Qodonu gözləyərkən — Vikipediya

Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.

Məzmun[redaktə | mənbəni redaktə et]

Birinci pərdə[redaktə | mənbəni redaktə et]

Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır.[1] Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər. Lakin məlum olur ki, onlar Qodonun kim olduğundan, doğru yerdə olub-olmadıqlarından əmin deyillər. Onlar heç Qododan nə istədiklərini belə bilmirlər. Estraqon gözləməkdən sıxılır və özlərini ağacdan asaraq vaxt keçirməyi təklif edir. Bu fikir hər ikisinin xoşuna gəlir, lakin kimin birinci özünü asmasına qərar verə bilmirlər. Qorxurlar ki, biri ölər, digəri tək qalar. Ona görə də, Qodonu gözləməyin daha təhlükəsiz olduğu nəticəsinə gəlirlər. Estraqon acdığını söyləyir, Vladimir ona yeməsi üçün kök verir.[2]

Pozzo və Lukkinin gəlməsi ətrafda hökm sürən sükutu pozur. Lukkinin boynuna kəndir bağlanıb, əlində kətil, səbət, çanta və şinel daşıyır. Pozzonun əlində onu idarə etmək üçün qamçı var. Lukki səsini çıxarmadan Pozzonun əmrlərini yerini yetirir. Lukki kətili yerə qoyur və içində toyuq əti olan səbəti açır. Pozzo şərab içir, toyuğun ətini yeyib sümüklərini kənara atır. Lukki hər tapşırığı tamamladıqdan sonra belini bükərək çantanı tutmağa davam edir. O, Estraqonla Vladimirin marağına səbəb olur. Onlar onun çantanı niyə əlindən yerə qoymadığını soruşurlar. Pozzo cavab vermir. Vladimir Pozzonun kənara atdığı sümükləri götürə bilib-bilməcəyini soruşur. Pozzo sümüklərin artıq Lukkiyə aid olduğunu deyir. Lukki dinməz-söyləməz dayanır, ona görə də, Estraqon sümüklərə sahib çıxır. Sonda Pozzo Lukkinin çantanı əlindən qoymama səbəbini açıqlayır: çünki o, başqa kiməsə verilməkdən, tərk edilməkdən qorxur. Onların gəlişindən bəri sakit duran Vladimir Pozzonu tənqid edir. Pozzonun onun sözlərinə əhəmiyyət verməyərək Lukkinin onun üçün yük olduğunu, onu satmağı düşündüyünü deyir. Bu zaman Lukki ağlamağa başlayır. Lukkiyə yazığı gələn Estraqon onun göz yaşlarını silmək istəyir. Lakin ona yaxınlaşan zaman Lukki Estraqona təpik vurur. Pozzo Lukki ilə təxmin 60 ildir biryerdə olduqlarını söyləyir. Estraqon belə vəfalı nökərə bu cür davranılmasından dəhşətə gəlir. Pozzo əylənmək Lukkinin "oynaması"nı və "düşünməsi"ni təklif edir. Yöndəmsiz şəkildə rəqs edən Lukki teologiya haqqında danışmağa başlayır, lakin tezliklə bir-biri ilə əlaqəsi olmayan şeylər haqda uzun bir monoloq söyləyir. Bu, onun danışdığı ilk və son səhnə olur. Onun səs tonu getdikcə yüksəlir, danışıq sürəti də artır. Bu işgəncəyə son vermək üçün Vladimir onun şlyapasını götürür və cümləsini ağzında qoyur. Lukki çantaları yığır, Pozzo ilə birgə tələsik şəkildə çıxıb gedirlər. Vladimir və Estraqon yenidən təkbaşına qalır. Qodunun elçisi olduğunu deyən bir oğlan gələrək Qodonun bu gün axşam olmasa da, sabah mütləq gələcəyini bildirir. Vladimirlə Estraqon oğlan çıxıb getdikdən sonra bir müddət mübahisə edir, sonda qalacaq yer tapmağa qərar verirlər. Buna baxmayaraq, hərəkət etmədən yerlərində dayanırlar.

