniya, İtaliya, Türkiyə, Fransa və s.), 2015-ci ildə Fransanın Kann şəhərində Caz konsert, 2017-ci ildə Yunanıstanın paytaxtı Afinada "Athens Technopolis Jazz Festival", 2018-ci ildə İstanbulda "Grand Pera Emek Sahnesi"ndə Solo konserti, 2018-ci ildə Latviyanın paytaxtı Riqada konsert, 2018-ci ildə Çində Pekinin ən böyük konsert sarayı olan “İfaçılıq Sənəti Milli Mərkəzində” Azərbaycan-Çin dostluğu konserti və bir sıra proyekt, tədbir, konsertləri göstərmək olar.

Ənvər Sadıqov 2001-cı ildə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının "Zirvə Mükafatı"na, 2006-cı ildə "Bakılı" Beynəxalq Mədəniyyət Cəmiyyətinin "HUMAY" mükafatına layiq görülmüşdür. 1999-cu ildən etibarən onun "Take Five", "2000-2010 seçmələri'", "2010-2015 seçmələri" və Təəssürat konserti kimi bir neçə albomları[2][3], 1997, 2003, 2004, 2005 və 2008-ci illərdə Take Five, Tanqo, Güllərim, LibertanqoVals kimi klipləri işıq üzü görüb. Bütün yaradıcılıq illəri ərzində Ənvər Azərbaycan qarmonunda özünəməxsus ifa tərzini, musiqidə özünün yeni dəsti-xəttini yaratmışdır.

Təhsilinin davamı olaraq Ənvər Sadıqov 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinə daxil olur, oranı bitirdikdən sonra 2015-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri fakültəsində təhsilini davam etdirir və magistr dərəcəsini alır. 2017-ci ildən konservatoriyada müəllim vəzifəsində çalışır, 2019-cu ildən konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir.

2001-ci ildən başlayaraq Ənvər, hələ lap gənc yaşlarından arzusunda olduğu yeni azərbaycan qarmonunun üzərində eksperimentlər apararaq çalışır və nəhayət 2007-ci ildə "ReneveR" adlı üç oktavalı və yeni registrli qarmonun yaranmasına nail olur. Alət 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiqlənmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilmişdir. Bu yeni qarmon səs diapazonunun geniş olduğundan əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaratmış və gənc ifaçilar arasında geniş yayılmaqdadır.

2016-cı ildə Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutan "Təəssürat" adlı iki günlük solo konserti Ənvər Sadıqovun ən gözəl çixişlarındandır.[4][5] Eyni adlı proqramla 2017-ci ildə Qəbələ şəhərində H.Əliyev Konqres mərkəzində konsert vermişdir.[6] 2017-ci ildə Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubiley konserti, 2018-ci ildə X Qəbələ Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etmişdir.

Ənvər Sadıqov rəhbərlik etdiyi "Qaytağı" ansamblı ilə bərabər Azərbaycanın hüdudlarından kənarda olduğu kimi ölkəmizdə də mütəmadi olaraq mədəni tədbirlərdə, yaradıcılıq gecələrində, konsert proqramlarında çıxış edir,(Azərbaycan Dövlət Televiziya və Radiosunun yubiley konsertləri, Görkəmli bəstəkarlar; Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Mobil Babayevin yubileylərinə həsr olunmuş konsertlər və s.).

Ənvər Sadıqovun yaradıcılığı və fəaliyyəti Dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ənvər ailəlidir, bir qız bir oğlan övladı var. Tamilla Sadıqbəyli və Hidayət Sadıqbəyli.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının əməkdar artisti — 17.09.2007
  • Azərbaycan Respublikasının xalq artisti — 18.12.2014 [7]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Musiqilər[redaktə | mənbəni redaktə et]

  • Balamın bala balası (2006)
  • Vur (2020)

Albomlar[redaktə | mənbəni redaktə et]

Kliplər[redaktə | mənbəni redaktə et]

  • Take Five (1997)
  • Tanqo (2003)
  • Güllərim (2004)
  • Libertanqo (2005)
  • Vals (2008)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Məhəllə 2 Moskvada (film, 2004)
  2. Məşədi İbad-94 (film, 2005)
  3. Toya bir gün qalmış (tamaşa)
  4. Yoxlama (film, 2006)
  5. Bakı bağları. Buzovna (film, 2007)
  6. Halal pullar (film, 2008)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019  (az.)
  2. Ənvər Sadıxov: “Məni başa düşmək üçün gərək insanda qulaq olsun”
  3. Сегодня день рождения Энвера Садыгова Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine (rus.)
  4. Beynəlxalq Muğam Mərkəzində “Təəssürat” adlı konsert Arxivləşdirilib 2021-03-06 at the Wayback Machine (az.)
  5. Novatorluq sənətkarı yaşadır, sənəti isə zənginləşdirir Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine (az.)
  6. Sadıqov Qəbələdə konsert verəcək[ölü keçid] (az.)
  7. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 18 dekabr 2014, 19:00. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.