Aşıqlar (qrup) — Vikipediya

Aşıqlar
Əsas məlumatlar
Üslub estrada
Fəaliyyət illəri 1973–1989, 1997–2004
Ölkə Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Şəhər Bakı

"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılmış qrup.

Qrupun tarixi[redaktə | mənbəni redaktə et]

Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır.

Qrup Azərbaycan xalq mahnılarını yeni aranjeminda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər. Mən həmçinin Azərbaycan xalq mahnılarını elə aranjiman edirdim ki, xalq mahnısı öz stilini dəyişirdi, lakin şirinliyini itirmirdi. İlk vaxtlarda mahnılarımızı solo musiqi və caz-rok stilində yazmağa başladıq".

"Aşıqlar" 1973-cü ildə Bayılda yerləşən Vladimir İliç Ulyanov adına Mədəniyyət Evində keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülür. Bu, "Aşıqlar" qrupu adı altında iştirak etdikləri ilk festival olur. Həmin festivalda xalq artisti, bəstəkar Arif Məlikov səhnəyə çıxıb deyir ki, hələ heç peşəkar qruplar bu səviyyədə çala bilmirlər. Bu sözlər "Aşıqlar" üçün çox əhəmiyyətli idi.

Özfəaliyyətdən peşəkar səhnələrə[redaktə | mənbəni redaktə et]

1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək azərbaycanlı musiqiçilərdən ibarət qrup yaratmaq qərarına gəlir. Bunun üçün o, Elxan Şıxəliyevlə danışıb razılığa gəlir. Yeni yaranan qrup isə "Aşıqlar" dövlət vokal instrumental ansamblı adlanır. İki ay müddətində həm Polad Bülbüloğlunun konsert proqramını, həm də öz proqramlarını hazırlayan "Aşıqlar" respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir. Ansambl Polad Bülbüloğlunun başçılığı ilə 1982-ci ilin fevral ayında Arxangelskə gedir. 1983-cü ildə Mərkəzi Komsomol Komitəsi onları Əfqanıstana Kabula göndərmək qərarına gəlir və ansambl Nisə Qasımova ilə birlikdə oraya yollanır. Cəbhə xəttinin qaynar nöqtələrində uğurlu konsert proqramları ilə çıxış edən ansambl oradan Qunduz əyalətinə, sonra Puli Xumri yə gedir.

Elxan Şıxəliyev Əfqanıstan səfərini belə xatırlayır: "Biz o vaxt müharibənin içində əsgərlər üçün gündə 3 dəfə konsert verirdik. Qunduzda olarkən biz hətta reanimasiyada konsert vermişdik. Orada minaya düşən üç əsgər yatırdı. Onlardan biri azərbaycanlı, ikisi isə rus idi. Biz onları sevindirmək üçün yarım saatlıq konsert verdik. Onlar sadəcə qulaq asırdılar. Puli Xumri də təxminən üç və ya dörd gün konsert verdik. Orada olarkən bir polkovnik bizə yaxınlaşıb xahiş etdi ki, öz ölkələrinə yola düşən əsgərlər üçün səhər saat 7-də konsert verək. Polkovnik bildirdi ki, onlardan kimin ölkələrinə sağ-salamat çatacağı bilinmir. Sərhədə çatana qədər onlar hücumlara məruz qalırdılar. Biz razılaşdıq və Nisə Qasımova ilə birlikdə saat 7-də bir saatlıq konsert verdik. Saat 8-də maşınlar yola çıxdı və marş sədaları altında yola düşdülər".

Əfqanıstan səfərindən sonra uğurları daha da artan və xarici ölkələrə yolu açılan "Aşıqlar" fəaliyyət illərində həm Azərbaycanda, həm də bir neçə xarici dövlətdə uğurlu çıxışlar edib. Sonuncu qastrol səfərləri isə 1988-ci ildə Monqolustana olub.

Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra "Aşıqlar" 1989-cu ildə fəaliyyətini dayandırır. Amma Elxan Şıxəliyev 1997-ci ildə "Aşıqlar" qrupunu yenidən bərpa etmək qərarına gəlir. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.[1]

Heyət[redaktə | mənbəni redaktə et]

  • Elxan Şıxəliyev (bədii rəhbər, bəstəkar, saksofon, vokal) (1973–1989, 1997–2002)
  • Polad Bülbüloğlu (vokal) (1981–1989)
  • Rauf Bünyətov (zərb alətləri)
  • Hüseyn Hüseynov (saksofon)
  • Eldar Şıxəliyev (gitara)
  • Muxtar Yəhyayev (piano)
  • Zaur (truba)
  • Yura Zaqarulka (trombon)
  • Albert (klaviş)

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • "Aya baxıram aya"
  • "Ay bəri bax"
  • "Qönçə"
  • "Buta"
  • "Sevə-sevə"
  • "Sənin bir təbəssümün"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İtkin düşən musiqi əfsanələrimiz". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.