İkinci pərdə[redaktə | mənbəni redaktə et]

Məkan, zaman yenə eynidir. Gündüzdür. Estraqonun çəkmələri və Vladimirin şlyapası hələ də səhnədədir. Vladimir mahnı oxuyaraq səhnəyə daxil olur. Bunu görən Estraqon Vladimirin onsuz necə xoşbəxt olduğundan məyus olur. İkisi də bir-birindən ayrı olanda daha yaxşı hiss elədiyini qəbul edir. Lakin özlərini inandırırlar ki, birlikdə xoşbəxtdirlər. Hələ də Qodonu gözləyir, bir-birinə suallar verməyi qərara alırlar. Estraqon bir gün əvvəl baş verən hər şeyi unudub. Pozzo, Lukki, özünü asmaq istəməsi haqda heç nə xatırlamır. O, hətta çəkmələrinin belə başqa birinin olduğunu düşünür. Amma ayağına geyinib yoxlayanda onların düz əyninə olduğunu görür. Ötən gecədən bu yana ağacların yarpaqlarının peydə olduğunu görən Estraqon yazın gəldiyini düşünür. Lakin Vladimir Estraqonun ayağına baxdıqda Pozzonun təpiklədiyi yerin hələ də şişkin olduğunu və qanadığını görür. Tezliklə onlar bu söhbətə son qoyur və müzakirə etməyə yeni mövzu tapmağa çalışırlar. Vladimir Pozzonun şlyapasını tapır və başına taxıb yoxlayır. Şlyapaları təkrar-təkrar dəyişib geyinərək bir müddət belə vaxt keçirirlər. Bu, Vladimirin öz şlyapasını yerə atması ilə sona çatır. Sonra Pozzo və Lukkini yamsılamaq qərarına gəlirlər, lakin bunun da bir faydası olmur. Kiminsə gəldiyini hiss edirlər. Vladimir düşünür ki, gələn Qododur və onları xilas etməyə gəlir. Daha sonra o qorxuya düşür və Estraqonu gizlətməyə çalışır. Amma ağac onu gizlətmək üçün çox kiçik idi. Danışıq əsnasında bir-birini təhqir etməyə başlasalar da, sonda qucaqlaşıb gözləməyə davam edirlər. Pozzo ilə Lukki yenidən səhnəyə daxil olur. Lukki yenə lal-dinməzdir. Pozzo isə kordur. Lukkinin boynuna bağlanan kəndir daha qısadır. Bu dəfə Lukki idarə olunandan daha çox yol göstərən tərəfdir. Lukki Vladimirlə Estraqonu görüb dayanır, belə olan halda Pozzo ona çırpılır və ikisə də yerə yıxılır. Estraqon dünən onu təpiklədiyinə görə Lukkidən intiqam almaq istəyir. Ona görə də, onların üzərinə atılır. Vladimir əvvəlcə Estraqonu ayağa qaldırmır, daha sonra özü də onların üzərinə yuvarlanır. Çoxsaylı cəhdlərdən sonra yıxılıb-duraraq nəhayət ki ayağa qalxa bilirlər. Pozzo kor olduğunu, zaman anlayışını itirdiyini, bu gün olan şeyi sabah xatırlamadığını deyir. Pozzo və Lukki səhnəni tərk edir, Estraqon yuxuya gedir.

Dünənki oğlan yenə gəlir və onları tanımadığını, ilk dəfə gördüyünü deyir. Vladimir daim eyni hadisələrin təkrarladığının fərqinə varır. Hətta o, oğlanın deyəcəklərini də əvvəlcədən təxmin edir: Qodonun bu gün olmasa da, sabah mütləq gələcək. Vladimir oğlanın onları tanımadığını iddia etməsinə əsəbləşərək oğlanı qovalayıb arxasınca qaçır. Estraqon oyanır, yenə çəkmələrini çıxarıb kənara atır. Onlar Estraqonun kəmərindən istifadə edərək yenə özlərini asmağı düşünürlər. Kəmərin möhkəmliyini yoxlayan zaman o qırılır və Estraqonun şalvarı əynindən düşür. Əgər Qodo sabah da gəlməsə, işlərinə yarayan bir kəndir gətirib intihar edərək bu məsələni həll edəcəklərini deyirlər. Çıxıb getməyi qərara alsalar da, yerlərindən tərpənmirlər.[2]

Obrazlar[redaktə | mənbəni redaktə et]

