"Kitabi Dədə Qorqud" Kollokviumu — Vikipediya

Soldan sağa; Bəhaəddin Ögəl, Anar, Ziya Bünyadov, Məmməd Cəfər Cəfərov, Orxan Şaiq Gökyay, Bəkir Nəbiyev, Tofiq Məlikli

"Kitabi Dədə Qorqud" Kollokviumu [a] — 1–3 iyul 1988-ci il tarixində SSRİTürkiyənin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş elmi tədbir. Kollokviumun təkilat komitəsinin rəhbərləri SSRİ Türkoloqlar Komitəsinin sədr müavini professor Tofiq Məlikliİstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Osman Fikri Sərtqaya olmuşdur.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Kollokviumu Azərbaycan Elmlər Akademyasının elmi katibi, akademik Bəkir Nəbiyev açmışdır. Üç gün davam edən kollokviumda professor Xalıq Koroğlu "Təpəgöz və polifem", professor Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri haqqında", professor Süleyman Əliyarlı "Kitabı Dədə Qoqud:tarixi-filoloji araşdırma təcrübəsi", professor Şamil Cəmşidov "Dədə Qorqud Kitabı haqqında", professor Tofiq Məlikli "Kitabı Dədə Qoqudda şeir mətinlərinin strukturu", professor Kamil Vəli Nərimanoğlu "Kitabı Dədə Qoqud şeirləri haqqında bir necə söz", professor Orxan Şaiq Gökyay "Dədə Qorqud Kitabı üzərinə", professor Bəhaəddin Ögəl "Dədə Qorqud Kitabının əski və yazılı qaynaqları haqqında", professor Əhməd Bican Ərcilasun ""Dədə Qorqud Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr", professor Tuncər Gülənsoy "Dədə Qorqud Hekayələrinin Anadolu və Rumelində izləri", professor Osman Fikri Sərtqaya "Dədə Qorqud Kitabındaki bəzi şeir parçalarının heca vəzni və məzumə türü açısından yenidən oxunması", professor Fikrət Türkmən "Dədə Qorqud hekayələrinin Anadolu və Rumelində yaşayan qolları", professor Saim Sakaoğlu "Bamsı Beyrək hekayəsindəki qiyafət dəyişdirmə motivi ilə digər motivlərin Anadolu nağıllarında görülməsi" mövzusunda çıxış etmiş və bu çıxışlar ətrafında olduqca geniş, maraqlı müzakirələr aparılmışdır.[2]

Altı il sonra, 1994-cü ildə bu məruzələr "Türk Dili Araşdırmaları Yıllığı"nın özəl sayınıda çap olunmuşdur. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultaydan sonra ilk dəfə idi ki, Türkiyədən bir heyət Bakiya gəlir və orada Azərbaycan türkləri ilə birlikdə elmi konfrans keçirirdilər. Bu Türkiyə alimlərinin Bakıya, Azərbaycana ilk gəlişləriydi. Bakı səfəri onlar üçün " xəyal deyil, xəyal ötəsi" bir şeydi.

"Kitabi Dədə Qorqud" kollokviumu Türkiyədə, özəlliklə də Azərbaycanda qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan vermişdir. 1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın, onlarla maraqlı kitabın, yüzlərlə məqalənin nəşr olunması, dastanın 1300 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi, "Dədə Qorqud" elmi jurnalının nəşri bunun sübutudur.

"Kitabi Dədə Qorqud" Kollokviumunun 10 illiyi 1998-ci ildə Türkiyənin Konya şəhərində, 20 illiyi isə 2009-cu ildə Bakıda Slavyan Universitetinin təşəbbüsü ilə geniş şəkildə qeyd olunmuşdur.[3]

Rekasiyalar[redaktə | mənbəni redaktə et]

Kollekvium İrəvanın və oradakı alimlərin narazılığına səbəb olmuş və onların etirazları ilə nətiəclənmişdir. Ancaq Çelışev, Əthəm Tenişev və özəlliklə kollokviumun iştirakçısı olan Xalıq Koroğlu, Bakı toplantısı və sovet heyətinin işinə tam dəstək verərək, onu siyasi konyuktura aləti etməməyə çağırdılar. Müzakirədən sonra qəbul edilən Bölmənin qərarında kollokviumun və sovet heyətinin fəaliyyəti yüksək qiymətləndirilir və kollokviumların davam edilməsi istənilirdi.