Estraqon və Vladimir — əsərin əsas iki qəhrəmanıdır. Bekket əsəri yazmağa başlayarkən ağlında Vladimirlə Estraqonun vizual imici yox idi.[2] Əsərdə heç birinin fiziki təsviri yoxdur, lakin əsərin mətnindən Vladimirin daha kök olduğu aydın görünür. Əsər boyunca Vladimir əsasən ayaq üstə durur, Estraqon isə oturur, bəzənsə yuxulayır. "Estraqon hərəkətsizdir, Vladimir isə yerində dayanmır."[3] Estraqon intuitivdir. Ağlını qurcalayan əsas şey fiziki ağrılarını azaltmaq üçün ərzaq tapmaqdır. Olanları daim unudur, yaddaş problemi var. Al Alvarez yazır: "Bəlkə də Estraqonun unutqanlığı onların münasibətini bir arada saxlayan bağdır. Estraqon daim unudur, Vladimir də daim yada salır. Bu ikisi arasında vaxt keçirirlər."[4] Vladimirin həyatı da əziyyətsiz keçmir, amma o, daha dayanıqlıdır. "Vladimirin əsas dərdi zehni iztirabdır. Öz şlyapasını könüllü şəkildə Lukkininki ilə dəyişməsi başqa insanın zəkasına olan marağınıı simvolizə edir."[5] Vladimir düşünmə prosesini və ya ruhi vəziyyəti, Estraqon isə fiziki şeyləri və ya bədəni təmsil edir.[6]

Pozzo — Lukkinin ağasıdır. Onu satmaq istəyir. Əsərin birinci pərdəsində Vladimir və Estraqona yoldaş olur. İkinci pərdədə isə kordur, köməyə ehtiyacı var. Estraqon kimi tanış olduğu insanları xatırlamır.

Lukki — Pozzonun quludur. Boğazı kəndirlə bağlıdır, Pozzo tərəfindən idarə olunur və onun çantalarını daşıyır. Bütün əsər boyu ancaq iki dəfə danışmağına icəzə verilir.

Oğlan — Qodonun nökəridir. Hər iki pərdədə bənzər rol oynayır: Qodonun bu gün gəlməyəciyini, ancaq sabah mütləq gələciyini deyir. Oğlanın bir qardaşı olduğu da bildirilir, amma obraz kimi əsərdə iştirak etmir.

Qodo — bu obraz bir çox müzakirələrə səbəb olmuşdur. Bekket müsahibəsində Tanrı ilə bağlı nəzəriyyələrin yayılmasına səbəb olduğuna görə olmayan bir obraza "Qodo" adı verməsinə peşman olduğunu bildirmişdir.[7] "Mən Ralf Riçardsona da dedim ki, əgər Qodo deməklə Tanrını nəzərdə tutsaydım, Tanrı deyərdim, Qodo yox. Görünən o idi ki, bu, onu yaman məyus etdi."[8]

Məkan[redaktə | mənbəni redaktə et]

Hər iki pərdə boyu sadəcə bir məkan gözə dəyir. İki adam yolda bir ağacın yanında gözləyirlər. Onların mənşəyi xüsusi olaraq qeyd olunmasa da, pula "frank" demələri, ingilis dili haqda istehzalı zarafatlar etmələri, ingilis istehsalı olan tamaşalarda obrazların irland aksenti ilə danışması onların milliyətcə ingilis olmağını göstərir. Məkanla bağlı bəzi məlumatlar dialoqda nəzərə çarpır. Birinci pərdədə Vladimir oranın bataqlıq olduğunu, ikinci pərdədə orda bircə ruhun belə olmadığını bildirir. İkinci pərdədə Estraqon səhnənin arxasına doğru qaçır, Vladimir isə onu danlayaraq burdan çıxış olmadığını söyləyir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Semyuel Bekket, Qodonu gözləyərkən
  2. 2,0 2,1 2,2 "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  3. Letter to Alan Schneider, 27 December 1955 in Harmon, M., (Ed.) No Author Better Served: The Correspondence of Samuel Beckett and Alan Schneider (Cambridge: Harvard University Press, 1998), p. 6
  4. Alvarez, A. Bekket 2-ci nəşr (London: Fontana Nəşriyyatı, 1992)
  5. Gurnov, Heç bir simvol nəzərdə tutulmadan: Semyuel Bekketin "Qodonu gözləyərkən"ində simvolizm və ironiya
  6. Bennett, Michael Y. (2015). The Cambridge Introduction to Theatre and Literature of the Absurd. Cambridge, UK: Cambridge University Press. p. 51. ISBN 9781107053922.
  7. Interview with Peter Woodthorpe, 18 February 1994. Referenced in Knowlson, J., Damned to Fame: The Life of Samuel Beckett (London: Bloomsbury, 1996), p. 785 n. 166
  8. SB to Barney Rosset, 18 October 1954 (Syracuse). Quoted in Knowlson, J., Damned to Fame: The Life of Samuel Beckett (London: Bloomsbury, 1996), p. 412