Sovet Tükoloqlar Komitəsinin sədri, SSRİ EA müxbir üzvü Ədhəm Tenişev 1988-ci ilin oktyabın 10-da Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ EA müxbir üzvü M. S. Kapitsaya ünvanladığı məktubunda yazırdi:

" Hörmətli Mixail Stepanoviç!

SSRİ ilə Türkiyə Respublikası arasında imzalanmış protokola dayanaraq SSRİ EA Ədəbiyyat və Dil Bölməsi Azərbaycan Elmlər Akademiyasıyla birlikdə 1988-ci ilin 1-8 iyul tarixlərində Bakıda türk filologiyası problemlərinə həsr olunmuş Birinci Sovet-Türk kollokviyumu keçirmişdir. Bakı toplantısı “Oğuz dastanı “Kitabi Dədə Qorqud” türk mədəniyyət abidəsi kimi”mövzusuna həsr olunmuşdur.

Sovet-Türkiyə elmi əlaqələri tarixində belə bir forum ilk dəfə keçirilirdi. İki ölkənin alimləri bir yerdə toplanaraq unikal türk abidəsinin öyrənilməsi, incələnmsiylə bağlı problemləri müzakirə etmiş, çağdaş türkologiyanın məsələləri haqqında fikir mübadiləsi aparmış, görüləcək konkret işlərin planlarnı görüşmüşlər. Türk və sovet alimlərinin ortaq fikrlərinə görə Bakıda keçirilən elmi tədbir türkologiya elmində olduqca böyük hadisəyə çevrilmiş və iki ölkə arasında elmi əlaqələrin yaranmasında yeni bir səhifə açmışdır. Sovet və türk mətbuatında çıxan saysız məqalələr bunun bir sübutudur. Maraqlıdır ki, sovet-türk kollokviumundan sonra İngiltərə, Almaniya və ABŞ-nin elmi təşkilatları türk tərəfinə belə kollokviumların keçirilməsini təklif etmişlər.

İki tərəfli belə elmi forumların keçirilməsi ideyası Sovet Türkoloqlar Komitəsinə və şəxsən Komitənin sədr muavini, Sizin institutun baş elmi işçısı Tofiq Məlikova aiddir. O, birinci Sovet-Türk kollokviumunun təşkil olunmasında və keçirilməsində böyük rol oynamışdır. Eyni zamanda ona sovet heyətinə rəhbərlik etmək də tapşırılmışdır.

Sovet Türkoloqlar Komitəsində xarici elmi əlaqələrdən məsul olan T.Məlikov, eyni zamanda sovet heyətinin İstanbulda keçirilən VI Beynəlxalq türkoloji konqresində (19-25 sentyabr 1988) və Ankarada Türk Dil Qurumunun Beynəlxalq qurultayında (26 sentyabr-3 oktyabr 1988) uğurla iştirak etməsində önəmli rol oynamışdır. O həmçinin VI Konqresin bir seksiyasına başçılıq etmiş, hər iki toplantıdakı elmi-nəzəri çıxışları böyük marağa səbəb olmuş və onların ətrafında ciddi diskussiyalar aparılmışdır.

Sovet-Türk kollokviumunun hazırlanması və keçirilməsindəki məhsuldar işinə, beynəlxalq konqreslərdəki aktiv fəalliyyətinə görə Sovet Türkoloqlar Komitəsi Tofiq Məlikliyə təşəkkür elan etmiş və SSRİ EA Şərqşünaslıq İnstitutunun da onun fəaliyyətini eyni şəkildə yüksək dəyərləndirəcəyinə inanır .

"

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Kollokvium – elmin müxtəlif problemlərinə həsr olunmuş müzakirə və dinləmələrin olduğu yığıncaqdır. Burada konkret bir məruzənin və ya tədqiqatın dinlənilməsi və müzakirəsi gerçəkləşidirlir. Orta əsrlərin sxolastik təcrübəsindən qaynaqlanır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S.MÜRVƏTQIZI. ""Dədə Qorqud"la bağlı "Türk-sovet kollokviumu"nun 20 illiyi qeyd olunub". Şərq qəzeti. 2019-09-13 tarixində arxivləşdirilib.
  2. Tofiq Məlikli. Suyu axtaran adam. Bakı: Təknur. 2019.
  3. ""Sovet-Türk kollokviumu"nun 30 illiyinə və "Kitabi-Dədə Qorqud" dastanının yeni tapılmış 13-cü boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa" (PDF). www.turkologiya.org. 2020-07-18 tarixində arxivləşdirilib (PDF).